İnfeksiyaların profilaktikası və nəzarət tədbirləri fundamental əhəmiyyət daşıyır  
22.05.2026 10:33

İnfeksiyaların profilaktikası anlayışının dərin tarixi kökləri var. Mikroorqanizmlər kəşf edilməzdən çox əvvəl səhiyyə işçiləri müşahidə etmişdilər ki, təmizlik və izolyasiya xəstəliklərin yayılmasını azalda bilər. Lakin yalnız XIX əsrdə bu yanaşmalar elmi sübutlarla dəstəklənməyə başladı.

 

İgnaz Semmelweis tərəfindən aparılan tədqiqatlar göstərdi ki, düzgün əl gigiyenası xəstəxanalarda ana ölümünü əhəmiyyətli dərəcədə azalda bilər. Eyni dövrdə Florence Nightingale müharibə şəraitində sanitariya, gigiyena və düzgün ventilyasiyanın əhəmiyyətini vurğulayaraq pasiyentin yaxşılaşmasına nail olmuşdur. Bu erkən töhfələr müasir infeksiya nəzarəti praktikasının əsasını qoymuşdur. Daha sonra Louis Pasteur və Robert Koch xəstəliklərin mikroorqanizmlər tərəfindən törədildiyini sübut edən nəzəriyyəni formalaşdırmışdır. Bu kəşf tibbi praktikada köklü dəyişikliklərə səbəb olmuş və bu gün də istifadə olunan antiseptik və aseptik texnikaların inkişafına zəmin yaratmışdır.

 

XX əsrdə səhiyyə sistemlərinin genişlənməsi ilə strukturlaşdırılmış infeksiya nəzarətinə ehtiyac daha da aydın şəkildə ortaya çıxdı. Xəstəxanalar böyüdü, tibbi prosedurlar mürəkkəbləşdi və invaziv cihazlardan istifadə artdı. Antibiotiklər infeksiyaların müalicəsində güclü vasitə olsa da, onların həddindən artıq istifadəsi antimikrob rezistentlik kimi yeni problemlərə səbəb oldu. Bu dövrdə Ümumdünya Səhiyyə Təşkilatı (World Health Organization) və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (Centers for Disease Control and Prevention) kimi beynəlxalq qurumların dəstəyi ilə formal İPN proqramları formalaşmağa başladı. Bu təşkilatlar səhiyyə sistemləri üzrə infeksiyanın profilaktikası tədbirlərinin standartlaşdırılmasına kömək edən təlimatlar və tövsiyələr hazırladılar. İnfeksiya göstəricilərini izləmək, alovlanmaları aşkar etmək və profilaktik tədbirlərin effektivliyini qiymətləndirmək üçün epidemioloji nəzarət (surveillance) sistemləri tətbiq olundu. Eyni zamanda, bütün pasiyentlərin potensial olaraq yoluxucu kimi qəbul edilməsini vurğulayan universal ehtiyat tədbirləri konsepsiyası tətbiq edildi ki, bu da səhiyyə işçilərinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırdı.

 

Müasir dövrdə səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların (SXƏİ) və antimikrob rezistentliyinin (AMR) yükü və təsiri

 

İnfeksiyaların Profilaktikası və Nəzarəti (İPN) təhlükəsiz tibbi xidmətin ən mühüm əsaslarından biridir və bütün dünyada keyfiyyətli pasiyent qayğısının vacib komponenti kimi geniş şəkildə qəbul olunur. Müasir səhiyyə sistemlərində xəstəxanalar müxtəlif xəstəliklərə malik, immun sistemi zəifləmiş və invaziv tibbi cihazlardan istifadə olunan pasiyentlərin bir araya gəldiyi mürəkkəb mühitlərdir. Bu isə müvafiq profilaktik tədbirlər görülmədikdə, infeksiyaların asanlıqla yayıla bilməsi üçün şərait yaradır. Müasir dövrdə səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların (SXƏİ), antimikrob rezistentliyin (AMR), yeni və qayıdan infeksion xəstəliklərin (Meymunçiçəyi, COVİD 19, MERS Cov, Ebola, Denge qızdırması, Candida auris etiologiyalı infeksiyalar və s.) artan yükü tibb müəssisələrində İPN proqramının inkişafını zəruri edir.

 

SXƏİ-nin xəstələnmə və ölüm göstəricilərinin yüksəlməsi, səhiyyə xərclərinin artmasına səbəb olması mühüm ictimai sağlamlıq problemini təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, yüksək gəlirli ölkələrdə xəstəxanaya yerləşdirilən pasiyentlərin təxminən 7-10%-i SXƏİ-yə yoluxur, aşağı və orta gəlirli ölkələrdə isə bu göstərici 15%-ə kimi artır. SXƏİ-nin ən çox aşkar olunan növləri süni tənəffüs aparatı ilə əlaqəli pnevmoniyalar, cərrahi sahə infeksiyaları, sidik kateteri ilə əlaqəli sidik yolu infeksiyaları, mərkəzi damar yolu kateteri ilə əlaqəli qan dövranı və dializ proseduru ilə əlaqəli infeksiyalardır. Bu infeksiyalar adətən xəstərdə tibbi cihazların istifadəsi, yaxud invaziv prosedurların icra olunması nəticəsində baş verir. Cihazların istifadəsi nəticəsində əmələ gələn SXƏİ bütün SXƏİ-nin təxminən 40-50%-ni təşkil edir. Əlavə olaraq, cərrahiyyə, dializ və diaqnostik müdaxilələr kimi invaziv tibbi prosedurların nəticəsi olaraq yaranan infeksiyalar bütün SXƏİ-nin təxminən 30-40%-ni təşkil edir.

 

Hər il Avropa İttifaqı və Avropa İqtisadi Bölgəsində təxminən 3,5 milyon SXƏİ hadisəsi baş verir ki, bu da 90 mindən çox ölümə səbəb olur və təxminən əlillik səbəbindən 2,5 milyon itirilmiş həyat ilinə ekvivalentdir. Bu yük Avropa daxilində qrip və vərəm də daxil olmaqla digər infeksiyaların ümumi yükündən çoxdur. Bundan əlavə, SXƏİ antimikrob rezistent bakteriyalarla baş verən infeksiya hallarının 70%-ni təşkil edir. ÜST-nin yenilənmiş Əsas Prioritet Bakterial Patogenlər Siyahısında (Bacterial Priority Pathogens List-BPPL, 2024) qram-mənfi bakterial patogenlər öz kritik statusunu qoruyub saxlamışdır. Onlardan karbapenem-rezistent Acinetobacter baumannii (CRAB),  karbapenem-rezistent Enterobakterialar (CRE), üçüncü nəsil sefalosporinlərə rezistent Enterobakterialar (3GCRE) və rifampisin–rezistent Mikobakterium tuberculosis ən yüksək qiymət alaraq siyahıda kritik prioritet kateqoriyasına daxil edilmişdir

 

AMR səhiyyə müəssisələrində mikroorqanizmlərin yayılması kimi ciddi bir problem olaraq qalır. O tez inkişaf edən bir təhlükədir. 2019-cu ildə dünya üzrə təxminən 5 milyon ölüm AMR ilə əlaqələndirilmişdir, 1,3 milyonu isə birbaşa AMR-ə aid edilmişdir. Proqnozlara görə, 2050-ci ilə qədər AMR qlobal miqyasda hər il 10 milyon ölümə səbəb ola bilər.

 

SXƏİ və AMR-in səhiyyə müəssisələrində yayılması insan sağlamlığına mənfi təsir və iqtisadi itkilər baxımından ölçüyəgəlməz bir yük yaradır. Buna görə də, infeksiyaların və onların yayılmasının qarşısının alınması bu təsirləri azaltmaq və iqtisadi üstünlüklər yaratmaq baxımından böyük potensiala malikdir. Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (World Bank and Organization for Economic Co-operation and Development, 2018) tərəfindən yayımlanan əsas hesabatlar effektiv İPN tədbirlərinin yüksək investisiya gəliri verdiyini göstərir. Məsələn, səhiyyə müəssisələrində əllərin gigiyenasının uyğunlug göstəricisinin yaxşılaşdırılması hər 1 ABŞ dollarında investisiya üçün təxminən 16,5 ABŞ dolları həcmində səhiyyə xərclərinə qənaəti təmin edə bilər. IPN strategiyaları arasında əllərin gigiyenası və ətraf mühitin gigiyenası ən çox qənaət təmin edən müdaxilələr hesab olunur. Bu tədbirlərin birgə tətbiqi AMR infeksiyalarından ölüm riskini 50%-dən çox və uzunmüddətli sağlamlıq fəsadlarını ən azı 40% azalda bilər. Əllərin gigiyenası, antibiotiklərin səmərəli istifadəsinə nəzarət və təkmilləşdirilmiş ətraf mühit gigiyenasını əhatə edən hərtərəfli tədbirlər kompleksi AMR-in səhiyyəyə təsir yükünü 85% azalda və hər il adambaşına 2 avro qənaəti təmin edə bilər.

 

Beləliklə, sübutlara əsaslanan IPN tədrisi, səhiyyə müəssisələrində infeksion agentlərin ötürülməsinin qarşısını almaq üçün fundamental əhəmiyyət daşıyır. Tədqiqatlar göstərir ki, strukturlaşdırılmış IPN təliminin effektiv tətbiqi səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların 30-70% azalmasına səbəb ola bilər.

 

Azər Rəşidov, ATU-nun Epidemiologiya və biostatistika kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru

 

 

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub