“Aritmiya olan xəstələr sağlamlıqlarını necə qorumalıdır?”
16.09.2020 11:40

Aritmiya zamanı normal ürək ritminin tezliyi, həmçinin ürəyin elektrik keçiriciliyi pozulur. Ürək aritmiyaları adətən ürəyin vurğularını idarə edən impulsların işi pozulduğu zaman əmələ gəlir. Bu vaxt ürək ya çox tez, ya çox gec, ya da nizamsız vurur. İnsanlar aritmiyaları ürəyin dayanması, əsməsi, tez-tez döyünməsi kimi hiss edirlər. Ürək döyünərkən impulslar ürək əzələsinə təsir edir və onun yığılmasına səbəb olur. Aritmiya çox vaxt insanlarda qorxu hissi yaradır.

 

Aztibb.az xəbər verir ki, bu barədə invaziv kardioloq Emin Hacıbalayev müsahibəsində məlumat verib.

 

Aritmiyanın simptomları arasında sinədə əsməni, artan ürək döyüntülərini, azalan ürək döyüntülərini, sinədə ağrını, təngnəfəsliyi, başgicəllənməni, ürəkkeçməni göstərmək olar. Bəzi hallarda aritmiyalar kəskin ürək ağrıları, hava çatışmazlığı hissi ilə də müşayiət olunur. Bəzən isə aritmiya simptomsuz da keçə bilər.

Aritmiyanın səbəbləri ürək xəstəlikləri, hipertoniya xəstəliyi, şəkərli diabet, siqaret çəkmə, spirtli içki qəbulu, dərman və kofein asılılıqları, stresslər, bəzi dərmanlarla və otlarla aşırı müalicə, ürək əzələsində olan çapıqlardır.


Bundan başqa, ürəyin qidalanması pozularsa, bu zaman elektrik impulsları yaradan hüceyrələrin də qidalanması pozulur. Ürək toxumasının zədələnməsi zamanı da aritmiya yaranır.

Aritmiyaların diaqnostikasının ilkin mərhələsi terapevt və ya kardioloq tərəfindən həyata keçirilir. Bu zaman pasiyentin şikayətləri analiz edilir, ürəyin ritm pozulmalarını göstərən nəbzin vurğuları müəyyənləşdirilir. Nəbzin vurğularında pozulmalar olarsa, qeyri-invaziv olan EKQ, EKQ-monitorinq və invaziv transezofagial EKQ, ürəkdaxili elektrofizioloji müayinələr aparılır.

 

Aritmiya olan xəstələr sağlamlıqlarını qorumaq üçün ilk əvvəl, müalicə üçün həkimin göstərişlərinə əməl etməlidirlər. Bu xəstəlik müalicə olunmazsa bir sıra xəstəliklərə yol aça bilər. Aritmiya ürək fəaliyyətinin və ya başqa orqanların funksiyalarının ağır pozulmalarına səbəb ola bilər; bu pozulmalar ürəkdöyünmə, ürək fəaliyyətində kənaraçıxmalar və ya dayanma, zəiflik, başgicəllənmə, döş qəfəsində ağrı və ya təzyiq, təngnəfəslik, bayılma ilə özünü büruzə verir. Aritmiyalar vaxtında müalicə olunmadıqda stenokardiya tutmaları, ağciyər ödemi, trombemboliya, kəskin ürək çatışmazlığı və s. ürəyin dayanmasına səbəb ola bilər.

 

Aritmiyaların müalicəsində dərman terapiyası və kardiocərrahi metodlar olan radiofrekans ablasiya, elektrokardiostimulyator, kardioverter-defibrilyator qoyulması tətbiq olunur. Vaxtında həkimə müraciət etməklə, aritmiyanı müalicə etmək mümkündür. Gecikdirilmiş hallarda xəstəni cərrahi müdaxilə yolu ilə müalicə edirlər.

 

Aritmiyası olan xəstələrə tövsiyəm budur ki, həkimlərin göstərişlərinə əməl etsinlər, mütləq müalicəyə başlasınlar. Həmçinin, oturaq həyat tərzi keçirənlər fiziki aktivliyi artırsınlar, havada çox gəzsinlər, siqarət çəkməsinlər, alkoqollu və kofeinli içkilərdən uzaq olsunlar, sağlam qidalansınlar və hər cür stressləri azaltsınlar.

 

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb