Akademik Zərifə Əliyeva oftalmologiya elminin inkişafına böyük töhfələr verib - MƏQALƏ
09.04.2023 10:42

Zərifə Əziz qızı Əliyeva 1923-cü ilin 28 aprel tarixində Şərur rayonunun Şahtaxtı kəndində dövrünün görkəmli ictimai-siyasi və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya gəlib. Onun valideynləri Əziz Əliyev və Leyla Abbasova qədim Azərbaycan diyarı olan İrəvan mahalında anadan olublar. Ermənilərin azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirdikləri soyqırımı siyasəti və təqiblər onları Naxçıvan Muxtar Respublikası ərazisinə köçməyə məcbur edib.

 

Ömrünü tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə institutu əla qiymətlərlə bitirmişdi. Qısa müddətdən sonra Zərifə Əliyeva həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan geniş yayılmış traxoma infeksion xəstəliyinə qarşı mübarizə aparmışdır. Bu xəstəliyə qarşı təsirli müalicə üsullarının olmadığı bir dövrdə Zərifə xanım Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara getmiş, həkim-oftalmoloqlara məruzələr oxumuş, əhali arasında maarifləndirmə işləri aparmışdır.

 

Eyni zamanda, Zərifə xanım Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnmişdi. Vətənə qayıdan Zərifə Əliyeva 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamış, 1950-ci ildə aspiranturaya qəbul olmuşdu. O, bu müddətdə həm praktik əməli həkim fəaliyyəti ilə məşğul olmuş, həm də elmi axtarışlarını davam etdirmişdi.

 

Traxoma xəstəliyinin aradan qaldırılmasını qarşıya məqsəd qoyan Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, o dövr üçün yeni olan antibiotikdən - sintomisindən istifadə olunmasına həsr etmişdi. Zərifə xanım Əliyevanın bu sahədə tədqiqatlarının nəticələri 1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi” mövzusunda uğurla müdafiə etdiyi namizədlik dissertasiyasında öz əksini tapıb.

 

Zərifə xanım haqlı olaraq hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə, öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.


Göygöl Rayon Mərkəzi Xəstəxanasının terapevti Sevda Həsənova

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır