Cərrah mama-ginekoloq Qəzənfər Məmmədov: Ölkəmizdə çox az sayda qadın check-up müayinəyə gəlir  
18.11.2020 11:22

Qadın orqanizminin sağlam qalmasının əsas şərtlərindən biri vaxtında edilən check-up müayinələrdir. Əgər vaxtaşırı müayinələr olmazsa, bu, hansı problemlərə gətirib çıxara bilər?

 

Qadın sağlamlığı ilə bağlı suallarımıza cavabları Respublika Diaqnostika Mərkəzinin tanınmış ginekoloq-cərrahı, daha əvvəl Türkiyənin məşhur Acıbadəm klinikasında çalışmış dr. Qəzənfər Məmmədovdan aldıq.

 

- Doktor, ölkəmizdə heç bir problemi, ağrı və ya şikayəti olmadan ginekoloji check-up-a gələn qadınlar varmı?

 

- Əfsuslar olsun ki, bizim xanımlar həkimlərin yanına profilaktik olaraq nadir hallarda gəlirlər. Çox az sayda qadın check-up müayinəyə gəlir. Ona görə də, çox zaman qadınlarda xəstəliklər irəliləmiş dönəmdə aşkar olunur. Bu mərhələdə artıq müalicə və yaxud başqa tədbirlər çox da effektiv olmur.

 

- Qadınlarda bədxassəli törəmələrin hansı tiplərinə daha çox rast gəlinir?

 

- Bədxassəli törəmələrin bir çox tipləri var. Bunlar yumurtalıqda, uşaqlığın fərqli strukturlarında və uşaqlıq boynunda inkişaf edən törəmələrdir. Bu törəmələrin böyük əksəriyyəti qadınların 45-50 yaşlarında  özünü göstərir. Bu xəstəliyin bəzi tipləri bəzən genetik ola bilər. Amma çox zaman heç bir risk faktoru olmadan da inkişaf edirlər. Yəni qohumlarda belə bir risk faktoru olmasa da, qadınlar bu xəstəliklə üz-üzə qala bilərlər. Buna istisna olaraq, uşaqlıq boynunda əmələ gələn törəmələrin inkişafında Papilloma virusu böyük rol oynayır. Uşaqlıq boynunda yaranan törəmələrin 70-75 %-i sırf bu virusla əlaqədardır.

 

- Hansı simptomlar təhlükədən xəbər verir və bədxassəli törəmələrin mövcudluğu ehtimalının göstəricisi sayıla bilər?

 

- Ginekoloji törəmələrin simptomları çox zaman qeyri-spesifikdir, yəni hansısa dəqiq simptomu yoxdur. Bu, ümumiyyətlə, tez zamanda irəliləyən xəstəlik deyil. Onu xroniki xəstəlik kimi qəbul etməliyik. Getdikcə irəliləyən ağrılar və yaxud qarında şişlik, qanaxma... Çox zaman menopauzadan sonra qanaxmalar bu xəstəliyin xəbərçisi ola bilər. Bunu mütləq vurğulamaq lazımdır ki, ölkəmizdə əksər xanımlar menopauzadan sonrakı qanaxmanı menstruasiya kimi qəbul edirlər. Bəzən xanımlar deyirlər ki, 5-6 il olar ki kəsilmişdim, yenə aybaşı gördüm. Bu, aybaşı deyil, patoloji qanaxmadır. Hansı ki, qanaxmanın bir səbəbi də məhz törəmə ola bilər. Bu, o deməkdir ki, simptomlar artıq özünü göstərsə də, qadınlar xəstə olduğunu anlamırlar, daha doğrusu gec anlayırlar. Belə hal olduqda mütləq həkimə müraciət edilməli və bu qanaxmanın dəqiq səbəbləri araşdırılmalıdır.

 

- Törəmələrin yaranmasına qarşı hansı qabaqlayıcı tədbirlər görülə bilər?

 

- Profilaktik olaraq sadəcə uşaqlıq boynu törəmələrini öncədən görə bilirik. Bu da PAP smear testi ilə 3 ildə bir dəfə aparılan analizin sayəsində mümkündür. Lakin digər törəmə növlərinin, yəni yumurtalıqda, yaxud uşaqlıqda inkişaf edən törəmələrin öncədən dəqiq test üsulu yoxdur. Buna görə də, qabaqlayıcı tədbirlər görmək olmur.

 

Ümumiyyətlə, qadınlar ildə 1 dəfə profilaktik müayinə və USM-dən keçməklə, erkən dönəmdə törəmələrin aşkarlanma şansını artırırlar. Əgər qohumlarda bədxassəli törəmələr varsa, daha tez-tez və dəqiq müayinələr edilməlidir.

 

- Xəstəliyə qarşı müalicə necə aparılır? Əməliyyatlar mütləqdirmi?

 

- Onu deməliyik ki, bədxassəli törəmələrə qarşı müalicə əsasən cərrahi yolla aparılır. İrəliləmiş mərhələdə olmayan xəstələrdə ilk əməliyyat olunduqdan sonra materiallar patoloji incələnməyə göndərilir. Nəticələr çıxdıqdan sonra ehtiyac olduqda bu əməliyyata kimyaterapiya, şüa terapiyası əlavə olunur. Çox erkən dönəmdə olan xəstələrdə isə ola bilsin ki, sadəcə əməliyyat kifayət etsin, kimyaterapiya və ya radioterapiyaya ehtiyac olmasın. Lakin təəssüf ki, bəzən bu xəstəlik gecikmiş mərhələdə ortaya çıxa bilər ki, heç əməliyyat etmədən xəstəyə sadəcə kimyaterapiya və ya radioterapiya müalicəsi uyğulansın. Burda artıq əməliyyat heç bir effekt vermədiyi üçün, sadəcə xəstənin yaşam keyfiyyətinin yaxşılaşdırılması və ömrünü bir qədər artıq sürdürməsi üçün birbaşa sözügedən prosedurlar həyata keçirilir. Bunları nəzərə alaraq bizim xanımlara məsləhətim odur ki, vaxtında lazımi müayinələrdən keçsinlər və orqanizmlərində hiss edilən hər bir dəyişikliyə ciddi yanaşsınlar. Hər birinizə sağlam həyat arzulayıram.

 

 

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir