“Qida təhlükəsizliyi haqqında” qanun bu gündən qüvvəyə minir
01.01.2023 10:20

Ötən il Milli Məclisdə qəbul olunan və 2022-ci il iyunun 24-də Prezident İlham Əliyevin imzaladığı “Qida təhlükəsizliyi haqqında” qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir. Qida sahəsində fəaliyyət göstərən hər bir sahibkar yeni qanunun müddəaları ilə yaxından tanış olmalı və öz fəaliyyətini onun tələblərinə uyğun qurmalıdır.

 

Aztibb.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, yeni qüvvəyə minən qanun qida təhlükəsizliyi sistemi üzrə hüquqi bazanı gücləndirəcək, vətəndaşların həyat və sağlamlığının qorunmasında mühüm rol oynayacaq. Eyni zamanda, yeni qanun dövlətin siyasi xəttinə uyğun olaraq, sahibkarlara göstərilən dəstəyin davamı kimi də öz töhfəsini verəcək.

 

Xatırladaq ki, yeni qanuna əsasən, 2023-cü il yanvarın 1-dən etibarən xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə veriləcək. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi ölkələrdə isə qiymətləndirmə aparılmaqla həyata keçiriləcək. Yeni qanuna əsasən, bioloji aktiv qida məhsulları, qida və yem əlavələri, təbii mineral sular dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalı, emalı və dövriyyəsinə icazə veriləcək. Qida məhsullarının, o cümlədən mineral suların üzərində "müalicəvi" sözünün yazılması qadağan edilir və həmin məhsulların idxalı, istehsalı mümkün olmayacaq. Qida məhsullarının markalanmasında Azərbaycan dilində məlumatlar olmadıqda onun idxalına və dövriyyəsinə yol verilməyəcək.

 

Yeniliklərdən biri də budur ki, qida məhsullarının markalanmasında qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, habelə eynixassəli oxşar qida məhsullarına məxsus xassələrin xüsusi xassələr kimi təqdim edilməsinə icazə verilməyəcək. Bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələbi qüvvəyə minib. Bütün qida və yem məhsulları məhsul idxal olunmamışdan əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən, idxal sağlamlıq akti verildikdən sonra dövriyyəyə buraxılacaq. Qida ilə təmasda olan material və məmulatların idxalı zamanı onlara AQTA tərəfindən verilən idxal sağlamlıq aktı, yerli istehsal olduqda isə obyektlərin qeydiyyatı tələb olunacaq. Aşağı riskli məhsullara aid qida obyektlərinin qeydiyyatı avtomatik, yüksək riskli məhsullara aid obyektlərin təsdiqi isə tələblərə uyğunluğu qiymətləndirilməklə həyata keçiriləcək. Obyektlərin və subyektlərin qeydiyyatı dövlət rüsumu tələb olunmadan, təsdiqi isə mikro və kiçik sahibkarlıq subyektləri üçün rüsumsuz, orta və iri subyektlər üçün isə vahid məbləğ (150 manat) olmaqla ödəniləcək. Yem məhsullarının dövlət qeydiyyatı “yem zəncirinə” nəzarətlə əvəz olunacaq. Özəl laboratoriyalar akkreditasiya ilə yanaşı, Qida Təhlükəsizliyi İnstitutunun səriştəlilik sınaqlarından keçdikdən sonra onların nəticələri qəbul ediləcək.

 

Sahibkarlar yeni qanunla əlaqədar sualları yarandığı təqdirdə agentliyin 1003 - Çağrı Mərkəzinə zəng vuraraq müraciət edə bilərlər. “Qida təhlükəsizliyi haqqında” qanunun tam mətni və izahedici məlumatlarla Qida Təhlükəsizliyi Agentliyinin media resurslarında - afsa.gov.az saytında və sosial şəbəkə hesablarında tanış olmaq mümkündür.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab işıq üzü görüb
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib
Fizioterapevt və reablitoloqların ilk konfransı təşkil olunub