Azərbaycan Pediatrlar Assosiasiyasının sədri Niderlandda beynəlxalq tədbirdə çıxış edib
20.04.2025 12:18

Müxtəlif ölkələrdən tanınmış pediatrlar, uşaq diyetoloqları, ictimai səhiyyə, ərzaq təhlükəsizliyi və qidalanma üzrə mütəxəssislər, eləcə də UNICEF, ÜST və digər beynəlxalq təşkilatların nümayəndələri bu günlərdə Niderlandın paytaxtı Amsterdamda keçirilən “Dünyada körpələrin qidalanma problemləri” mövzusuna həsr olunmuş beynəlxalq sammitdə bir araya gəliblər.

 

Tədbirin əsas məqsədi qlobal miqyasda körpələrin sağlam və balanslı qidalanmasına mane olan amillərin araşdırılması, körpə yaşlarda ana südünün əhəmiyyətinin vurğulanması, körpələrin bağırsaq sağlamlığı və mikrobiotası ilə bağlı problemlərin dəyərləndirilməsi, eləcə də bu istiqamətdə birgə həll yollarının müəyyənləşdirilməsi olub.

 

Sammitdə ölkəmizi Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə təmsil edib.

 

Azərbaycan Pediatrlar Assosiasiyasından Aztibb.az-a verilən məlumata görə, Təranə Tağı-zadə bir çox müzakirələrdə fəal iştirak edərək Azərbaycanın bu sahədəki təcrübəsini bölüşüb, həmçinin regional və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. O, erkən yaş dövründə düzgün qidalanmanın körpələrin inkişafına təsiri, sosial və iqtisadi amillərin uşaqların qida rejiminə olan təsiri, həmçinin körpələrdə balanslaşdırılmış qidalanmanın təşkili ilə bağlı müxtəlif müasir yanaşmalar haqqında geniş müzakirələrdə fikir bildirib. T.Tağı-zadə Azərbaycanda ana və uşaq sağlamlığı mövzusunda apardığı maarifləndirici tədbirlər, ilkin səhiyyə müəssisələrində həyata keçirilən monitorinq proqramları və valideynlərə yönəlmiş təlim layihələri barədə də iştirakçıları məlumatlandırıb. O, Azərbaycanın müxtəlif bölgələrində uşaqların qidalanma vəziyyəti ilə bağlı apardıqları araşdırmalardan əldə olunan nəticələri paylaşaraq, erkən müdaxilələrin və təlimatlı pediatrik nəzarətin əhəmiyyətindən bəhs edib.

 

Sammitdə körpələrin qidalanması sahəsində son elmi yeniliklər və innovativ yanaşmalar ətrafında geniş müzakirələr aparılıb. Tədbir iştirakçılarına bir sıra aktual mövzularla bağlı tapşırıqlar təqdim olunub, onların üzərində birgə işlənilməsi təşviq edilib.

 

Müzakirə edilən mövzular arasında ana südünün keyfiyyəti və üstünlükləri, uşaqlarda bağırsaq xəstəliklərinin yayılma səbəbləri, bağırsaq mikrobiotasının rolu və ana südünün tərkibindəki əsas faydalı komponentlərin funksional əhəmiyyəti xüsusilə diqqət çəkib. Panel müzakirələrində müxtəlif ölkələrdən olan pediatrlar, diyetoloqlar və tədqiqatçılar bu sahədəki elmi yeniliklər, statistik məlumatlar və klinik müşahidələr əsasında tövsiyələrini bölüşüblər. Xüsusilə Çinin Çzyannan Qida Elmləri Universitetinin professoru Pen Çjou, Vaqeninqen Universitetinin professoru Kasper Hettinq və Amsterdam Universitetinin professoru Mark Benninq beynəlxalq sammitdə körpə qidalanması üzrə ən son elmi yenilikləri təqdim ediblər.

 

T.Tağızadə bir qrup xarici həmkarı ilə birlikdə ana südünün tərkibindəki vacib faydalı komponentləri birləşdirən xüsusi cihazın hazırlanması ideyasını təqdim edərək, innovativ təkliflə çıxış edib. Təklif olunan bu cihaz müxtəlif səbəblərdən ana südü ilə qidalanmayan körpələr üçün alternativ qidaların hazırlanmasını və ana südünün bioaktiv tərkibinə çox yaxınlaşdırılmış qida formullarının istehsalını mümkün etmək üçün nəzərdə tutulur. Bu ideya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və gələcəkdə birgə tədqiqat imkanları müzakirə olunub.

 

Ən maraqlı bölümlərdən biri isə körpələrdə mədə-bağırsaq sistemində inək və keçi südünün həzmi prosesini əks etdirən laborator təcrübələrin nümayişi olub. Bu eksperimental hissədə mütəxəssislər müxtəlif süd tərkiblərinin bağırsaq fermentasiyasına təsirini əyani şəkildə nümayiş etdirərək, onların orqanizm tərəfindən hansı səviyyədə mənimsənildiyini diqqətə çatdırıblar. Eyni zamanda, mütəxəssislər uşaq qida sənayesindəki əsas problemləri, qida əlavələrinin keyfiyyəti, marketinq strategiyalarının etik çərçivələri və qida təhlükəsizliyi məsələlərini də ətraflı müzakirə ediblər.

 

Beynəlxalq sammitin iştirakçıları Amsterdamdakı Micropia muzeyinə də baş çəkiblər. Mikrobiologiya sahəsində beynəlxalq platforma olan muzeyin əsas ideyası mikroblar haqqında məlumatların yayılması və tədqiqatçıları bu sahədə araşdırmalara təşviq etməkdir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər