Hamiləlikdə qan şəkəri yüksəlibsə, bunu gözardı etməyin – Endokrinoloqdan xəbərdarlıq
10.08.2026 10:46

Hamiləlik zamanı ilk dəfə aşkar olunan yüksək qan şəkəri gestasion diabet adlanır və bu vəziyyət həm ana, həm də körpə üçün müəyyən risklər yarada bilər.

 

Aztibb.az xəbər verir ki, həkim-endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Oqtay Hüseynovun sözlərinə görə, gələcək ananın özünü yaxşı hiss etməsi yüksək qan şəkərinin təhlükəsiz olduğu anlamına gəlmir.

Gestasion diabet bəzən heç bir aşkar simptom vermədən inkişaf edir. Məhz buna görə hamiləlik dövründə qan şəkərinin mütəmadi nəzarətdə saxlanılması və həkim tövsiyələrinə əməl olunması xüsusi əhəmiyyət daşıyır.

Qanda şəkərin uzun müddət yüksək qalması körpənin normadan artıq böyüməsinə – makrosomiyaya, dölətrafı mayenin artmasına – polihidramniona, həmçinin dölün oksigen çatışmazlığı riskinin yüksəlməsinə səbəb ola bilər. Bununla yanaşı, vaxtından əvvəl doğuş ehtimalı arta, bəzi hallarda isə doğuşun daha erkən başa çatdırılmasına və qeysəriyyə əməliyyatına ehtiyac yarana bilər.

Oqtay Hüseynovun sözlərinə görə, gestasion diabet diaqnozu qoyulduqdan sonra yalnız "bir az pəhriz saxlayaram" düşüncəsi ilə kifayətlənmək düzgün deyil. Qan şəkəri mütəmadi ölçülməli, qidalanma rejiminə ciddi əməl edilməli, fiziki aktivlik isə həkimin tövsiyəsinə uyğun şəkildə həyata keçirilməlidir.

Əgər pəhriz və fiziki aktivlik qan şəkərini hədəf göstəricilər daxilində saxlamağa kifayət etmirsə, vaxtında insulin müalicəsinə başlanılması tələb oluna bilər.

Endokrinoloq vurğulayır ki, hamiləlik zamanı insulin istifadəsi körpəyə zərər vermir. Əksinə, nəzarətsiz yüksək qan şəkərinin ana və döl üçün yarada biləcəyi fəsadların qarşısının alınmasına kömək edir.

Müasir tibbdə gestasion diabetin effektiv şəkildə idarə olunması mümkündür. Bunun üçün əsas şərtlərdən biri xəstəliyi kiçiltməmək, qan şəkərinə müntəzəm nəzarət etmək və vaxtında endokrinoloqa müraciət etməkdir.

Hamiləlik dövründə qan şəkərinin normal səviyyədə saxlanılması yalnız ananın sağlamlığı üçün deyil, körpənin normal inkişafı və gələcək sağlamlığı baxımından da mühüm əhəmiyyət daşıyır.

Əgər hamiləlik zamanı qan şəkəriniz yüksək çıxıbsa, bunu təxirə salmayın. Vaxtında düzgün nəzarət və müalicə sağlam ana və sağlam körpə üçün ən vacib addımlardan biridir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub