Nahid Məhərrəmov: "Düzgün qidalanmama zamanı yaranan həzm sistemi pozğunluqları bir çox xəstəliklərə yol aça bilər"
03.07.2023 11:09

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Nahid Məhərrəmov həzm sistemi ilə bağlı suallarımızı cavablandırıb.

 

Aztibb.az müsahibəni təqdim edir:

 

- Nahid müəllim, ilk öncə bilmək istərdik ki, həzm pozulmasının simptomlarına nələr daxildir?

 

- Həzm sistemi orqanlarına ağız, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq, qara ciyər, mədəaltı vəz və öd kisəsi aiddir. Həzmin pozulması və ya həzmsizlik tibbdə dispepsiya adlanır. Daha çox oturaq həyat tərzi və qeyri-sağlam qidalanma həzmsizliyə yol açır. Bunlara aiddir: tez-tez, az çeynəyərək yemək və ya çoxlu yemək, yeməkdən həmən sonra uzanmaq, çox yağlı qidaların qəbulu, spirtli və qazlı, kofein və ya şəkər tərkibli içkilər, həmçinin tütün məhsullardan müntəzəm istifadə, stres, təşviş və digər psixoloji problemlər, piylənmə, dərmanların nəzarətsiz qəbulu, oturaq həyat tərzi, nizamsız yuxu rejimi və s.


Həzmin pozulmasının əlamətləri qarında ağrı və ya hansısa narahatlıq yarada bilir. Bu, sağ və ya sol qabırğaaltı, kürək və epiqastral nahiyyədə ağrılar, gəyirmə, döş sümüyü arxasında yanma, qıcqırma, qəbizlik, ishal kimi müşahidə oluna bilər. Həzmsizliyin əlamətləri adətən yeməkdən sonra mədənin həzmi yerinə yetirməsi zamanı başlayır.


Simptomlar arasında ən çox yayılmış olanı yemək əsnasında meydana gələn erkən doyma hissidir. Bu, qarında şişkinlik, gəyirmə, ürəkbulanma və ya ürək yanması ilə müşayiət oluna bilər. Həzmsizliyi müalicə etmək üçün öncə düzgün qidalanmaq, stresdən uzaq durmaq, yuxu rejimini bərpa etmək, aktiv olmaq lazımdır.

 

- Doktor, həzm pozulması hansı xəstəliklərin yaranmasına səbəb ola bilər?

 

- Həzm pozulmasına səbəb olan xəstəliklərin bəziləri bunlardır: reflüks ezofagit, qıcıqlanmış bağırsaq sindromu, mədə xoraları, mədəaltı vəz və ya öd yolları anomaliyaları, laktoza və ya qlüten intoleransı, mədə iltihabı, çölyak xəstəliyi, öd kisəsi daşları, mədəaltı vəzin iltihabı, qəbizlik, bağırsaq keçməzliyi, bağırsaq damarlarının tıxanması, şəkərli diabet, qalxanvari vəz xəstəlikləri, mədə xərçəngi və s.


Düzgün qidalanmama zamanı yaranan həzm sistemi pozğunluqları bir çox xəstəliklərə və orqanların zədələnməsinə gətirib çıxara bilər. Bu zaman şəkərli diabetin, arterial təzyiq, infarkt, insult, böyrək daşlarının, öd daşlarının əmələ gəlməsinə şərait yaranır. Həzm sistemi pozğunluqları, həmçinin metobolik dəyişikliklər və piylənməyə də səbəb olur.

 

- Yaz-yay mövsümündə adətən hansı qidalar mədə bağırsaq sisteminin fəaliyyətində çətinlik yaradır?

 

- Konservləşdirilmiş məhsullardan çox istifadə ilin bütün fəsillərində mədə bağırsaq sistemində problem yarada bilər. Yaz-yay aylarında bu məhsulları mümkün qədər az istifadə etmək lazımdır. Duzlu və hisə verilmiş balıq məhsulları, xəmir yeməkləri və çox yağlı qidalardan da az istifadə olunması tövsiyə olunur.

 

- Yeməkdən əvvəl və sonra doğru su içmə qaydası necədir?

 

- Orqanlarımızın normal işləməsi və dolayısı ilə həzmin də yaxşı olması üçün su əvəzedilməzdir. Əlbəttə ki, zamanında və qədərində su içmək şərtdir. İnsanın gün ərzində təqribən 1.5-2 litr su içməsi məqsədəuyğundur. Hər gün oyandıqdan dərhal sonra, yəni acqarına bir stəkan su içmək çox faydalıdır. Yatmazdan ən tez 3 saat əvvəl su qəbulunu dayandırmaq lazımdır. Yeməkdən yarım saat əvvəl və ən tez 40 dəqiqə sonra içilən suyun faydaları daha çoxdur. Yemək zamanı maye qəbulu tövsiyə olunmur.

- Həzm pozuntusu olan insanlar qıdalanmada nəyə diqqət etməlidirlər?

 

- Həzm sistemi xəstəlikləri olan insanların rasionuna şirin, turş, duzlu, acı və yağlı qidaların qəbulu tövsiyə olunmur. Spirtli və qazlı içkilər də həzm sistemi xəstəliklərində arzuolunmayanlar sırasındadır. “Fast food”dan müntəzəm istifadə həzm sistemində ciddi problemlər yaradır, piylənməyə gətirib çıxarır. Bu zaman infarkt və insult riski artır. Həzm sistemi xəstəliklərindən əziyyət çəkən insanlar lifli qidalardan, meyvə və tərəvəzlərdən daha çox istifadə etməlidir. Nəticədə bağırsaq fəaliyyəti yaxşılaşır, vitamin və minerallar lazımi qədər orqanizmə ötürülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub