"Zəlzələdən sonra uşaqlarda psixiki pozğunluqlar müşahidə oluna bilər" - Psixiatr Çilənay Xəlilova  
04.07.2023 12:24
Təbii fəlakətlər, eləcə də zəlzələ zamanı uşaqlarda təşviş, həyəcan, travma sonrası stress pozuntusu, depressiya kimi psixiatrik xəstəliklər yaşana bilər. Bu baxımdan valideynlər diqqətli olmalı, mümkün qədər uşaqlarda təşviş yaratmamalıdırlar.
 
Aztibb.az xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 22 nömrəli Uşaq Poliklinikasının həkim-psixiatrı Çilənay Xəlilova məlumat verib.
 
Həkimin sözlərinə görə, bu zaman uşaqlarda baş verə biləcək travmalar gündəlik həyatdakı stresdən çox fərqlidir. Bu travmalar gözlənilmədən baş verdiyinə görə, uşaqlar daha çox əziyyət çəkirlər:
“Belə ki, xəstəlik özünü əhval-ruhiyyənin enməsi, kefsizlik, yuxu pozuntusu, iştahada dəyişiklik, əzizlərini itirmək qorxusu ilə özünü göstərir. Azyaşlı uşaqlarda valideynlərindən ayrı yatmaq, evdə tək qalmaq, heç yerə getmək istəməmə, qaranlıq mühitlərdən qaçma kimi qorxular baş qaldırır.
 
Ümumiyyətlə, zəlzələ qorxusunun yaranması üçün zəlzələ olması lazım deyil. Məsələn, zəlzələ şəklinə və ya başqa səbəblərdən kiçik yer silkələnməsinə baxdıqları zaman belə uşaqlarda güclü emosional reaksiyalar ola bilər”.
 
Çilənay Xəlilova zəlzələ qorxusundan (seymofobiya) uşaqlarda narahatlıq, daimi sayıqlıq, baş gicəllənməsi, titrəmə, ürək döyüntüsü, tərləmə kimi əlamətlərin də müşahidə edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu əlamətlər müxtəlif yaş qruplarında olan uşaqlarda müxtəlif şəkildə büruzə verir. 6 yaşından kiçik uşaqlar ölüm anlayışını tam dərk etmədikləri üçün hadisənin fərqində olmurlar. Bəzi uşaqlar zəlzələ zamanı şok vəziyyətində olub donub qalır, hisslərini basdırır, bəziləri isə ağlayıb, qışqıraraq reaksiya verirlər. 6 yaşından böyük uşaqlarda travma sonrası (posttravmatik) stress pozuntusu daha çox rast gəlinir. Yaşadığı evin dağılması, valideynini itirmək, oxuduğu məktəbin artıq olmaması ciddi şəkildə depressiyaya gətirib çıxara bilər.
 
Həkim-psixiatr bu məqamda ailənin verdiyi reaksiyanın böyük əhəmiyyət kəsb etdiyini də vurğulayıb. Qeyd edib ki, valideynlər övladına zəlzələnin təbii fəlakət olduğunu və bu zaman nələr etməli olduğunu açıq-aydın şəkildə izah etməlidirlər. Uşaqlar valideynlərinin danışığına və davranışlarına qulaq asmadıqları kimi görünsələr də, əslində bütün hadisələri təfərrüatlı şəkildə içlərində saxlayırlar.
 
O, uşaqlarda yuxarıda sadalanan halların uzun müddət davam etdiyi təqdirdə həkim-psixiatra müraciət etməyi tövsiyə edib.
 
"Bəzən siz özünüz də bilmədən uşaqlar üçün ciddi travmalar yaşada bilərsiniz. Unutmayın ki, onlar valideynlərindən, böyük insanlardan dəfələrlə həssasdır. Ona görə də istənilən təhlükəli situasiyalarda onların psixoloji durumunu nəzərə alın!
 
Sabah sizin unudacağınız hadisə onlar üçün bir ömür travma ola bilər! Hər bir halda onları psixiki pozuntulardan qoruyun!", - deyə Çilənay Xəlilova  bildirib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev