Koreya hökuməti tərəfindən ölkəmizə tibbi avadanlıqlar ianə edilib
04.07.2023 17:22

Koreya hökuməti COVID-19 pandemiyasından sonrakı dövrdə həssas əhali qruplarından olan uşaqların sağlamlığının qorunması məqsədilə ölkəmizə tibbi avadanlıqlar ianə edib.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, ianə edilmiş avadanlıqlar defibrilyator, anesteziya aparatı, süni tənəffüs cihazı, yenidoğulmuşlarda tənəffüs çatışmazlığının profilaktikası məqsədi ilə qeyri-invaziv cihaz, yenidoğulanlar üçün küvəz və radiant qızdırıcı, fototerapiya cihazı və oksigen tənzimləyicidən ibarətdir. Avadanlıqların ümumi dəyəri 300 000 ABŞ dolları (510 000 manat) təşkil edir.

 

Defibrilyator həyatı təhlükəsi olan pasiyentlərdə ürək ritminin pozulması hallarında ürəyin fəaliyyətini bərpa etmək üçün nəzərdə tutulub. Defibrilyator vasitəsilə monitor rejimdə elektrokardioqrafiya (EKQ) müayinəsi, saturasiya, qan təzyiqi, bədən hərarətini və digər həyat üçün vacib hemodinamik göstəriciləri ölçmək mümkündür.

 

Böyüklər, uşaqlar və yenidoğulmuşlar üçün nəzərdə tutulan və çoxsaylı ventilyasiya rejimlərinə malik 2 ədəd anesteziya aparatı 38 sm ölçüdə rəngli monitorla təchiz edilib. 3 ədəd fototerapiya cihazı isə yenidoğulmuşlarda neonatal sarılıq səviyyəsini aşağı salmaq üçün istifadə ediləcək. Fototerapiya cihazları işıq yayan diod (LED) lampalarla və tibbi prosedurun müddətini izləmək üçün taymerlə təchiz edilib.

 

İanə edilmiş 5 ədəd küvəzdə havanın və körpənin bədən hərarətinə, rütubətə nəzarət etmək mümkündür. Yenidoğulmuşların rentgenoloji müayinəsi üçün küvəzlər rentgen kasetlərlə təchiz edilib.

 

6 ədəd süni tənəffüs aparatı İntensiv terapiya şöbələrində pasiyentləri fasiləsiz oksigenlə təmin etmək üçün nəzərdə tutulub. 33 sm ölçüdə toxunma ekranla təchiz edilən cihazda müxtəlif ventilyasiya rejimlərini seçmək mümkündür. Xəstəxanadaxili nəqliyyat rejimi pasiyenti fasiləsiz sürətdə ventilyasiya ilə təmin edərək tibb müəssisəsi daxilində süni tənəffüs aparatına qoşulu vəziyyətdə daşımağa imkan verir. Daxili enerji saxlayıcı elektrik enerjisi kəsildikdə, cihazın 150 dəqiqə fasiləsiz işini təmin edir.

 

Qeyd edək ki, tibbi avadanlıqlar Respublika Perinatal Mərkəzinə və Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına verilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev