Kardioloq: Soyuq və rütubətli hava günlərində fiziki və zehni stressdən uzaq durun - MÜSAHİBƏ
02.02.2024 11:39

Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu Rafiq Yusifli müsahibəsində hazırkı mövsümün insan orqanizminə təsirləri, eləcə də ürək-damar xəstəliklərinin soyuq aylarda diqqət etməli olduqları məqamlarla bağlı faydalı məsləhətlərini paylaşıb.

 

Aztibb.az nazirliyin saytında dərc olunan müsahibəyə diqqət çəkib.


- Rafiq müəllim, qış mövsümü insan orqanizminə, xüsusən də ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə nə kimi təsir edə bilər?

- İstər sağlam insanların, istərsə də xəstələrin orqanizmində baş verən bütün proseslər və bioritmlər, fəsillərin hamısı insanların sağlamlığı ilə əlaqəlidirlər. Cavan və sağlam insanlarda təbiətin qeyri-sabitliyinə uyğunlaşma yüngül, ciddi əlamətlər törətmədən keçir. Yaşlılarda və xüsusilə ürək-damar, ağ ciyər, sinir sistemi xəstəlikləri olanlar da təsirsiz ötüşmür. Belə ki, orqanizmin uyğunlaşma prosesi çətinləşir, diskomfort və insanların səhhətində müəyyən problemlər yarana bilər.

Ətraf mühitdə baş verən hadisələrə ən həssası isə mərkəzi sinir və ürək damar sistemidir. Müşahidələr göstərir ki, xüsusilə qış mövsümündə adi hal olan surətli (8 m/saniyədən çox) soyuq şimal, cənub küləkləri olduğu günlər arterial hipertoniya, ürəyin işemik xəstəliklərinin kəskinləşməsi, hipertonik krizlər, miokard infarktı, aritmiyalara təsir edir. Bundan əlavə, havanın nisbi rütubətinin artdığı günlərdə boğulma, ürək astması, ağciyər ödemi hallarının baş vermə ehtimalı olur.

Qeyd edilən hava şəraiti ilə əlaqəli mərkəzi sinir sisteminə aid ən çox baş ağrısı, miqren tutmaları, halsızlıq, əzginlik, tez yorulma, baş gicəllənmə, əzələ, oynaq ağrıları və s. müşahidə olunur.
Məhz buna görə də, sinoptiklər haqlı olaraq meteohəssas, xüsusən də ürək-damar xəstəlikləri olan insanları əvvəlcədən xəbərdar edirlər.

- Soyuq havada bu halların baş verməsinin səbəbi nədir?

- Burada ilk səbəb - soyuq hava ilə nəfəs almağın, orqanizmin soyuq hava təsirinə məruz qalan nahiyələrində, üzdə, sinədə, eləcə də hava şəraitinə uyğun geyinməmək nəticəsində bədən damarlarında sıxılma-spazmın baş verməsidir. Məlumdur ki, yüksək qan təzyiqi olanlarda arterialarda tonus yüksək və sıxılmış olur.

Soyuq havada bunlar bir az da artır və qan təzyiqi daha da yüksəlir.
Başqa bir misal olaraq, ürək əzələsinin (miokardın) bir hissəsini təmin edən koronar arteriyaların daralması, sinə ağrısı, habelə stenokardiyanı qeyd etmək istərdim.

Bilmək lazımdır ki, soyuq havalarda qan dövranı yavaşlayır və qanın laxtalanması sürətlənir.

- Əgər küçədə kimdəsə ürək tutması və ya stenokardiya baş verərsə, bu zaman yardım üçün nə etmək lazımdır?

- Əgər ürək tutma sizin özünüzdə baş verib və stenokardiya olduğunu bilirsinizsə, dərhal təcili yardıma müraciət etmək lazımdır. Çox vaxt zəruri tibbi yardım aldıqdan sonra tutmalar keçir və ya əhəmiyyətli dərəcədə azalır.

Bu halda xəstəni uzatmaq və ayaq hissəni bir qədər yuxarı qaldırmaq önəmlidir. İlk yardım kimi ürək nahiyəsinə masaj və ağızdan-ağıza süni tənəffüs vermək lazımdır.

Ürəyin qapalı masajı hər 2 saniyədən bir üst-üstə qoyulmuş əllə döş qəfəsinin ürək nahiyəsini sıxmaqla aparılır. Ehtiyatla edilən bu masajda döş qəfəsinin divarının 2-3 sm basılmasına çalışmaq, qabırğa qırılmasından qorunmaq lazımdır. Bununla paralel olaraq, süni tənəffüs verməyi də davam etdirmək tövsiyə olunur.

- Ürək-damar xəstəliklərində xəstələnmə və digər hadisələrin baş verməməsi üçün nə etmək lazımdır?

- İlk növbədə meteohəssas insanlar, xüsusilə ürək-damar xəstələri, yüksək qan təzyiqi, stenokardiyası olanlar, infarkt və ürək əməliyyatları keçirənlər həkim tərəfindən təyin olunmuş dərmanların qəbuluna diqqətlə əməl etməlidirlər.

Dəyişkən, soyuq və rütubətli hava günlərində imkan daxilində fiziki və zehni stressdən uzaq durmalı, mümkün qədər evdə qalmalıdırlar. Həmişə özləri ilə nitroqliserin, qan təzyiqi əleyhinə təcili kömək edə bilən dərmanlar, qan durulducular götürməlidirlər. Gün ərzində soyuq havada çox durmamalı, arterial təzyiqi, qanda şəkəri müntəzəm ölçməlidirlər. Aritmiya və s. dəyişiklik olarsa, müalicə həkiminə müraciət etməlidirlər.

Qışda orqanizm tez-tez vitamin çatışmazlığı, xüsusilə soyuq və şaxtalı günlərdə vitamin D çatışmazlığı ilə qarşılaşır və immunitet zəifləyir. Soyuq havalarda vitaminlər və minerallar sağlamlığı qorumağa kömək edər.

Ağır qidalar, qızardılmış ət, spirtli içkilərdən, siqaretdən uzaq durmaq lazımdır. Maqnit burulğanı gözlənilən günlər həkim məsləhəti ilə bitki tərkibli sakitləşdiricilər qəbul etmək, nisbətən sakit havada isti geyinməklə 10-15 dəqiqə həyətdə yüngül gəzintiyə çıxmaq tövsiyə olunur.

Sonda qeyd edim ki, hər havaya uyğunlaşmaq, onun pis təsirindən qorunmaq o qədər də çətin deyil. Həkimin tövsiyələrinə əməl etmək və sağlamlığınıza diqqət yetirmək kifayətdir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
Dünya liderlərini bir araya gətirən
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb
 Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti tələbə qəbulu elan edir   
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
 Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb   
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Bütün şəhər və rayonlarda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalanıb
Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova