Süni ətirləndirilmiş çaylardan istifadənin ZƏRƏRLƏRİ
19.09.2020 19:31

Çayın keyfiyyətinə torpaq-iqlim şəraiti ilə yanaşı, yığılma müddəti, emal üsulları, saxlanma şəraiti və digər amillər də təsir edir. Çaylar istər rənginə və tamına, istərsə də emal olunma üsullarına görə bir-birindən fərqlənir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, ətirli çayların hazırlanmasında aromatizasiya üsulu və əlavə edilən ətirli komponentin miqdarı vacib rol oynayır. Çaylara əlavə edilən ətirli komponentlər təbii və ya süni ətirləndiricilər ola bilər. Təbii ətirləndiricilərdən olan qurudulmuş meyvələr, çiçəklər, sitrus bitkiləri, kəklikotu, yarpız, darçın, nanə, mixək, itburnu, zəncəfil və digər ətirli bitkilərin yarpaqları və ya ekstraktları orqanizm üçün faydalı hesab edilir. Tərkibinin zənginliyi baxımından bəzi təbii ətirləndiricilər müalicəvi xüsusiyyətlərə də malikdir.

Bəzən çayların hazırlanmasında süni ətirləndiricilərdən də istifadə olunur. Süni ətirləndirilmiş çaylardan istifadə orqanizmə mənfi təsir göstərir, allergik reaksiyaların əmələ gəlməsinə səbəb ola bilər. Buna görə də istehlakçıların qablaşdırma üzərindəki məlumatları diqqətlə oxumaları tövsiyə olunur.

 

Çay düzgün qablaşdırılmadıqda və ya saxlanmadıqda faydalı xüsusiyyətlərini itirir. Çay havanın daxil olmasına mane olan ağzı kip bağlanmış çini qabda saxlanmalıdır. Bu halda çayın ətri itməyəcək, keyfiyyətini uzun müddət saxlayacaq və kənar qoxuları özünə hopdurmayacaq. Ağzı kip bağlanmamış qabda saxlanan məhsul faydalı xüsusiyyətlərini və ilkin keyfiyyətini tezliklə itirir. Çayın sərin, quru, təmiz, qaranlıq və havası tez-tez dəyişilən yerdə saxlanması da vacibdir.

 

Çayın keyfiyyətli olub-olmadığını müəyyən etmək üçün ətrinə fikir verilməlidir. Unutmayın ki, keyfiyyətli çayın qoxusu mülayim olmalıdır. Qoxunun kəskin olması çayın tərkibindəki ətirləndiricilərin miqdarının çoxluğu ilə əlaqədardır.

 

Çay dəmləyən zaman saxsı və ya şüşə qablardan istifadə etmək tövsiyə olunur. Həmçinin suyu qaynatdıqdan sonra dərhal çayı dəmləmək doğru deyil. Çay dəmlənərkən suyun temperaturu təxminən 75-85° C olmalıdır. Odur ki, ətirli və dadlı çayın hazırlanması üçün hər 200 millilitr suya təqribən 1 çay qaşığı hesabı ilə quru çay əlavə edib, 5-7 dəqiqə ərzində dəmlənməsini gözləmək lazımdır. Çoxdan dəmlənmiş çayı içmək məsləhət deyil. Bu halda çay bütün faydalı xüsusiyyətlərini itirmiş olur.

Vaxtsız içilən çay orqanizmə mənfi təsir göstərir, çünki onun tərkibindəki kofein və tanin turşusu qida vasitəsilə qəbul etdiyimiz dəmirin bağırsaqlardan sorulmasını ləngidir. Xüsusən də qanazlığı zamanı çox çay içmək tövsiyə edilmir. Ümumiyyətlə, çayı ya yeməkdən 1-2 saat əvvəl, ya da 1-2 saat sonra qəbul etmək məqsədəuyğundur.


Çayın orqanizmə faydaları ilə yanaşı, zərərli təsiri də var. Qaraciyər, böyrək daşı, kəskin mədə xəstəliklərindən, həmçinin revmatizm və yüksək təzyiqdən əziyyət çəkənlərin mümkün qədər az çay içməsi tövsiyə edilir. Həddindən artıq çay içmək yuxusuzluğa, başağrısına, ürək döyüntülərinin artmasına və təzyiqin yüksəlməsinə səbəb ola bilər. Çayı qaynar içmək olmaz. Temperaturu 65° C-dən yüksək olan çayın içilməsi qida borusunda və daxili orqanlarda termiki yaralar əmələ gətirir ki, bu da onkoloji xəstəliklərin yaranma riskini artırır.

Qeyd edək ki, məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyasının mütəxəssisləri Fuad Ağayev, Turkan Qəribli tərəfindən hazırlanıb.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub