İradə Axundova: "Ağciyər xərçəngindən ölən kişilərin 90%-də tütünçəkmə əsas amil sayılır"
07.07.2023 11:16

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova tütündən asılılıq, siqarətin orqanizə zərərləri ilə bağlı suallarımızı cavablandırıb.

 

Aztibb.az müsahibəni təqdim edir:

 

- İradə xanım, ilk öncə bilmək istərdik ki, tütün asılılığı hansı xəstəliklərin yaranma riskini artırır?


- Tütün istifadəsinin başda ağciyər olmaqla bütün orqanlara ciddi zərərləri var. Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 6 saniyədən bir dünyada tütünçəkmə ilə bağlı xəstəliklər səbəbindən bir nəfər dünyasını dəyişir.


Tütün istifadəsi bir sıra xəstəliklərin yaranma riskini artırır. Onkoloji xəstəliklər - tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət, qantörədici sistemlərdə yüksək ehtimal ilə baş verə bilər. Tütünçəkmə ağciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbi hesab edilir. Ağciyər xərçəngindən ölən kişilərin 90%-də tütünçəkmə əsas amil sayılır. Aktiv tütün çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçəng xəstəliyinin yaranması riski artır. Ürək-damar xəstəlikləri: ateroskleroz, serebrovaskulyar xəstəliklər, həmçinin qarın aortasının anevrizmasının inkişafı ehtimalı var. Bundan əlavə, tənəffüs yolları xəstəliklərinin (ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxit, pnevmoniya) yaranması mümkündür. Eyni zamanda, tütün çəkən kişilərdə erektil disfunksiya inkişaf riski nisbətən çoxdur.


Tütün çəkən insanlarda digər xəstəliklər (katarakta, mədənin peptik xorası, immun sisteminin zəifləməsi) müşahidə olunur, onların xarici görünüşü dəyişir. Belə ki, tütünçəkmə dişlərin və dırnaqların saralmasına, saçların tökülməsinə və qırışların yaranmasına gətirib çıxarır. Bəzən insanlar səhv olaraq bədən çəkisinə tütün çəkməklə nəzarət etməyi düşünürlər.

 

- Hamilə qadının tütün asılılığı doğulacaq körpədə hansı fəsadlara səbəb ola bilər?

 

- Siqaret çəkən qadınlarda fertillik (münbitlik) zəifləyir. Tütün tüstüsü ilə daxil olan zərərli maddələr həm hamilə qadına, həm də bətnindəki dölə mənfi təsir göstərir. Tütün tüstüsünün toksiki maddələri hamiləlik zamanı baş verən müxtəlif fəsadların yaranması ehtimalını və dölün oksigen çatışmazlığına gətirib çıxararaq onun bütün orqanlarında normal inkişafın pozulması riskini artırır. Siqaret çəkən qadınlarda ağırlaşmalar, vaxtından əvvəl doğuş, normadan aşağı çəkili yenidoğulmuşlar, ciftin vaxtından əvvəl ayrılması, uşaqlarda qəflətən ölüm sindromu və anadangəlmə anomaliyalar riski yüksəkdir. Bundan başqa, daha sonra uşaqlarda öyrənmə zəifliyi, hiperaktivlik, davranış pozuntuları, gələcəkdə bronxial astma riski yüksək olur.

 

- Passiv siqaret çəkənlər hansı xəstəliklərdən əziyyət çəkirlər?

 

- Tibbdə xroniki tütünçəkmə tütün asılılığı, nikotin asılılığı, tütünə və ya nikotinə qarşı meyl kimi müəyyən edilir. Bu, heç də zərərsiz bir vərdiş deyil ki, insan onu asanlıqla tərgitsin. Tütünçəkmədən imtina üçün təkrari müdaxilələrin və cəhdlərin göstərilməsi tələb olunur.


Aktiv tütünçəkmə - qurudulmuş və ya emal edilmiş közərən tütün yarpaqlarının tüstüsünün (əksər hallarda siqaretçəkmə vasitəsi ilə) nəfəs yolları ilə qəbul edilməsidir.
Passiv tütünçəkmə - ətrafa yayılan tütün tüstüsünün nəfəs yolları ilə qəbul edilməsidir. Passiv tütünçəkmə adətən qapalı yerlərdə baş verir, lakin açıq havada da baş verə bilər.


Üçüncülü tütünçəkmə - tütünçəkməni qutarandan sonra otaqda uzun müddət qalan nikotin qalıqları və digər kimyəvi maddələr ilə nəfəs alınmasıdır. Otaqda nikotin qalıqları və digər kimyəvi maddələr məkandakı əşyaların müxtəlif səthlərində qala bilər.


Elmi cəhətdən sübut edilib ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur. Passiv siqaret çəkənlərin məruz qaldığı duman çevrəsi tütün dumanı adlanır və 2 hissəyə ayrılır - yanan siqaretdən ayrılan və siqaret çəkənin nəfəsi ilə yayılan.


Bu tip zərərli dumana məruz qalan insanlarda siqaret çəkənlər qədər sağlamlıq problemlər yaşanılır. Əsasən uşaqlarda orta qulaq iltihabı, bronxit, astma, piylənmə, 2-ci tip şəkərli diabet və s. müşahidə olunur.

 

- Siqareti tərgitdikdən neçə müddət sonra orqanizmdə müsbət yönümlü dəyişikliklər hiss olunur?

 

- Tütünçəkmə nəticəsində əmələ gələn bir çox xəstəliklərin yaranma riski tütünçəkmədən imtina etdikdən sonra azalır. Xəstəliklərin yaranmasına görə fərdi risk tütünçəkmənin müddətindən və intensivliyindən asılıdır.


Siqareti tərgitdikdən sonra orqanizmdə təmizləmə aşağıdakı mərhələlərlə başlayır:


• İlk 20 dəq ərzində qan təzyiqi normallaşır;
• 8 saat sonra qanda oksigen səviyyəsi normallaşır, miokard infarktı riski azalır;
• 24 saat sonra karbonmonoksit orqanizmdən tamamən təmizlənir;
• 48 saat sonra qanda nikotin səviyyəsi azalır, dad və qoxu hissi yüksəlir;
• 2 həftə-3ay arası qan dövranı tam bərpa olur. Ağciyərlərin həyat tutumu 30% artır. Fiziki aktivlik yaxşılaşır;
• 1 ildən sonra koronar arteriyalarla bağlı xəstəlik riski 50% azalır;
• 5 il sonra ağciyər xərcəngi riski 2 dəfə azalır. İnsult riski siqaret çəkməyənlərlə eyni olur.

ÇOX OXUNANLAR
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
 Tibb müəssisələri arasında şəhid ailələrinin üzvlərinin işlə təmin olunması sayına görə Sumqayıt Tibb Mərkəzi ilk yerdədir   
Bütün şəhər və rayonlarda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalanıb
Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Beynəlxalq Tibbi və Sağlamlıq Turizmi Sərgisinə pulsuz bilet əldə edin!