Süd vəzi xərçəngi son illərdə qadınlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biri olaraq qalır. Xəstəliyin erkən mərhələdə aşkarlanması isə müalicənin effektivliyi və sağalma ehtimalının yüksək olması baxımından mühüm əhəmiyyət daşıyır. Bəs süd vəzi xərçənginin ilkin əlamətləri hansılardır, xəstəliyin yaranma riskini artıran amillər nələrdir və erkən diaqnoz üçün qadınlar hansı məqamlara diqqət yetirməlidirlər?
Aztibb.az xəbər verir ki, bu suala Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Kəpəz Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevti Tükəzban Məmmədova aydınlıq gətirib.
İlkin əlamətlərə diqqət yetirmək vacibdir
Tükəzban Məmmədovanın sözlərinə görə, süd vəzi xərçəngi müxtəlif əlamətlərlə özünü göstərə bilər və qadınların süd vəzilərində baş verən hər hansı dəyişikliyə diqqətli yanaşması vacibdir. O qeyd edib ki, xəstəlik erkən mərhələdə aşkarlandıqda müalicənin nəticələri daha uğurlu olur.
“Bu xəstəlik dünyada qadınlar arasında ən çox ölümə səbəb olan patologiyalardan biridir. Ən vacib məqam budur ki, erkən mərhələdə aşkar edilən süd vəzi xərçəngi tam müalicə olunur. Hər bir qadın süd vəzində və qoltuqaltı nahiyədə yaranan hər hansı bir dəyişikliyə qarşı diqqətli olmalıdır”, – deyə həkim bildirib.
Onun sözlərinə görə, süd vəzisində əvvəl olmayan şişkinlik və ya bərkimə, forma və ölçüdə dəyişiklik, dəridə və ya məmə nahiyəsində fərqlilik, eləcə də qoltuqaltında hiss edilən bərkimələr diqqətdən kənarda qalmamalıdır. Belə dəyişikliklər müşahidə edildikdə özbaşına nəticə çıxarmaq əvəzinə həkim müayinəsindən keçmək lazımdır.
40 yaşdan sonra müayinələrə xüsusi diqqət
Həkim bildirir ki, süd vəzi xərçəngi hər yaşda meydana çıxa bilər, lakin xəstəliyə daha çox 40–60 yaş aralığında rast gəlinir. Bu səbəbdən xüsusilə 40 yaşdan yuxarı qadınların süd vəzi sağlamlığına daha ciddi yanaşması və profilaktik müayinələri vaxtında həyata keçirməsi tövsiyə olunur.
“40 yaşdan yuxarı bütün qadınlar ildə 2 dəfə həkim müayinəsindən keçməli, 2 ildə bir dəfə isə mammoqrafiya olunmalıdırlar”, – deyə Tükəzban Məmmədova vurğulayıb.
Özünümüayinə də mühüm əhəmiyyət daşıyır
Süd vəzi xərçənginin vaxtında aşkarlanmasında qadının öz bədənini tanıması və normal vəziyyətindən fərqli dəyişiklikləri erkən hiss etməsi də mühüm rol oynayır. Həkim qadınlara süd vəzilərinin özünümüayinəsini öyrənməyi və bunu mütəmadi şəkildə həyata keçirməyi tövsiyə edir.
Özünümüayinə zamanı əvvəlcə güzgü qarşısında dayanaraq süd vəzilərinin görünüşünə diqqət yetirmək, daha sonra əlləri bel və başın arxasına qoyaraq forma və ölçüdə hər hansı dəyişiklik olub-olmadığını yoxlamaq mümkündür. Süd vəzilərinin həm ön, həm də yan tərəfdən nəzərdən keçirilməsi, uzanıqlı vəziyyətdə isə süd vəzilərinin və qoltuqaltı nahiyənin əllə yoxlanılması tövsiyə olunur. Hər hansı şişkinlik, bərkimə və ya əvvəl müşahidə edilməyən fərqlilik hiss edildikdə isə vaxt itirmədən həkimə müraciət edilməlidir.
Genetik meyllilik əsas risk faktorlarından biridir
Süd vəzi xərçənginin yaranmasında müxtəlif risk faktorları rol oynayır. Bu amillərin bir qismi dəyişdirilə bilməsə də, digər qismi həyat tərzi ilə bağlı olduğundan onların təsirini azaltmaq mümkündür.
Tükəzban Məmmədovanın sözlərinə görə, yaş, cins və genetik meyllilik, xüsusilə ailədə süd vəzi xərçəngi hallarının olması dəyişdirilə bilməyən risk faktorlarına daxildir. Artıq çəki, oturaq həyat tərzi, tütün və spirtli içkilərdən istifadə isə dəyişdirilə bilən risk faktorları sırasındadır.
“Sağlam həyat tərzi seçməklə bu riski xeyli azaltmaq olar”, – deyə həkim qeyd edib.
Sağlamlığınıza laqeyd yanaşmayın
Süd vəzi xərçəngindən tam qorunmağa zəmanət verən universal üsul olmasa da, sağlam həyat tərzi, risk faktorlarının azaldılması, müntəzəm tibbi müayinələr və bədəndə baş verən dəyişikliklərə vaxtında reaksiya vermək xəstəliyin erkən aşkarlanmasına kömək edə bilər.
Ən əsası isə qadınlar süd vəzilərində və qoltuqaltı nahiyədə yaranan hər hansı şübhəli dəyişikliyi gözardı etməməli, diaqnozu yalnız həkim müayinəsindən sonra müəyyənləşdirməlidirlər. Erkən aşkarlanan süd vəzi xərçənginin müalicəsində uğurlu nəticələr əldə etmək mümkündür.

