Fizioterapevt və reablitoloqların ilk konfransı təşkil olunub
28.04.2024 15:21

 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında “Fizioterapiya və tibbi reabilitasiyanın inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, əvvəlcə Dövlət Himnimiz səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi yad olunub.

 

Tədbirdə ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərova çıxış edərək universitetin rəhbəri, professor Gəray Gəraybəylinin əmrinə əsasən, 2020-ci ildə təşkil olunan İctimai sağlamlıq kafedrasında fizioterapiya ixtisasının yaradıldığını xatırladıb: “II Qarabağ müharibəsi zamanı  yaralanmış hərbçilərimizin reabilitasiyası və normal həyata qaytarılması üçün belə bir ixtisasın yaranmasına zərurət var idi. Bu istiqamətdə bu gün ilk konfrans keçirilir. Bir xoş məqam da ondan ibarətdir ki, konfransda tanınmış alimlərimizlə yanaşı, tələbələrimiz də çıxış edəcək. Bu da olduqca təqdiredici haldır”.

 

Fizioterapiya və tibbi reabilitasiya kafedrasının professoru Sədaqət Hüseynova isə çıxışında bu sahənin tibbin digər sahələri kimi sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, məqsəd bu sahədə çalışan həkimlərin məlumatlılığını artırmaq, biliklərini təkmilləşdirməkdən ibarətdir.

 

Konfransın işinə uğurlar arzulayan TƏBİB sədrinin müşaviri Pərvin Əkbərov  uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə təkliflər hazırladıqlarını bildirib: “Bu, ilk növbədə, Azərbaycan vətəndaşının sağlamlığına yönəlik, fizioterapiya və tibbi reabilitasiya xidmətlərindən daha əlçatan və keyfiyyətli şəkildə yararlanmağa böyük təkan olacaq. Onu da diqqətə çatdırım ki, ölkə üzrə reabilitasiya mərkəzlərinin yenidən qurulmasına başlamışıq. Bu da tələbələrimizin daha keyfiyyətli təhsil almasına, daha müasir xəstəxanalarda işləməsinə imkan verəcək”.

 

ATU-nun Fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, dosent Paşa Mehdiyev uzun müddət bu sahədə işləyənlərin bu ixtisasın üstünlük və çətinliklərini yaxşı bildiyini dilə gətirib: “Ölkəmizdəki mövcud təbii müalicə amilləri haqda hər birimizin məlumatı olmalıdır. Bunlardan palçıq vulkanları, Naftalan nefti, Naxçıvandakı Duz mağarası, Culfadakı mərgümüş tərkibli sular, Kəlbəcərin İstisuyunu və s. misal çəkmək olar. Bu sahələrin daha da inkişaf etdirilməsi, praktikada effektiv tətbiqi baxımından mütəxəssislərə ehtiyac var. Uzun müddət mütəxəssislərin hazırlanması və ixtisaslaşmış şəkildə xəstələrin müalicəsi ilə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu məşğul olub. 2018-ci ildə təmir olunan institutda hazırda xəstələr çox rahatlıqla müalicə ala bilirlər.

Məlumat üçün deyim ki, tibbi reabilitasiya ilə bağlı tədris proqram hazırlanıb. Artıq 20-dən çox rezident fizioterapevt və tibbi reabilitasiya üzrə ixtisaslaşıb”.

 

Kafedra müdiri onu da qeyd edib ki, hazırda fizioterapistlərin fəaliyyəti ilə bağlı müəyyən məhdudiyyətlər var: “Onlara həm xəstə qəbul etmək, həm diaqnoz qoymaq, həm də müayinələrə göndərə bilmək səlahiyyəti verilməlidir. Belə olarsa, bu sahədəki müəyyən çətinliklər aradan qalxar”.

 

Sonra panel iclaslara start verilib. Mütəxəssislərin və tələbələrin çıxışları maraqla qarşılanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev