Bakı şəhəri üzrə poliklinikaların pandemiya dövründə fəaliyyəti haqqında - Nazirlikdən məlumat
18.09.2020 14:04

Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva onlayn müsahibə verərək, Bakı şəhəri üzrə poliklinikaların COVID-19 pandemiyası zamanı fəaliyyəti haqqında məlumat verib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Esmira Hacıyeva hazırda karantin qaydalarının yumşalmasından sonra poliklinikaların öz fəaliyyətlərini standart qrafik üzrə bərpa etdiyini və bütün tibb heyətinin tam şəkildə iş cədvəlinə uyğun işlədiyini qeyd edib. Onun sözlərinə görə, indi həm böyüklər, həm də uşaq poliklinikalarına sahə həkimi və ya ixtisaslı həkimlərin qəbuluna rahatlıqla düşmək üçün poliklinikanın qeydiyyat şöbəsinə müraciət edib, yazıla bilərlər.

 

Sektor müdiri bildirib ki, Bakı şəhər poliklinikalarında hazırda planlı və diaqnostik tibbi müayinələr aparılır: “Bu müayinələrin öz standart qrafiki üzrə aparılması sahə həkiminin öz sahəsinə aid olan poliklinikada qeydiyyatda olan xəstələri ilə əlaqə saxlayıb, vaxt təyin edib poliklinikaya planlı müalicəyə dəvət edilir. Lakin xəstə COVID-19 virusuna yoluxmaq üzrə yüksək risk qrupuna daxildirsə (65 yaş və yuxarı, ürək xəstəliyi, diabet və ağciyər xəstəlikləri olan şəxslər) sahə həkimi xəstəyə evdə baş çəkir və ona müvafiq tövsiyələr verir. Bundan başqa, ixtisas həkimlərinin diaqnostik müayinələri sahə həkimlərinin göstərişi ilə həyata keçirilir. Qadın məsləhətxanaları da işini eyni qaydada davam etdirir, hamilə qadınların Səhiyyə Nazirliyinin müvafiq kliniki protokoluna uyğun olaraq mütəmadi müayinələri həyata keçirilir”.

 

Poliklinikalarda dispanserizasiya və vaksinasiya prosesləri haqqında söhbət açan Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri bildirib ki, ölkədaxili sərt karantin dövründə dispanserizasiyanın həyata keçirilməsi məhdudlaşdırılıb: “Hazırda karantin qaydalarının yumşalamasından sonra dispanserizasiya prosesi yenidən bərpa olunub. Eyni vəziyyət uşaq tibb müəssisələrində uşaqların planlı peyvəndlərlə əhatə olunması prosesinə öz təsirini göstərib. Hazırda peyvəndlərin aparılması, hər zaman olduğu kimi, Milli Peyvənd Təqviminə görə həyata keçirilir”.

 

Esmira Hacıyeva imtiyazlı qruplara daxil olan xəstələrin resept üzrə dərman preparatları ilə təmin olunmaları barədə də danışıb. Onun verdiyi məlumata görə, poliklinikada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti fəaliyyət göstərir və bu xidmət vasitəsilə onlar adi qaydada öz dərmanlarını alırlar. Eyni zamanda, yüksək risk qrupuna daxil olan xəstələrin yaxınları dərmanları müvafiq poliklinikanın nəzdində fəaliyyət göstərən apteklərdən resepti təqdim etməklə ala bilərlər. Digər xəstələr sahə həkiminin qəbulundan sonra əczanəyə yaxınlaşıb, dərmanları adi qaydada əldə edirlər.

 

Daha sonra Bakı şəhər poliklinikalarının binalarında görülən sanitar-epidemioloji tədbirlərin təşkili haqqında məlumat verilib. Poliklinika binasının bütün korpuslarındakı otaqlar və koridorların pəncərələri gündə ən azı iki dəfə açılıb, mütəmadi havalandırıldığını vurğulayan Esmira Hacıyeva giriş, çıxış, koridor və otaqlarda əllərlə tez-tez təmas edilən səthlərin mütəmadi olaraq dezinfeksiya edilməsi haqda danışıb.

 

Səhiyyə Nazirliyinin rəsmisi Esmira Hacıyeva müsahibəsini Bakı şəhər poliklinikalarında çalışan tibbi heyətin təhlükəsizliyinin təmin olunması haqqında məlumatla yekunlaşdırıb. O, koronavirusun sürətlə yayıldığı mərhələdə (aprel-iyun aylarında) müvafiq qoruyucu geyimlərlə (üz üçün sipər, baxil, tibbi əlcək, tibbi maska və s.) təmin olunmuş Bakı şəhər poliklinikalarının bütün tibbi və texniki heyətinin COVID-19 testindən növbəli şəkildə keçdiyini vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub  
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib