Tibb sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında əvəzsiz xidmətləri olan alim
03.10.2020 14:46

Görkəmli alim Tamerlan Əliyevin anadan olmasından 99 il ötür.

 

Bu gün Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Tamerlan Əliyevin anadan olmasının 99-cu ildönümü tamam olur. T.Əliyev 1921-ci il oktyabrın 3-də Naxçıvanın Şahtaxtı kəndində, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan tibb elminin müasir istiqamətlərinin müəyyənləşdirilməsində, dünya səviyyəsinə çıxmasında, tibbi tədqiqatlardan dəyərli nəticələr əldə edilməsində Tamerlan Əliyevin əvəzsiz xidmətləri olub. O, olduqca mənalı bir insan, alim, həkim, pedaqoq ömrü yaşayıb, bütün həyatını Azərbaycan tibb elmi və səhiyyəsinin tərəqqisinə həsr edib, çox sayda elmi-tədqiqat işləri ilə elmimizə misilsiz töhfələr verib.

 

Professor T.Əliyevin ölkəmiz üçün tibb sahəsində yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da əvəzsiz xidmətləri olub. Bu gün onun elmi məktəbinin yetirmələrinin adları nəinki ölkəmizdə, hətta ölkə hüdudlarından kənarda da böyük ehtiramla çəkilir.


Əziz Əliyev kimi görkəmli şəxsiyyətin ailəsində boya-başa çatan gənc Tamerlan hələ uşaqlıq çağlarından alicənablıq, həssaslıq və ziyalılıq ruhunda tərbiyə alıb. 1929-cu ildə Bakıdakı 3 nömrəli ibtidai məktəbdə oxumağa başlayıb, sonralar təhsilini 176 nömrəli orta ümumtəhsil məktəbində davam etdirib. 1940-cı ildə orta məktəbi “əla” qiymətlərlə bitirən Tamerlan Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub. O, təhsildə və ictimai işlərdə qazandığı nailiyyətlərə görə o zaman nadir hallarda rast gəlinən yüksək təltifə - Azərbaycan Ali Sovetinin fəxri fərmanına layiq görülüb.

 

O, əmək fəaliyyətinə 1945-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun fakültə terapiyası kafedrasında (indiki daxili xəstəliklər kafedrası) başlayıb və ömrünün sonunadək burada çalışıb. Onun çoxcəhətli elmi tədqiqatlarının əsasını Azərbaycanın kurort amillərinin müalicəvi təsiri, endokrin sistem xəstəliklərinin patogenezinin, klinikasının və müalicə üsullarının öyrənilməsi, qanın laxtalanma, əks laxtalanma və fibrinoliz sistemində patoloji şəraitdə baş verən dəyişikliklər və onların korreksiya üsulları, miokard infarktının müalicəsi və digər problemlər təşkil edib. Həkimlik fəaliyyətinə başladığı ilk illərdə Naftalan neftinin orqanizmin reaktivliyinə təsirinin öyrənilməsinə böyük əmək sərf edən Tamerlan Əliyev 1954-cü ildə “Heyvan orqanizminin immun reaktivliyinin Naftalan neftinin təsiri altında dəyişməsinin xarakteristikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

 

Professor apardığı elmi-tədqiqat işlərinin nəticələrinə əsasən, 1969-cu ildə “Şəkərli diabetin müxtəlif formaları olan xəstələrdə periferik damarların vəziyyəti; metabolizmin və qanın laxtalanmasının bəzi göstəriciləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi alıb.

 

1975-ci ildə Tamerlan Əliyevin şəxsi təşəbbüsü və səyi nəticəsində Fuad Əfəndiyev adına 4 nömrəli Bakı Şəhər Klinik Xəstəxanasının nəzdində 90 yerlik endokrinologiya şöbəsi yaradılıb. Həmin dövrdə Tamerlan Əliyevin təşəbbüsü ilə daxili xəstəliklər kafedrasının nəzdində Azərbaycanda ilk dəfə intensiv kardioloji yardım şöbəsi yaradılıb, reanimasiya və intensiv terapiya bloku, funksional diaqnostika şöbəsi təşkil edilib.
Professor Tamerlan Əliyev Azərbaycanda kardioloji xidmət sisteminin təşkili sahəsinin inkişafına böyük əmək sərf edib. Novator alimin təşəbbüsü ilə keçmiş SSRİ miqyasında ilk dəfə 4 nömrəli klinik xəstəxananın nəzdində miokard infarktı və şəkərli diabeti olan xəstələrin distansion diaqnostikası, təxirəsalınmaz yardımı, həmçinin intensiv terapiyası təşkil edilib. Bunun da nəticəsində respublikada həmin xəstəliklərdən ölüm faizi azalıb.

 

Tamerlan Əliyevin Azərbaycan tibb tarixi salnaməsinə qızıl hərflərlə yazılmış xidmətlərindən biri də bilavasitə onun təşəbbüskarlığı, təşkilatçılığı ilə inşa edilərək fəaliyyətə başlayan Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutudur.

 

Görkəmli alim uzun illər Səhiyyə Nazirliyinin baş terapevti, Bakı Şəhər Səhiyyə İdarəsinin baş endokrinoloqu vəzifələrini yerinə yetirib, Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin məsləhətçisi, “Azərbaycan tibb jurnalı”nın redaksiya heyətinin üzvü olub. O, həmçinin Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən terapiya ixtisası üzrə İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri vəzifəsində çalışıb, bu sahə üzrə gənc elmi kadrların yetişməsinə, bacarıqlı, savadlı alimlər ordusu sıralarının artmasına qayğıkeşliklə rəhbərlik edib.


Tamerlan Əliyevin elmi məsləhətçiliyi və rəhbərliyi altında beş doktorluq və 25 namizədlik dissertasiyası yerinə yetirilib. Onun hazırladığı kadrlar Azərbaycanın hüdudlarından kənarda da uğurla fəaliyyət göstərərək müəllimlərinə başucalığı gətiriblər.

 

Professor 250-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, dərslik və dərs vəsaitinin, metodik tövsiyələrin, səmərələşdirici təklif və ixtiraların, həmçinin çox sayda elmi-kütləvi məqalənin müəllifi olub.

 

Tamerlan Əliyevin müəllifi olduğu “Klinik-diaqnostik laborator tədqiqat üsulları”, “Şəkərli diabet haqqında ətraflı məlumat”, “Biokimyəvi tədqiqat üsulları”, “Şəkərli diabet”, “Prediabet”, “Karbohidrat mübadiləsinin pozulmaları və ürəyin işemik xəstəliyi”, “Şəkərli diabet zamanı qan dövranı pozulmaları və onların tənzimi”, “Endokrinologiya” və digər bu kimi əsərlər indi də öz aktuallığını saxlayır, həkimlər və tələbələr tərəfindən geniş istifadə olunur.

 

Alimin uzun illərin təcrübəsi sayəsində əldə etdiyi praktik vərdişlər və nəzəri biliklər əsasında qələmə aldığı “Endokrinologiya” dərsliyi bu sahə üzrə Azərbaycan dilində yazılmış ilk irihəcmli, genişəhatəli əsərdir. Alim, həmçinin tərcüməçilik işi ilə də məşğul olub. Onun “Klinik-diaqnostik laborator tədqiqat üsulları” monoqrafiyası SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə təqdim edilib və sərginin qızıl medalını alıb. Bu monoqrafiya Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.

 

Tamerlan Əliyev Türkiyə, ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada, İsveçrə, Finlandiya və başqa ölkələrdə keçirilmiş elmi toplantılarda özünün maraqlı məruzələri ilə Azərbaycanı layiqincə təmsil edib.

 

Görkəmli alim səhiyyə, təhsil və elm sahəsində əldə etdiyi nailiyyətlərə görə dövlət tərəfindən bir sıra fəxri ad, orden və medallara layiq görülüb.

 

Son dərəcə sadə, təvazökar, obyektiv, incə və həssas qəlbli, yüksək mədəni səviyyəyə malik bir insan olan Tamerlan Əliyevin gəncləri elmə həvəsləndirən mütərəqqi ideyaları diqqətlə öyrəniləcək və həyatda daim öz tətbiqini tapacaq.

 

1997-ci il aprelin 7-də əbədiyyətə qovuşmuş unudulmaz alimin əziz xatirəsi daim qəlbimizdə yaşayır və yad edilir.

 

 

ÇOX OXUNANLAR
Lənkəranda bir qrup tibb işçisi peşə bayramları münasibətilə təltif edilib
Tibb işçilərinin dayanıqlı və “yaşıl” səhiyyə naminə həmrəy peşə bayramı
17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günüdür
 Azərbaycan tibb elminə ağır itki üz verib   
Suraxani Tibb Mərkəzinin otorinolarinqoloqu Zərifə Məmmədova - Həkimlərimizi tanıyaq!
Vətən müharibəsi şəhidinin yenidoğulan qardaşı sağalaraq evə buraxılıb
Xətai Tibb Mərkəzinin mama-ginekoloqu Şərifə Musayeva - Həkimlərimizi tanıyaq!
Ömrünün 38 ilini Göyçay Rayon Mərkəzi Xəstəxanasına bağlayan peşəkar həkim - Xuraman Atakişiyeva
Təcili tibbi yardım briqadası tərəfindən ağır vəziyyətdə olan xəstənin daşınma prosesi uğurla icra olunub  
İSİM-in nümayəndəsi Stokholm şəhərində keçirilən toplantıda iştirak edib
Tibb üzrə fəlsəfə doktoru Mehriban Əmirova - 
Səhiyyə Nazirliyinin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olan həkimlərin məzarlarını ziyarət edib
Ölkəmizdə ilk dəfə icbari tibbi sığorta ilə STA-MCA Bypass əməliyyatı uğurla həyata keçirilib