Ürək damarlarına stent qoyulması icbari tibbi sığorta ilə ödənişsizdir
03.06.2024 15:51

Ürək damarlarında yaranmış tıxanıqlığı aradan qaldırmaq üçün stentləşmə əməliyyatı (angioplastika) icra olunur. Ürək stentlərinin iki əsas növü var – dərman ifraz etməyən və dərman ifraz edən stentlər.

 

Agentlikdən Aztibb.az-a verilən məlumata görə, hər iki növ stentin taxılması icbari tibbi sığorta ilə ödənişsizdir. Stentin qoyulması barədə qərar pasiyentin tibbi vəziyyəti, damarın darlığının dərəcəsi və digər amillər əsasında həkim tərəfindən verilir.

 

Kəskin miokard infarktı, stenokardiya kimi ürəyin işemik xəstəlikləri koronar damarlara stentin qoyulması üçün əsas göstərici hesab olunur. Bu hallar hərəkət və fiziki aktivlik zamanı döş qəfəsində ağrı, təngnəfəslik və ya yorğunluq kimi ümumi simptomlarla müşahidə olunur.

 

Xəstəliyin diaqnostikası üçün əməliyyatdan əvvəl təyin olunan exokardioqrafiya (ExoKQ), elektrokardioqrafiya (EKQ), USM, holter monitorinq, tredmil test, koronaroqrafiya, aortoqrafiya, koronar arteriyalarda damardaxili təzyiqin ölçülməsi kimi funksional diaqnostik, rentgenoloji müayinələr və laborator analizlər icbari tibbi sığorta ilə ödənişsiz aparılır.

 

Əməliyyat zamanı reanimasiya, stasionarda yatış və bu zaman istifadə olunan dərman, tibbi sərf, həmçinin zəruri müayinələrin xərci icbari tibbi sığorta ilə ödənir. Həmçinin pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.

 

Qeyd edək ki, stentin qoyulması əməliyyatı Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) göndəriş əsasında icra olunur.

 

Məlumat üçün bildirək ki, stent bədənin müxtəlif hissələrindəki tıxanmış və ya daralmış damarların açılması və qan dövranının yaxşılaşması üçün yerləşdirilən və xüsusi materialdan hazırlanmış nazik borudur. Bu tıxanmalar ürək əzələsini oksigenlə zəngin qanla təmin edən koronar arteriyaların daxili divarlarında yağ yataqlarının, xolesterin və digər maddələrin yığılması nəticəsində yaranır. Ürəyin işemik xəstəliyinin müalicəsi məqsədi ilə koronar arteriyalara yerləşdirilən stentlər vasitəsilə ürək əzələsinə qan axını bərpa edilir və infarktın qarşısı alınır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev