Naxçıvanda sanitar-epidemioloji sabitlik təmin edilib
01.09.2022 11:07

Naxçıvan Muxtar Respublikasında insan amilinə verilən dəyərin parlaq nümunələrindən biri əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter almasıdır.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, muxtar respublikada yeni tikilən və ya əsaslı surətdə təmir olunan səhiyyə müəssisələrinin sayının ildən-ilə artması, hətta ən ucqar kəndlərdə də müasir tələblərə cavab verən həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin istifadəyə verilməsi, qeyd edilən müəssisələrin lazımi avadanlıqlarla təchiz olunması da insan amilinə verilən yüksək dəyərin əyani sübutudur.

 

Gigiyena və epidemiologiya sahəsində fəaliyyət daha da təkmilləşdirilir

 

Əhalinin sağlamlığının qorunması gigiyena və epidemiologiya sahəsində görülən işlərin də tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Son illərdə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, eləcə də onun yerli qurumlarının maddi-texniki bazasının gücləndirilməsi və həmin qurumlarda müasir iş şəraitinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər Naxçıvanda bu sahənin inkişafının xüsusi diqqətdə saxlanıldığını deməyə əsas verir. Görülən işlərin nəticəsidir ki, ötən müddətdə muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti daha da yüksəldilib və sanitar-epidemioloji sabitlik təmin olunub. Bu işlərin davamlılığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 15 fevral tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilib, fevralın 18-də Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzində müvafiq Dövlət Proqramının təqdimatı keçirilib.

 

Dövlət Proqramı uğurla icra olunur

 

Həmin dövrdən etibarən proqramda nəzərdə tutulan tapşırıqların icrasına başlanılıb və fevral-iyun aylarında bu istiqamətdə bir sıra işlər görülüb. Proqramın icrası çərçivəsində həyata keçirilən profilaktik tədbirlər muxtar respublika əhalisinin sanitar-epidemioloji sağlamlığının təmin olunmasına yönəlib. Belə ki, bu dövrdə 14 xəstəxana, 32 kənd həkim ambulatoriyası, 18 feldşer-mama məntəqəsi, 32 əczaxana, 28 bərbərxana və 55 gözəllik salonunda sanitar-epidemioloji vəziyyətlə bağlı monitorinqlər aparılıb, aşkar edilən nöqsanlarla əlaqədar qanunauyğun tədbirlər görülüb. Həmçinin vətəndaşlara pandemiya ilə mübarizə məqsədilə 250 min 176 doza peyvənd vurulub, Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsi tərəfindən 3715 laboratoriya analizi aparılıb. Əlavə olaraq idarəolunan yoluxucu xəstəliklərin profilaktikası məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan 11 xəstəliyə qarşı vaksinasiya tədbirləri həyata keçirilib, o cümlədən 14 tibb müəssisəsində çalışan 1976 tibb işçisinə hepatit B virusuna qarşı peyvənd vurulub.

 

Dövlət Proqramında təhsil müəssisələrində sanitar-gigiyenik vəziyyətin nəzarətdə saxlanılması, uşaqlar arasında qurd invaziyalarının və vərəm xəstəliyinin profilaktikasına nəzarət olunması ilə bağlı tapşırıqların nəzərdə tutulması muxtar respublikada uşaqların yüksək dövlət qayğısı ilə əhatə edildiyini göstərir. Bu istiqamətdə fevral-iyun aylarında vərəm xəstəliyinin profilaktikası məqsədilə 17 min 794 məktəblidə tuberkulin sınağı, 3403 məktəblidə isə ağciyərlərin flüoroqrafik müayinəsi həyata keçirilib. Həmçinin qurd invaziyasına qarşı 1946 məktəblidə müayinə aparılıb, xəstəliyin əlamətlərinin aşkarlandığı məktəblilər dərman preparatları ilə təmin olunub. Proqramın icrası çərçivəsində həyata keçirilən müayinələr uşaqlar arasında xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicə tədbirlərinin həyata keçirilməsinə şərait yaradıb.

 

Sanitariya qaydalarına və gigiyena normativlərinə əməl olunması diqqətdə saxlanılır

 

Əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, eləcə də cəmiyyətdə sağlam həyat tərzinin formalaşdırılması baxımından sanitariya qaydalarına və gigiyena normativlərinə əməl olunması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə görülən işlər həmin qayda və normativlərə riayət edilməsi sahəsində pozuntuların qarşısını almağa, nəticə etibarilə, insan sağlamlığının qorunmasına şərait yaradır.

 

Dövlət Proqramının icrası istiqamətində fevral-iyun aylarında 11 tikinti obyektində əmək gigiyenası qaydalarının monitorinqi aparılıb, Gigiyena və Epidemiologiya Mərkəzinin Toksikoloji laboratoriyasında müxtəlif istehsal müəssisələri tərəfindən istehsal olunan 25 qeyri-ərzaq nümunəsində 77, eləcə də 37 ərzaq nümunəsində 145 müayinə aparılaraq müvafiq sertifikat verilib. Həmçinin bu dövrdə 7 məktəbəqədər və 18 ictimai iaşə müəssisəsindən götürülən 36 yemək nümunəsinin qida dəyəri yoxlanılıb. Eyni zamanda qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı zamanı tibbi-bioloji tələblərə, sanitar-gigiyena norma və qaydalarına nəzarət olunması da diqqətdə saxlanılıb, bu məqsədlə bir sıra təsərrüfat subyektlərinə baxış keçirilib, aşkarlanmış nöqsanların aradan qaldırılması təmin edilib.

 

Dezinfeksiya tədbirləri mütəşəkkil həyata keçirilir

 

İnsan sağlamlığının ətraf mühit amillərinin mənfi təsirindən qorunması sanitar-epidemioloji salamatlığın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edən digər tədbirlərdəndir. Dövlət Proqramında bu istiqamətdə nəzərdə tutulan tədbirlərin icrası da fevral-iyun aylarında diqqətdə saxlanılıb, açıq və qapalı içməli su hövzələrində 30 su nümunəsi üzərində 420 analiz aparılıb. Həmçinin bu dövrdə muxtar respublika ərazisində 17 radiasiya ölçməsi həyata keçirilib və nəticələrin normativə uyğun olduğu müəyyənləşib.

 

Proqramın icrasına uyğun olaraq yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə muxtar respublikanın bütün yaşayış məntəqələrində və əhali sıxlığı müşahidə olunan yerlərdə qrafikə uyğun şəkildə dezinfeksiya işləri həyata keçirilib. Bu istiqamətdə qeyd edilən dövrdə Fövqəladə Hallar Nazirliyi tərəfindən 15 xüsusi təyinatlı avtomobil və 79 əməkdaş cəlb olunmaqla, 12 milyon 200 min kvadratmetr sahədə xüsusi məhlullarla dezinfeksiya işi aparılıb. Görülən işlər epidemioloji vəziyyətin sabitliyinin qorunmasına şərait yaradıb.

 

İxtisaslı kadr potensialının formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür

 

Gigiyena və epidemiologiya sahəsində davamlı inkişafı təmin etməyin digər mühüm vasitəsi isə bu istiqamətdə ixtisaslı kadr potensialının formalaşdırılmasıdır. Dövlət Proqramında da ali təhsil müəssisələrində müvafiq ixtisaslarda təhsil alan tələbələrin praktik fəaliyyətə cəlb olunması ilə bağlı tapşırıq nəzərdə tutulub. Tapşırığın icrası məqsədilə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində təhsil alan 32 tələbə üçün Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq laboratoriyalarında praktik dərslərin keçilməsi təmin edilib. Həmçinin mərkəzdə və onun yerli qurumlarında 46 tələbənin yay aylarında təcrübə keçməsi üçün şərait yaradılıb.

 

Dövlət Proqramının icrası çərçivəsində gigiyena və epidemiologiya tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi muxtar respublikada bundan sonra da sanitar-epidemioloji sabitliyin qorunub saxlanılmasına imkan verəcək.

ÇOX OXUNANLAR
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
 Tibb müəssisələri arasında şəhid ailələrinin üzvlərinin işlə təmin olunması sayına görə Sumqayıt Tibb Mərkəzi ilk yerdədir   
Bütün şəhər və rayonlarda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalanıb
Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
 “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində tələbələrlə görüş olub