Həkim dərman qəbulundan sonra “orqanizmin təmizlənməsi” ilə bağlı mifləri açıqladı
30.07.2026 14:25

Düzgün qəbul edilən dərman kursundan sonra orqanizmin xüsusi təmizlənməyə ehtiyacı yoxdur

Antibiotiklər, ağrıkəsicilər və digər dərman preparatlarını qəbul etdikdən sonra bir çox insan bioloji aktiv əlavələr (BAƏ), bitki tərkibli qarışıqlar və xüsusi detoks proqramları vasitəsilə “orqanizmi təmizləməyə” çalışır. Lakin əksər hallarda bu üsulların elmi əsası yoxdur. Çünki sağlam orqanizm dərman maddələrini özü xaric edə bilir.

 

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, həkim-terapevt, əmək patologiyası üzrə mütəxəssis Svetlana Burnaçkaya bu barədə açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, dərmanların orqanizmdə toplanaraq onu tədricən zəhərləməsi fikri əksər hallarda mifdir. İnsan orqanizmində dərman maddələrinin zərərsizləşdirilməsi və xaric edilməsini təmin edən təbii sistem mövcuddur. Bu prosesdə əsas rolu qaraciyər və böyrəklər oynayır.

“Hep qaraciyər bir çox maddələri sonradan xaric edilməyə uyğun formaya çevirir, böyrəklər isə qanı süzərək maddələr mübadiləsinin məhsullarını sidik vasitəsilə xaric edir. Bəzi dərmanlar həmçinin bağırsaq və ağciyərlər vasitəsilə də orqanizmdən çıxarılır. Əksər preparatlar üçün bu proseslər yaxşı öyrənilib və buna görə də dərman dozaları və müalicə sxemləri aktiv maddələrin orqanizmdə qalma müddəti nəzərə alınmaqla müəyyən edilir”, – deyə həkim bildirib.

Bununla belə, bəzi hallarda dərmanlar həqiqətən orqanizmdə toplana və toksik təsirlərə səbəb ola bilər. Bu, xüsusilə qaraciyər və böyrək xəstəlikləri olan pasiyentlər üçün aktualdır. Çünki məhz bu orqanlar bir çox maddələrin parçalanması və xaric edilməsinə cavabdehdir.

Risk yaşlı insanlarda da artır. Çünki yaş artdıqca maddələr mübadiləsi prosesləri yavaşlaya bilər. Həkim nəzarəti olmadan çoxlu sayda dərmanın eyni vaxtda qəbulu, dozanın artırılması və ya müalicənin həddindən artıq uzun davam etdirilməsi də təhlükə yarada bilər.

Burnaçkayanın sözlərinə görə, bəzi antibiotiklər, qıcolma əleyhinə preparatlar, ürək qlikozidləri, litium tərkibli dərmanlar, metotreksat və bəzi ağrıkəsicilər istifadə edilərkən xüsusi diqqət tələb olunur. Lakin belə hallarda problemin həlli “orqanizmi təmizləmək” deyil, pasiyentin vəziyyətinə nəzarət etmək və müalicəni həkim tərəfindən düzgün şəkildə tənzimləməkdir.

Dərman qəbulundan sonra məşhur olan detoks proqramları preparatların orqanizmdən daha tez xaric olmasına kömək etmir. Bioloji aktiv əlavələr, bitki çayları və xüsusi pəhrizlər bu funksiyanı yerinə yetirmir. Əksinə, bəzi bitki mənşəli əlavələr qaraciyərə əlavə yük yarada və ya dərmanlarla qarşılıqlı təsirə girə bilər.

Belə hallarda pasiyentlər dərman qəbulunu özbaşına dayandırmamalı və ya davam etdirməməlidir. Həkimə müraciət etmək, vəziyyəti qiymətləndirmək, lazımi analizləri təyin etmək və ehtiyac olduqda müalicə sxemini dəyişmək vacibdir.

Mütəxəssis qeyd edib ki, qaraciyər və böyrəklərin yükünü azaltmaq üçün əsas qaydalara əməl etmək kifayətdir: dərmanları yalnız həkim təyinatı ilə qəbul etmək, tövsiyə olunan dozaları aşmamaq və istifadə olunan bütün preparatlar, o cümlədən vitaminlər, bioloji əlavələr və bitki mənşəli vasitələr barədə həkimə məlumat vermək.

Müalicə zamanı spirtli içkilərin təsirini də nəzərə almaq lazımdır. Alkoqolun bəzi dərmanlarla birlikdə qəbulu qaraciyərin toksik zədələnməsi riskini əhəmiyyətli dərəcədə artıra bilər.

Burnaçkaya vurğulayıb ki, düzgün aparılmış müalicə kursundan sonra orqanizmin xüsusi “ümumi təmizliyə” ehtiyacı yoxdur. Əgər dərman düzgün göstəriş əsasında təyin olunubsa və həkim nəzarəti ilə qəbul edilibsə, kifayət qədər maye qəbul etmək, sağlam qidalanmaq və özbaşına müalicədən uzaq durmaq orqanizmin təbii şəkildə bərpası üçün yetərlidir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub