Cəmiyyətdə hələ də inanılan tibbi miflər
23.06.2026 10:06

 

Tibbin sürətli inkişafına və elmi məlumatların əlçatan olmasına baxmayaraq, sağlamlıqla bağlı bir çox yanlış təsəvvürlər bu gün də geniş yayılıb. Həkimlər bildirirlər ki, bu miflər insanları yanıltmaqla yanaşı, sağlamlıq üçün ciddi risklər də yarada bilər.

Aztibb.az "Actualnews" portalında dərc edilən məqaləni ixtisarla təqdim edir.


Antibiotiklər soyuqdəyməni müalicə etmir

Ən geniş yayılmış yanlış fikirlərdən biri antibiotiklərin soyuqdəymə və qripə qarşı təsirli olmasıdır. Halbuki mövsümi respirator infeksiyaların əksəriyyəti viruslar tərəfindən törədilir və antibiotiklər yalnız bakteriyalara qarşı təsirlidir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, antibiotiklərin nəzarətsiz istifadəsi bakteriyaların dərmanlara davamlılığını artıraraq gələcək müalicələri çətinləşdirir.

 

“Detoks” və orqanizmin təmizlənməsi mifdir

Son illərdə müxtəlif detoks proqramları, çaylar və pəhrizlər orqanizmdən “şlakların” çıxarılmasını vəd edir. Lakin həkimlərin sözlərinə görə, sağlam insanlarda bu funksiyanı qaraciyər, böyrəklər, bağırsaqlar və ağciyərlər yerinə yetirir. Orqanizmdə xüsusi üsullarla xaric edilməli olan “şlakların” mövcudluğunu təsdiqləyən elmi sübut yoxdur. Bəzi ekstremal detoks üsulları isə susuzlaşma və maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər.

 

Vitaminlər xəstəliklərə qarşı universal qoruyucu deyil

Bir çox insan vitaminləri nə qədər çox qəbul etsə, immunitetinin bir o qədər güclü olacağını düşünür. Halbuki vitamin kompleksləri virus infeksiyalarından tam qorunma təmin etmir və onların qəbulu əsasən müəyyən edilmiş vitamin çatışmazlığı zamanı tövsiyə olunur. Həkimlər vurğulayırlar ki, güclü immunitet üçün balanslı qidalanma, fiziki aktivlik, keyfiyyətli yuxu və zərərli vərdişlərdən uzaq durmaq daha vacibdir.

 

Homeopatiya sübutlu təbabəti əvəz etmir

Homeopatik vasitələrə maraq davam etsə də, çoxsaylı beynəlxalq araşdırmalar onların ciddi xəstəliklərin müalicəsində effektivliyini təsdiqləməyib. Aparıcı tibb təşkilatları bu preparatların təsirinin plasebo effektindən üstün olmadığını bildirirlər. Xüsusilə onkoloji, ürək-damar və infeksion xəstəliklər zamanı ənənəvi müalicədən imtina etmək təhlükəli hesab olunur.

 

Soyuq hava təkbaşına xəstəlik yaratmır

Cəmiyyətdə geniş yayılmış başqa bir mifə görə, soyuq havada qalmaq mütləq xəstəliyə səbəb olur. Əslində kəskin respirator virus infeksiyalarının əsas səbəbi viruslardır. Soyuq hava yalnız dolayı yolla risk yarada bilər, çünki insanlar qapalı məkanlarda daha çox vaxt keçirir və bir-biri ilə sıx təmasda olurlar.

 

Peyvəndlərlə bağlı miflər hələ də qalmaqdadır

Son illərin ən çox müzakirə olunan mövzularından biri peyvəndlərdir. Elmi sübutların çoxluğuna baxmayaraq, bəzi insanlar peyvəndlərin ciddi xəstəliklər yaratdığına və ya immuniteti zəiflətdiyinə inanırlar. Halbuki Ümumdünya Səhiyyə Təşkilatı peyvəndləməni infeksion xəstəliklərin qarşısının alınmasında ən effektiv vasitələrdən biri kimi qiymətləndirir. Mütəxəssislər qeyd edirlər ki, müasir vaksinlər kütləvi istifadəyə buraxılmazdan əvvəl çoxmərhələli təhlükəsizlik və effektivlik yoxlamalarından keçir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub