Professor Nailə Sultanova: "Raxitliyin erkən diaqnostikası və profilaktikası gələcək nəslin sağlamlığı baxımından vacibdir"
23.01.2024 15:53

Raxit - sümük toxumasının qeyri-kafi minerallaşması nəticəsində sümüyün formalaşmasının pozulması ilə təzahür edən, körpə və erkən yaşlı uşaqların xəstəliyidir. Aparıcı etioloji amili həyatın ilk iki ilində, uşaqların intensiv böyümə dövründə vitamin D və onun metabolitlərinin, kalsium və fosfor mübadiləsin çatışmazlığıdır.

 

Aztibb.az xəbər verir ki, bunu ATU-nun II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Nailə Sultanova uşaqlarda raxit-D vitamini çatışmazlığı ilə bağlı məlumat verərkən bildirib.

 

Professor vurğulayıb ki, hazırda vitamin D-nin immun sisteminə, apoptoza, ürək-damar, reproduktiv və başqa sistemlərə təsir mexanizminin öyrənilməsi son illərin nailiyyətləri kimi qiymətləndirilir: “Müasir ədəbiyyatlarda uşaqlar arasında D vitamini çatışmazlığının bir çox xəstəliklərin ağırlaşmasına səbəb olduğu açıqlanır. Bu vitamin uşaqların həyatında çox böyük əhəmiyyətə malikdir. Erkən yaş dövrlərində onun çatışmazlığı zehni inkişafın ləngiməsinə, depressiyaya, sümük toxumasının inkişafına mənfi təsir göstərməklə yanaşı, immun sisteminin zəifləməsinə də səbəb olur. Bir sıra tədqiqatçılar D vitaminini orqanizmdə baş verən bir çox mübadilə proseslərində fəal iştirak etdiyi üçün hormon da hesab edirlər. D vitamini bağırsaqlarda kalsium və fosfatların sorulmasında, mineral duzların sistemli daşınmasında və sümüklərin minerallaşması prosesində mühüm rol oynayır, həmçinin böyrəklər tərəfindən kalsium və fosfatların xaric olunmasını tənzimləyir. D vitamini çatışmazlığının əsas klassik klinik təzahürlərini raxit, osteomalasiya və sınıq riskinin olması təşkil edir. Statistik məlumatlara əsasən, dünya əhalisinin 70%-ə qədəri müxtəlif dərəcələrdə D vitamini defisitindən əziyyət çəkir”.

 

Onun sözlərinə görə, uşaqlarda raxitin klinik əlamətləri 2-3 aylıqda müşahidə edilir. Valideynlərin narahatlığına səbəb olan hallar uşağın oyanıq olması, kəskin səslərdən diksinməsi, çox tərləməsi, başın ənsə nahiyəsində tüklərin tökülməsi, turş qoxulu yapışqan tərin təsirindən dərinin qıcıqlanması, əzələ tonusunun azalması (uşağın fiziki inkişafı ləngiyir - yaşıdlarından gec oturmağa, iməkləməyə və ayaq üstə durmağa başlayır), böyük əmgəyin kənarlarının yumşaq olmasıdır. Laborator olaraq biokimyəvi müayinədə fosforun miqdarının azalması, fosfotazanın aktivliyinin artması təyin olunur. Bu əlamətlər 2-3 həftə davam edir.

 

Mütəxəssis qeyd edib ki, xəstəliyin "çiçəklənmə" dövründə artıq sümük toxumasının zədələnməsi deformasiyalar şəklində özünü göstərir. Kəllə sümüklərində: ənsə nahiyəsində kraniotabes, burnun yəhərəbənzər, kəllə sümüklərinin kvadrat formada olması, alın və təpə qabarlarının böyüməsi - "olimpik alın", əmgəklərin və kəllə tikişlərinin açıq qalması, dişlərin gec çıxması. Döş qəfəsi sümüklərində: qabırğaların sümük hissəsinin qığırdağa keçən yerində "raxit təsbehləri" olması, döş qəfəsində "çəkməçi döşü", "toyuq döşü" kimi deformasiyalar, Harison şırımı. Onurğa sütununda: kifoz, lordoz, skolioz kimi deformasiyalar. Ətraf sümüklərində: biləklərin qalınlaşıb "raxit bilərziyi" şəklində olması, çanaq sümüklərində daralma (yastı raxit çanağı) və borulu sümüklərdə deformasiya, bud, qamış, incik sümüklərinin diafizlərində osteomolyasiya nəticəsində sümüklərdə "Х-vari", "О-vari" deformasiyalar, "coxavara", "coxa valqa". Borulu sümüklərin rentgenoqrafiyasında osteoporoz, metafizlərin qədəhəbənzər genişlənməsi, kortikal qatın nazik olması, böyümə zonası kənarlarının girintili-çıxıntılı olması aşkar edilir. Bu mərhələdə qanın biokimyəvi analizində D hipovitaminozu, hipofosfatemiya, hipokalsiemiya, qələvi fosfatazanın artması qeyd olunur. Rekonvalessensiya dövründə uşağın ümumi vəziyyəti yaxşılaşır, sinir və vegetativ pozuntular bərpa olunsa da, əzələ hipotoniyası və sümüklərdəki deformasiyalar qalır”.

 

Raxitin müalicəsindən də bəhs edən həkim qeyd edib ki, bu, kompleks şəkildə aparılır. Burada əsas məqsəd kalsium-fosfor mübadiləsini normallaşdırmaq, metabolik asidozu aradan qaldırmaqla D vitamini defisitini bərpa etməkdən ibarətdir. İlk olaraq raxitin müalicəsində uşaqların həyat keyfiyyətini yaxşılaşdırmaq, düzgün qida rejimini tərtib etmək, Günəş vannaları qəbul etmək, gündəlik rejimi yaxşılaşdırmaq və s. kimi qaydalara riayət etmək lazımdır. D vitamini preparatları, kalsium və maqnezium tərkibli dərmanlar, bir qrup vitaminlər polivitamin şəklində tətbiq olunur. Son illər D vitamini preparatlarının daha çox sulu formalarına üstünlük verilir. Sulu məhluldan istifadə edərkən nəinki vaxtında doğulan, həmçinin vaxtından əvvəl doğulan körpələrdə, mərkəzi sinir sisteminin perinatal zədələnməsi və digər patoloji vəziyyətləri olan uşaqlarda həzm sisteminin yetişməməsini nəzərə alaraq xolekalsiferolun daha yaxşı sorulmasını təmin etmək olar.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib