Ürək qüsuru ilə doğulan uşaqlar dövlət büdcəsi hesabına əməliyyat olunacaq
23.01.2024 10:29

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına dair müqavilə imzalanıb.

 

Agentlikdən Aztibb.az-a verilən məlumata görə, açıq tender nəticəsində bağlanmış satınalma müqaviləsinə əsasən uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması üzrə ümumilikdə 44 tibbi xidmət göstərilir. Bu xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, kardiostimulyatorların implantasiyası və dəyişdirilməsi, ürəkətrafı kisənin açılması, punksiyası və çıxarılması, ağciyər arteriyasından çıxan sol və sağ tac damarların reimplantasiyası, daralmış aorta damarına minimal invaziv yolla balonun tətbiqi, qulaqcıqarası, mədəcikarası çəpər defektlərinin protezlə bərpası, kəskin ürək çatışmazlığında qanın oksigenlə zənginləşdirilməsi və digər tibbi prosedurlar daxildir.

 

Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar tibb müəssisələri tərəfindən Respublika Uşaq Klinik Xəstəxanasının uşaq kardioloji şöbəsinə yönləndirilməlidir. Şöbədə aparılan müayinələrdən sonra son diaqnoz qoyulur və əməliyyat üçün tibbi göstəriş olduğu təqdirdə Bona Dea Hospitalına göndəriş verilir.

 

Anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlara təcili cərrahi müdaxilə tələb olunarsa uşaq və onun qanuni nümayəndəsinin Respublika Uşaq Klinik Xəstəxanasına yönləndirilməsinə ehtiyac yoxdur. Təcili tibbi yardım tələb olunan hallarda yenidoğulmuşun vəziyyəti və transportabelliyi nəzərə alınaraq küvəzlə təmin olunmuş reanimobildə neonatoloq və tibb bacısının (mama) müşayiəti ilə uşaq əməliyyat üçün birbaşa Bona Dea Hospitalına çatdırılmalıdır. Bu halda tibb müəssisəsi tərəfindən son diaqnozun qoyulması və yekun icra olunacaq əməliyyatın təyinatı üçün agentliyin məsul şöbəsinə bu barədə elektron sorğu göndərilməli və razılıq alınmalıdır.

 

Qeyd edək ki, anadangəlmə ürək qüsurlarının cərrahi əməliyyatla aradan qaldırılması həmçinin agentliklə müqaviləsi olan digər özəl tibb müəssisələrində də icbari tibbi sığortanın xidmətlər zərfi hesabına göndəriş əsasında həyata keçirilir. Bona Dea Hospitalında müqavilə əsasında icra olunacaq cərrahi əməliyyatın cəmi 6-sı xidmətlər zərfinə daxil deyil. Buna baxmayaraq patologiyaların vaxtında aşkarlanması və cərrahi müdaxilə həyati təhlükəli vəziyyətlərin qarşısını aldığı üçün anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar sözügedən kardioloji əməliyyatlardan ödənişsiz faydalana bilərlər.

 

44 tibbi xidmətin siyahısı ilə buradan ( https://its.gov.az/bloq/usaqlarda-anadangelme-urek-qusurlari-odenissiz-aradan-qaldirilir ) tanış ola bilərsiniz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır