Süfrələrdə bayram şirniyyatları, biri-birindən dadlı yeməklər, normadan artıq oturaq rejimi, artıq kilolara səbəb ola bilər. Bayram günlərində insanlar orta hesabla azı 0.5 kilodan artıq çəki alır. İlk baxışdan çox olmasa da, bu daha da böyük rəqəm ola bilər və əksər hallarda həmin artıq kilolar getmir. Belə ki, bayramlar illik çəki artımında əsas rol oynaya bilər.
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının həkim-fizioterapevti Səidə Kərimova artıq kalori və çəki alma problemi barədə məlumat verərkən deyib.
Həkim qeyd edib ki, kalori bir enerji vahididir və bizim orqanlarımızın normal fəaliyyəti, bədən temperaturunun stabil saxlanılması, hərəkətlərin icra olunması üçün lazımdır. Çox qida qəbul etdikdə və hərəkət az etdikdə, orqanizm artıq kalorini piy şəklində saxlayır.
Gün ərzində qadınlar üçün təxmini 2200 və kişilər üçün 2500 kalori lazım olur. Bu rəqəmlər nisbidir və normal rejimdə insanın fəaliyyəti üçün tələb olunan əsas kalori miqdarıdır. Bu rəqəmlər dəyişilə bilir və bir neçə amildən asılı olur: yaş, genetik xüsüsiyyətlər, əzələ-piy nisbəti. Bir insanda əzələ qatı daha çoxdursa, o piy qatı çox olan insana nisbətən daha çox kalori yandırır:
"Misal üçün siz 3.5 kilo atmaq istəyirsiniz. Hər 0.5 kq atmaq üçün siz təxmini 3500 kalori yandırmalısınız. Bunun üçün siz qəbul etdiyiniz yeməyinizi azalda bilərsiz, lakin həm diet, həm idmana başlasanız daha da güclü effekt ala bilərsiz. Eyni zamanda, idman əzələ qatının inkişafına və artmasına kömək edir, o da öz növbəsində daha çox kalori yandırmağa kömək edəcək", - deyə S.Kərimova bildirib.
Fizioterapevt böyük əzələ qruplarını hərəkətə gətirən aerobik idman hərəkətləri məsləhət görüb. Qeyd edib ki, aşağıda bəzi idmanlar və aktivlik zamanı yandırılan kalori miqdarını göstəririk. Rəqəmlər təxminidir və 70 kq çəkili insan üçün 15 dəqiqəlik aktivlik üçün göstərilib.
Onun sözlərinə görə, qaçmaq (təx.8 km/s)-150 kalori, velosiped sürmək- (təx.20 km/s)-149 kalori, xizək sürmək-111 kalori, üzmək -110 kalori, rəqs-100 kalori, ofisdə oturmaq-30 kalori, televizora baxmaq-14 kalori və yatmaq-11 kalori. Beləliklə, fiziki aktivlik dietlə bərabər artıq kalorinin yandırılmasına effektiv kömək edəcək.
Çəki nəzarəti ilə yanaşı fiziki aktivliyin ümümiyyətlə orqanizmə müsbət təsirləri elmlə sübüt olunub və onlar aşağıdakılardır:
• Qlükozanın (şəkərin) və insulin balansını tənzimləyir;
• Ürəyin koronar damarlarında qan axarını artırır;
• Trombların yaranması riskini azaldır;
• Qan təzyiqini tənzimləyir;
• Qanda lipid profili yaxşılaşdırır-“yaxşı” yağların lipoproteidlərin səiyyəsini artırır,”pis” yağların səviyyəsini azaldır;
Bununla yanaşı, fiziki aktivlik insanda depressiya, stress və gərginliyi azaldır və ümümi əhvali-ruhiyyəni yaxşılaşdırır. Sizə sağlıqlı və gözəl bayramlar arzu edirik!

