Pandemiya mövzusunda hekayə müsabiqəsi keçirilib
29.09.2020 23:14

Sentyabrın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə elan etdiyi “Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi”nin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov son günlər cəbhədə gedən döyüşlərdən danışıb.


Qeyd edib ki, Azərbaycan tarixi günlərini yaşayır, işğal olunmuş torpaqları geri qaytarmaq uğrunda mübarizə aparır. Hər bir azərbaycanlı ordumuzun qələbə xəbərlərini səbirsizliklə gözləyir. Qələbə itkisiz olmadığı üçün şəhidlərin də olması qaçılmazdır, çünki bu, vətən müharibəsidir. O, Azərbaycan xalqına səbir, şəhidlərimizə rəhmət diləyib, hamını ordumuzun və Ali Baş Komandanın ətrafında birləşməyə çağırıb.


Anar Kərimov Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsinin də dağıdılaraq məhv edildiyini bildirib. Qeyd edib ki, Mədəniyyət Nazirliyi işğal olunmuş torpaqlarımızda dağıdılmış abidələrimizlə bağlı geniş məlumatlar hazırlayaraq yayır.


Müsabiqə ilə bağlı məlumat verən A.Kərimov qeyd edib ki, məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemləri ədəbiyyat mövzusuna çevirməklə gələcək nəsillərə bədii formada çatdırmaq, özündə sosial məsuliyyəti, infeksiyadan qorunmaq barədə məlumatı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalini maarifləndirmək və yaradıcı potensialı olan hər bir şəxsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni hekayələrin yazılmasına stimul verməkdir.


“Əminliklə deyə bilərəm ki, ədəbi mühitə və ictimaiyyət arasında müsabiqəyə göstərilən maraq və təqdim olunan hekayə sayı qarşıya qoyulan məqsədlərə nail olunmağın göstəricisidir. Belə ki, müsabiqəyə 417 hekayə təqdim olunub və 29 hekayə müəyyən edilmiş müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul edilməyib. Şübhəsiz, hekayələr arasında dəyərli əsərlər də var. Bu ədəbi mətnləri qiymətləndirmək üçün qərara aldıq ki, yüksək bal toplamış 20 ən yaxşı hekayəni kitab şəklində nəşr etdirərək oxuculara təqdim etmək üçün kitabxanalara paylayaq”, - deyə Anar Kərimov əlavə edib.


Vurğulanıb ki, bu ilin sonunda ölkəmizdə ali ədəbi mükafat hesab olunan “Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbuluna başlanacaq. Hazırda bu müsabiqənin nominasiyaları, mükafat fondu və yenidən formalaşdırılacaq münsifləri heyəti üzərində iş aparılır.


Bildirilib ki, Mədəniyyət Nazirliyi gələcəkdə vətənpərvərliklə bağlı yeni hekayə müsabiqəsinin keçirilməsini nəzərdə tutub.


Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibləri Rəşad Məcid, İlqar Fəhmi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan və başqaları çıxış edərək qaliblərə təbriklərini çatdırıb, yeni yaradıcılıq uğurları arzulayıblar. Bildirilib ki, bu müsabiqədə peşəkar yazıçılarla bərabər məktəblilər də iştirak edib. Müsabiqənin başlandığı gündən Mədəniyyət Nazirliyi tərəfindən geniş təbliğat aparılıb və obyektiv qiymətləndirmə həyata keçirilib.


Sonra qaliblər mükafatlandırılıb. “Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi”nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq Natiq Məmmədlinin “Taclı mələklər” hekayəsi birinci yerə, Sevinc Elsevərin “A quşlarım, getməyin...” hekayəsi ikinci yerə, Cavi Danın “Ev” hekayəsi isə üçüncü yerə layiq görülüb. Əkbər Qoşalı və Reyhan Yusifqızı müsabiqənin xüsusi mükafatını qazanıblar.


Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz) və III yer üzrə qalibinə 1000 (bir min), xüsusi mükafat üzrə qaliblərə isə 500 manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunub.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub