Gündə cəmi bir qədəh spirtli içki belə beynin kiçilməsinə səbəb ola bilər  
24.07.2026 12:33

 

Uzun illər tibb dünyasında "ölçülü spirtli içki qəbulunun zərərsiz, hətta müəyyən qədər faydalı ola biləcəyi" fikri geniş yayılmışdı. Lakin 36 mindən çox yetkin şəxsin sağlamlıq məlumatlarının təhlilinə əsaslanan genişmiqyaslı elmi araşdırma göstərib ki, gündə cəmi bir qədəh şərab və ya pivə belə beyin həcminin azalması ilə əlaqəlidir. Alimlərin fikrincə, bu dəyişiklik beynin hüceyrə səviyyəsində normaldan daha sürətlə qocalmasına işarə edir.

Aztibb.az "Planet today" nəşrinə istinadən yazır ki, tədqiqat nəticələrinə görə, alkoqol həm beynin boz, həm də ağ maddəsinə mənfi təsir göstərir. Xüsusilə yaddaş və öyrənmə proseslərində mühüm rol oynayan hipokamp nahiyəsində struktur dəyişiklikləri müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, gündəlik qəbul edilən alkoqolun miqdarının bir qədəhdən iki qədəhə artırılması beynin quruluşunda təxminən iki illik qocalmaya bərabər dəyişikliklər yarada bilər. Bu dəyişikliklər uzunmüddətli perspektivdə idrak funksiyalarının zəifləməsi, yaddaş problemləri və diqqətin cəmlənməsində çətinliklərlə əlaqələndirilir.

Alkoqol yalnız beyin həcminə deyil, həm də sinir hüceyrələrinin fəaliyyətinə mənfi təsir göstərir. Güclü neyrotoksin kimi fəaliyyət göstərən spirt sinir hüceyrələrinin çıxıntıları olan dendritləri zədələyərək neyronlar arasında informasiya ötürülməsini zəiflədir. Bundan əlavə, alkoqolun orqanizmdən maye xaric etmə xüsusiyyəti neyronların susuzlaşmasına səbəb olur ki, bu da qısamüddətli diqqət və düşünmə qabiliyyətinin zəifləməsi ilə nəticələnə bilər.

Bununla yanaşı, alimlər ümidverici məqama da diqqət çəkirlər. Araşdırmalar göstərir ki, insan beyni müəyyən dərəcədə özünü bərpa etmək qabiliyyətinə malikdir. Alkoqol qəbulunun azaldılması və ya tamamilə dayandırılması nəticəsində zamanla beyin həcminin bir hissəsi bərpa oluna, zədələnmiş sinir əlaqələri isə qismən yenidən formalaşa bilər. Mütəxəssislər idrak sağlamlığını qorumaq üçün spirtli içki qəbulunun məhdudlaşdırılmasını və sağlam həyat tərzinə üstünlük verilməsini tövsiyə edirlər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub