Ana südü: Sağlam inkişafın və sağlam gələcəyin başlanğıcı
02.08.2026 13:37

Həyatın ilk günləri insan ömrünün ən həssas və eyni zamanda ən sürətli inkişaf dövrüdür. Məhz bu dövrdə uşağın beyin inkişafı, immun sistemi, bağırsaq mikrobiotası və metabolik proqramlaşması formalaşır. İnkişaf pediatriyasının əsas prinsiplərindən biri də budur: erkən dövrdə verilən düzgün dəstək bütün həyat boyu sağlamlığın təməlini qoyur. Bu dəstəyin ən mühüm komponenti isə ana südüdür.

 

Bu barədə Aztibb.az-a ATU-nun I Uşaq sağlamlığı və xəstəlikləri kafedrasının İnkişaf və sosial pediatriya üzrə mütəxəssisi, dos. Nigar Bayramova məlumat verib.

 

Həkim bildirib ki, ana südü təkcə ideal qida deyil. O, körpənin yaşına və ehtiyaclarına uyğun tərkibi dəyişən, canlı immunoloji və bioloji xüsusiyyətlərə malik unikal bir sistemdir. Ana südü infeksiyalardan qoruyur, sağlam bağırsaq mikrobiotasının formalaşmasını dəstəkləyir, beyin inkişafına müsbət təsir göstərir və gələcəkdə piylənmə, şəkərli diabet, allergik xəstəliklər və digər qeyri-infeksion xəstəliklərin riskini azaldır.

 

Onun sözlərinə görə, inkişaf pediatriyası baxımından ana südü yalnız fiziki inkişaf üçün deyil, həm də erkən neyroinkişaf, emosional bağlılıq, öyrənmə qabiliyyəti və psixososial rifah üçün mühüm əhəmiyyət daşıyır. Ana ilə körpə arasında yaranan təhlükəsiz emosional əlaqə uşağın sosial və emosional inkişafının əsasını təşkil edir.

 

Nigar Bayramova qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF həyatın ilk 6 ayında yalnız ana südü, daha sonra isə uyğun əlavə qidalarla birlikdə 2 yaşa qədər və daha uzun müddət ana südü ilə qidalanmanı tövsiyə edir.

 

"Bu il Ümumdünya Ana Südü Həftəsi "Prioritize Breastfeeding: Create Sustainable Support Systems" ("Ana südünə üstünlük verək: Dayanıqlı dəstək sistemləri yaradaq") şüarı altında keçirilir. Bu mesaj bizə xatırladır ki, uğurlu ana südü ilə qidalanma yalnız ananın şəxsi məsuliyyəti deyil. Bunun üçün ailələrin, səhiyyə işçilərinin, işəgötürənlərin, dövlət qurumlarının və bütövlükdə cəmiyyətin dəstəyi vacibdir", - deyə o, bildirib..

 

Həkim əlavə edib ki, dayanıqlı dəstək sistemləri yaradılmadan ana südü ilə qidalanmanın davamlılığını təmin etmək mümkün deyil. Xüsusilə prematür doğulan və xüsusi qayğıya ehtiyacı olan körpələr üçün ana südü həyati əhəmiyyət daşıyır. Bu səbəbdən ana südünün təşviqi təkcə qidalanma strategiyası deyil, həm də erkən inkişafın, sağlam nəslin və gələcək insan kapitalının formalaşdırılmasına yönəlmiş mühüm ictimai sağlamlıq siyasətidir.

 

Onun sözlərinə görə, ana südünü qorumaq, təşviq etmək və dəstəkləmək hər birimizin məsuliyyətidir. Çünki ana südünə qoyulan sərmayə sağlam uşağa, sağlam ailəyə və sağlam gələcəyə qoyulan sərmayədir.

 

 

 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib