Yaşadığı sağlamlıq problemlərini gərgin iş qrafiki və yorğunluqla əlaqələndirən 39 yaşlı Serhat Yıldırım, bir ay sonra ikinci dəfə huşunu itirdikdən sonra aparılan müayinələr nəticəsində beynində arteriovenoz malformasiya (AVM) kimi tanınan damar yumağı aşkar edildiyini öyrənib.
Aztibb.az "haber Türk"ə istinadən yazır ki, Şimali Kipr Türk Cümhuriyyətində yaşayan Serhat Yıldırım müalicə üçün Türkiyəyə gələrək Beyin və Sinir Cərrahiyyəsi şöbəsinin mütəxəssisləri professor Zafer Toktaş və dosent Murat Atara müraciət edib. Ona müdaxilə radiologiyası və mikrocərrahiyyənin birlikdə tətbiq olunduğu iki mərhələli müalicə aparılıb və nəticədə sağlamlığına qovuşub.
"Sağlamlıq problemlərini yorğunluqla əlaqələndirib laqeyd yanaşmasınlar"
Serhat Yıldırım bildirib: "Mənim etdiyim səhvi heç kim etməsin. Sağlamlıq problemlərini yorğunluqla əlaqələndirib keçişdirməsinlər. Bu gün geriyə baxanda yaxşı ki, əməliyyat olunmaq qərarı vermişəm, deyirəm."
Şimali Kipr Türk Cümhuriyyətində sürücü işləyən 39 yaşlı Serhat Yıldırım təxminən beş ay əvvəl iş başında olarkən qəfil huşunu itirib. Gözlərini xəstəxanada açan Yıldırım yaşadıqlarını iş yükü və nizamsız iş saatları ilə əlaqələndirdiyi üçün buna ciddi əhəmiyyət verməyib.
Təxminən bir ay sonra ikinci dəfə huşunu itirdikdən sonra aparılan müayinələr zamanı beynində damarların anormal quruluşu müəyyən edilib. Kiprdə bu xəstəliyin müalicəsinin mümkün olmadığı bildirildikdən sonra o, İstanbula gəlib. Memorial Ataşehir Xəstəxanasında aparılan ətraflı müayinələr nəticəsində ona beyində damar yumağı kimi tanınan arteriovenoz malformasiya (AVM) diaqnozu qoyulub. Professor Zafer Toktaş, dosent Murat Atar və onların komandası tərəfindən həyata keçirilən iki mərhələli müalicədən sonra pasiyent sağlığına qovuşub.
"İlk vaxtlar yaşadıqlarımı yorğunluqla əlaqələndirdim"
Xəstəlik tarixçəsindən danışan Serhat Yıldırım deyib: "Xəstəliyimin ilk əlaməti təxminən beş ay əvvəl işdə olarkən ortaya çıxdı. Heç gözləmədiyim anda qəfil huşumu itirdim. Gözlərimi açanda Kiprdə xəstəxanada idim. Xəstəxanaya necə gətirildiyimi, nə baş verdiyini ümumiyyətlə xatırlamırdım. Ətrafdakı insanlar təcili yardım çağırıblar və məni xəstəxanaya çatdırıblar. Özümə gəldim, amma baş verənlərlə bağlı heç bir xatirəm yox idi."
"İlk vaxtlar bunu iş yükü və yorğunluqla əlaqələndirdim. Üzərində çox dayanmadım və müvəqqəti hal olduğunu düşündüm. Lakin təxminən bir ay əvvəl eyni hadisə yenidən təkrarlandı. Bir dostumla harasa gedirdik və onun avtomobilində idim. Birdən yenə huşumu itirdim. Gözlərimi açanda artıq MRT aparatının içində idim. Yenə də heç nə xatırlamırdım."
"Dostum mənə dedi ki, qəfil gözlərim bağlanıb, ağzımdan köpüyə bənzər maye gəlib və qıcolmalar keçirməyə başlamışam. Buna baxmayaraq, yenə də yaşadıqlarımı gərgin iş rejimi və yorğunluqla əlaqələndirdim. Çünki işimiz çox intensivdir və iş saatlarımız da nizamlı deyil."
"Heç kim mənim etdiyim səhvi etməsin"
Serhat Yıldırım bildirib ki, sağlamlıq problemlərinə heç vaxt laqeyd yanaşmaq olmaz.
"Xüsusilə bunu demək istəyirəm ki, mənim etdiyim səhvi heç kim təkrarlamasın. Hər hansı sağlamlıq problemi yarananda onu yorğunluq və ya stresslə əlaqələndirib ötüşdürməyin. İnsanlar özlərinə diaqnoz qoymamalıdırlar. Ən qısa zamanda xəstəxanaya müraciət edib etibarlı həkimlər tərəfindən müayinə olunmalıdırlar. Çünki yanlış qərarlar bəzən çox ciddi nəticələrə səbəb ola bilər. Mən də eyni səhvi etdim. Şükür ki, gec olsa da, faciə ilə nəticələnmədi. Bu gün həyatda olmağımda professor Zafer Toktaşın və müalicəmdə əməyi olan bütün həkimlərin böyük rolu var. Buna görə də hər kəsə tövsiyəm budur ki, ən kiçik sağlamlıq problemində belə vaxt itirmədən tibb müəssisəsinə müraciət etsin."
"Pasiyent bizə AVM diaqnozu ilə yönləndirildi"
Pasiyentin müalicə prosesindən danışan professor Zafer Toktaş bildirib ki, xəstədə huşun itməsi, baş ağrısı, qıcolmalar və epilepsiyaya bənzər əlamətlərlə özünü göstərə bilən xəstəlik aşkarlanmışdı.
"Pasiyentin diaqnozu böyük ölçüdə artıq qoyulmuş, bütün zəruri görüntüləmə müayinələri aparılmışdı. Buna görə də biz onu beyində damar yumağı, yəni arteriovenoz malformasiya (AVM) diaqnozu ilə qəbul etdik."
Professor izah edib ki, sinir sistemini qidalandıran damarlar atardamar və toplardamarlardan ibarətdir. Bəzi insanlarda bu damarlar anadangəlmə şəkildə bir-biri ilə anormal əlaqə yaradaraq quş yuvasını xatırladan damar yumağı əmələ gətirir.
Onun sözlərinə görə, bu damar yumağının əsas təhlükəsi yüksək təzyiqli arterial qanın burada güclü turbulent axın yaratmasıdır. Bu vəziyyət ətraf toxumalara təsir göstərərək epileptik tutmalar, huşun itməsi, görmə və hərəkət pozğunluqları kimi problemlərə səbəb ola bilər. Daha təhlükəlisi isə yüksək təzyiqli qan axınının damar divarını zədələməsi nəticəsində həyati təhlükə yaradan beyin qanamalarının baş verməsidir.

