Respublika Uşaq Sanatoriyasında müalicə alanların sayı 3 dəfə azaldılıb - Baş həkim 
08.09.2020 13:02

Respublika Uşaq Sanatoriyasında hazırda paytaxtdan və bölgələrdən olan 82 uşaq müalicə alır, lakin keçmiş illərdə bu say yay aylarında tətil ilə əlaqədar 240-a çatırdı.

 

Bunu Səhiyyə Nazirliyinin nəzdində olan Respublika Uşaq Sanatoriyasının Baş həkimi Rauf Qurbanov deyib. Onun sözlərinə görə, hazırda COVID-19 pandemiyası ilə bağlı vəziyyəti nəzərə alaraq, bu rəqəmlər azalıb.

 

Uşaq Sanatoriyasının baş həkimi bildirib ki, burada 182 nəfərlik tibbi heyətin uşaqlara ən yüksək səviyyədə tibbi xidmətlərin göstərilməsi üçün geniş imkan yaradılıb. Xəzər dənizinin sahilində yerləşən tibb müəssisəsinin əsas məqsədi somatik xəstəliyi olan 2-14 yaş qruplu uşaqların funksional qabiliyyətləri və həyat keyfiyyətinin yaxşılaşdırılması və bərpasıdır. R.Qurbanov sanatoriyada əsasən tez-tez soyuqdəyməyə meyilli olan, ürək-damar sisteminin qeyri-aktiv və ya remissiya mərhələsində və neyrosirkulyator distoniyası olan, mədə-bağırsaq və tənəffüs orqanlarının xroniki xəstəlikləri, onurğa sütununun və döş qəfəsinin deformasiyasından əziyyət çəkən, revmatik xəstəlikləri olan uşaqların müalicə almasını qeyd edib. Bundan başqa, Rauf Qurbanov Respublika Uşaq Sanatoriyasının oyun otaqları, üç dəfə yeməklə təmin edən yeməkxanası, çamaşırxanası, 100 nəfərlik akt zalı, rahat palataların müasir dizaynla təmir olunduğunu qeyd edib, xüsusi qayğıya ehtiyacı olan uşaqların anaları ilə bərabər qalmağa bütün şəraitin yaradıldığını vurğulayıb.

 

Rauf Qurbanov həmçinin, sanatoriyada həyata keçirilən müalicə proqramı haqqında da məlumat verib. Proqram həkim-pediatrın qəbulu və nəzarəti ilə başlayıb, iqlim terapiya, vanna qəbulu, massaj, fitoterapiya və bədən tərbiyəsi ilə davam edilir. Bunun üçün sanatoriyanın birinci mərtəbəsində elektrokardioqramma (EKQ), fizioterapiya, tədris-təlim, psixologiya, massaj, inqalasiya, ultrasəs müayinəsi, laboratoriya, vanna otaqları fəaliyyət göstərir.

 

Daha sonra həkim rəhbərlik etdiyi sanatoriyada müalicə prosesinin 3 mərhələdən ibarət olduğunu bildirib. Onun verdiyi məlumata görə, birinci mərhələ adaptasiya dövrüdür və bu müddət ərzində uşağa heç bir müalicə tətbiq olunmur. Ehtiyac olarsa, müayinə aparılır və son klinik diaqnoz təsdiqlənir. İlkin mərhələdə sakit oyunlardan, adaptasiya məqsədilə iqlim terapiyasından (uşaqların təmiz havada gəzdirilməsi, zəif yük ilə hava vannasından, açıq havada gündüz yuxusunun təşkil edilməsi) istifadə olunur. İkinci tonuslaşma mərhələsində uşağın diaqnozuna uyğun olaraq müalicəvi və sağlamlaşdırıcı tədbirlər həyata keçirilir: ümumi, möhkəmləndirici, nevroloji müalicə, müalicəvi bədən tərbiyəsi, massaj və fizioterapiya. Üçüncü tamamlayıcı mərhələdə uşaq orqanizmindəki aktivlik bərpa olunduğundan sonra, o, ümumi rejimə keçirilir. “3 mərhələri müalicə prosesinin nəticəsində uşaqların immun sistemi güclənir, sağlamlığı möhkəmlənir, fiziki aktivliyi artır, həzm orqanlarının işi normallaşır, il ərzində qrip xəstəliyinə yoluxma riski azalır, sinir sisteminin vəziyyəti sakitləşir” – deyə baş həkim fikrini tamamlayıb.

 

Bundan başqa, R.Qurbanov bildirib ki, sanatoriyaya uşaqlar qeydiyyatda olduqları poliklinika tərəfindən verilən AR Səhiyyə Nazirliyi Sanatoriyasına göndəriş (Forma 076) əsasında qəbul edilir. Müalicə profilaktika müəssisələrinin həkimləri (sahə pediatrları) şöbə müdirləri, həkim komissiyasının qərarı ilə sanator müalicəyə ehtiyacı olan uşaqlara icrası tələb olunan müayinələr və mütəxəsisslərin baxışı siyahısını rəhbər tutaraq, müvafiq göstərişlərə əsasən sanator-kurort kartı verir.

 

Respublika Uşaq Sanatoriyasının baş həkimi Rauf Qurbanov vurğulayıb: “Nəzərə alsaq ki, fizioterapiya təhlükəsiz müalicə üsulu sayılır, bu tibb müalicə və reabilitasiya üsulu xəstə və həkimlər arasında ən sevimli istiqamətlərdən biridir. Mən kollektivimizdə işləyən mütəxəssislərin simasında bütün fizioterapevtləri Dünya Fizioterapiya Günü münasibətilə təbrik edib, onların əməyini yüksək dəyərləndirirəm. Xəstənin gərginliyini azaltmağa və onun orqanizmini xoşagəlməz xəstəliklərdən qorumağa kömək edən fizioterapevtlər səhiyyəmizin əvəzolunmaz hissəsidir”.

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir