ATU Kitab Klubu 1 yaşını qeyd edib  
04.03.2024 14:17

Azərbaycan Tibb Universitetində Kitab Klubu yaradılmasının bir ili tamam olub. ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin himayəsindəki klub fəaliyyətə başladığı gündən universitetdə böyük maraq doğuraraq, həm tələbələrin, həm də pedaqoji heyətin rəğbətini qazanıb.

 

Aztibb.az xəbər verir ki, Klubun sədri, II Müalicə-profilaktika fakültəsinin tələbəsi Rüfət Həsənlinin sözlərinə görə, klubu yaratmaqda məqsəd vəzifəsindən və kimliyindən asılı olmayaraq bütün Tibb Universiteti ailəsini vahid kitab damı altında toplamaq və maarif çırağı olmaqdır. Hazırda klubun 500 nəfərdən çox üzvü arasında tələbələrlə yanaşı, müəllimlər və universitetin digər işçiləri də var. Klubun İdarə Heyətindəki 17 tələbə bu məqsəd uğrunda böyük həvəs və əzmlə çalışır.

 

Kitab Klubu ötən bir il ərzində çoxsaylı layihələr həyata keçirib, bir çox uğurlara imza atıb. İlk növbədə, klubun ilk layihəsi olan və 2023-cü il martın 2-dən bu yana fəaliyyət göstərən Bədii Kitab Fondunun adını çəkmək olar. Klub üzvlərinin və müxtəlif əlaqəli qurumların bağışladıqları kitablar əsasında formalaşan bu fondda hazırda 300-ə yaxın müxtəlif adda və 4 dildə kitablar toplanıb. Günü-gündən zənginləşən Kitab Fondundan ay ərzində yüzə yaxın üzv yararlanır.

 

Kitab Fondu ilə eyni gündə klubun saytı (www.amubookclub.wordpress.com) istifadəyə verilib. Saytda tələbələrimizin müəllifi olduğu şeir və hekayələr, kitab təhlilləri, yazıçı və ədiblər haqqında və ədəbiyyatla bağlı müxtəlif mövzularda məqalələr paylaşılır. Xüsusi qeyd olunmalıdır ki, ATU-nun Kitab Klubu Azərbaycanda internet saytı olan yeganə kitab klubudur.

 

Klubun dəvəti və təşkilatçılığı ilə ədəbiyyatımızın tanınmış simaları ilə universitetimizdə görüşlər və imza günləri keçirilir. Ötən ilin aprelində detektiv yazıçısı Elxan Elatlı ilə görüş baş tutub. Növbəti aylarda mütəmadi olaraq müxtəlif ədiblərlə, eyni zamanda gənc yazıçı və şairlərlə bənzər görüşlərin keçirilməsi planlaşdırılır.

 

Klubda hər ay bir neçə dəfə müxtəlif janrlar üzrə fərqli kitabların müzakirəsi aparılır ki, üzvlər istər Azərbaycan, istərsə də dünya ədəbiyyatından müxtəlif yazıçılarla tanış olmaq imkanı əldə edirlər.

 

Ötən il may ayının 18-də Kitab Klubunun təşkilatçılığı və ATU-nun Azərbaycan dili kafedrasının dəstəyi ilə universitetimizdə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Poeziya Müsabiqəsi keçirilib. Hər il keçirilməsi və universitetimizdə ənənə halını alması nəzərdə tutulan müsabiqə şairlik və qiraət istedadı olan tələbələrin üzə çıxarılması və onlara bu sahədə stimul verilməsi məqsədi daşıyır.

 

Artıq bir neçə aydır ki, Klubun başlatdığı “Danışır ATU!” layihəsi çərçivəsində görüşlər təşkil edilir. Bu layihə çərçivəsində ədəbiyyatda hər zaman geniş yer verilmiş və uzun illərdir insanlar arasında müzakirə səbəbi olan məsələlərə, həmçinin müasir dövrümüzdəki bəzi mövzulara dair görüşlər keçirilir, üzvlər öz mövqelərini ortaya qoyur. Layihənin məqsədi gənclərdə fikrini savadlı şəkildə ifadə etmək bacarığını formalaşdırmaq, həmçinin təhlil olunan mövzulara çoxtərəfli yanaşmalarla tanış olaraq onları dəyərləndirməkdən ibarətdir.

 

Bütün bunlarla yanaşı, universitetimizlə bağlı digər layihələrdə də Kitab Klubunun rolu və xüsusi dəstəyi hiss olunmaqdadır. Belə ki, IX Bakı Beynəlxalq Kitab Sərgisində klub heyəti ATU-nun Əsaslı Kitabxanasının sərgi stendində universitetimizi təmsil edib.

 

Həmçinin universitet tərəfindən keçirilən müxtəlif yardım kampaniyalarına dəstək məqsədilə Kitab Klubu dəfələrlə aksiyalar başladıb, xeyli sayda kitab toplanıb. Ötən il bir neçə dəfə baş tutmuş belə aksiyalardan biri də Bioloji kimya kafedrasının müəllimi Firəngiz Quliyevanın təşəbbüsü ilə həyata keçirilən “Əsgərə xatirə kitabı” layihəsinə dəstək fəaliyyətidir. Klubun üzvləri artıq ikinci dəfədir ki, həmin layihəyə öz dəstəyini göstərir.

 

Rüfət Həsənli qeyd edir ki, Klubun fəaliyyət dairəsi tək universitetimizlə məhdudlaşmır. Klub ümumrespublika səviyyəsində bir çox kitab klubları, kitabxanalar və əlaqəli təşkilatlarla əməkdaşlıq etməkdə və universitetimizi həmin arenalarda tanıtmaqdadır. Digər universitetlərin kitab klubları ilə dostluq münasibətlərinin qurulması sayəsində qarşılıqlı fikir mübadiləsi aparılır. Bu baxımdan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən klublar xüsusi yer tutur. Leykemiya ilə Mübarizə İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində isə leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə kitablar toplanıb.

 

Klubun təşəbbüsü ilə ötən il dekabrın 19-dan 22-dək “Qanun” Nəşriyyatının universitetimizdə təşkil olunan kitab sərgisinə tələbələr böyük maraq göstərib. Gələcəkdə də müxtəlif kitab sərgilərinin təşkili nəzərdə tutulur.

 

Klubun hələ keçən ilin yayında elan elədiyi “Kirildən Latına” layihəsi üzrə bu ilin yanvarından etibarən artıq fəal işlərə başlanılıb. Layihənin məqsədi kiril qrafikasında yazılmış, unudulmuş qiymətli əsərləri latın qrafikasına köçürməklə onlara yenidən həyat vermək və müasir oxuculara çatdırmaqdır. Qeyd edək ki, müvafiq məsələ Azərbaycan Respublikası Prezidentinin 2004-cü ildə imzaladığı xüsusi fərmanda da öz əksini tapıb. “Kirildən Latına” layihəsi təkrar elan olunduqdan sonra 19 nəfər tələbədən ibarət komanda bir neçə kitabın latın qrafikasına köçürülməsini reallaşdırıb. Layihənin növbəti mərhələsi isə nəşriyyatlarla əməkdaşlıq və kitabların çapının həyata keçirilməsindən ibarət olacaq.

 

Kitab Klubunun başlatdığı son layihə isə bu ayın əvvəlində elan olunub. Layihə çərçivəsində Azərbaycan dilində səsli kitablar, qiraət bacarığı olan insanların səsləndirməsində poeziyamızın inciləri və ədəbiyyatla bağlı müxtəlif müzakirə tipli verilişlər hazırlanır. Qeyd edək ki, podkastinq dünyada son dövrlər məşhurluq qazanmış və inkişaf etməkdə olan sahədir. ATU Kitab Klubunun komandası isə Azərbaycanda bu mövzuda podkast yayımlayaraq ölkəmizi dünya arenasında tanıdan cəmi 3 komandadan biridir.

Səadət Məmmədova
Müəllifin digər yazıları