Türkiyədə 2019-cu ildən SMA xəstələri üçün fond yaradılıb. Bəs ölkəmizdə?
27.10.2023 17:33

SMA xəstəsi olan körpənin ailəsindən çağırış

SMA (Spinal Muscular Atrophy)... Bir çoxları artıq bunun çox ağır, xəstə və yaxınlarını maddi və mənəvi cəhətdən tükəndirən bir xəstəlik olduğunu bilir, televiziya kanallarından və sosial şəbəkələrdəki yardım kampaniyalarından. O yardım kampaniyaları ki, görəndə birinci “Allah göstərməsin”, daha sonra “Allah köməkləri olsun” deyib keçirik. Allah kömək olur, amma biz insanlar da vasitəçi olmalıyıq. Təəssüf ki, bir neçə nəfərin köməyi ilə sadəcə 1 xəstəyə yardım göstərməklə problem həll olunmur. Bu xəstələr vaxtı vaxtında, daimi şəkildə dərmanlarını qəbul etməlidirlər. Müalicəyə gecikmiş 1 xəstəyə bir neçə milyon dollar pul yığmaqdansa fond yaradıb sponsorlar cəlb etsək daha çox insanın həyatı qurtular.

SMA xəstələri üçün ümid olaq

Avqust ayı Türkiyədə "SMA farkındalık ayı" elan olunub. Gəlin elə biz də bu xəstələri fərq edək və ehtiyaclarını nəzərə alaq.

Sevindirici haldır ki, Türkiyədə artıq 2019-cu ildən bəri məhz bu xəstələr üçün fond yaradılıb. Xəstələr qeydiyyata alınır və dərmanları dövlət tərəfindən qarşılanır. Belə xəstələr üçün dönüş nöqtəsi olan bu fond türk xalqının təşəbbüsü və əzmi sayəsində təsis edilib.

Əminik ki, ölkəmizdə də kifayət qədər xeyriyyəçi, imkanlı şəxslər var ki, onların sponsorluğu və dövlətimizin dəstəyi ilə bizdə də fond yaradıla bilər. Böyük şirkətlər, özəl məktəblər, universitetlər ildə bir dəfə fonda yardım bağışlaya bilərlər. Biz Hacı Zeynalabdin Tağıyevin irsiyik, gəlin bunu bir daha sübut edək. SMA xəstələri və onların ailələri üçün ümid olaq.

Hazırda, Türkiyədə bu xəstəlikdən müalicə alan müəllim tanıyıram. Mevlüt Uyanık Türkiyənin Aydın şəhərində tarix müəllimi olaraq çalışır. Yüzlərlə şagirdə dəstək olub.

Ayça Şahin PhD namizədidir, özü də SMA xəstəliyi ilə bağlı dissertasiya üzərində işləyir. Bu nə böyük uğurdur, bilirsiniz mi? Həm bu xəstəliklə mübarizə aparır, həm də həmin xəstəliyi araşdırır.

Üstəlik Türkiyədəki sözügedən qurum bu xanım və ailəsi sayəsində qurulub, yüzlərlə körpənin həyatı xilas olub, yüzlərlə yetkin insan həyatlarına qaldıqları yerdən davam edə biliblər.

Bu xəstələr bəlkə bir gün böyüyüb millətinə, dövlətinə faydalı vətəndaş olacaqlar. Bu şansı nə o körpələrin əlindən, nə də bu millətin əlindən almayaq.

Ümumilli Liderimiz Heydər Əliyevin dediyi kimi "Uşaqlar millətin gələcəyidir". Millətimizi gələcəyindən məhrum etməyək. Onlara, sabahlarına ümid olaq!

Dövlət dəstəyi şərtdir

Heç kəs mənim başıma gəlməz deməsin. Gəlir çünki, həqiqətən gəlir. Sizin başınıza gəlsə sizə kim kömək olacaq? Çünki nə qədər imkanlı olursanız olun, bu xəstəliyin müalicəsi, təəssüf ki, bir şəxsin qarşılaya biləcəyi müalicə deyil. Dövlət dəstəyi şərtdir. Tək diləyimiz bizim ölkədə də bu xəstəliklə bağlı müsbət addımların atılmasını görməkdir.

Əfsuslar olsun ki, bizim qızımıza da bu xəstəliyin diaqnozu qoyuldu. Şəklini görürsünüz. Onun timsalında digər körpələrin də simalarındakı nurun solmasına icazə verməyək. Dünya onların gülüşləri ilə bəzənir, onlar varsa gözəldir.

Bu postu görən hər kəsdən mümkün qədər çox paylaşıb, ictimailəşməsinə, vəzifəli şəxslərə çatmasına vəsilə olmalarını xahiş edirəm. Sizin sayənizdə yüzlərlə insan sabaha ümidlə baxacaq, həyatları xilas olacaq. Bəlkə o insanlar arasında sizin yaxınlarınız da olacaq, ona görə biganə yanaşmayaq bu mövzuya.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub