Kimyaçı alim Tofiq Alxazov vəfat edib
31.08.2020 16:24

Azərbaycanın görkəmli kimyaçı alimi, AMEA-nın müxbir üzvü Tofiq Alxazov 88 yaşında vəfat edib.

 

Tofiq Həsən oğlu Alxazov 1932-ci il sentyabrın 27-də Bakı şəhərində anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunu “mühəndis texnoloq” ixtisası üzrə bitirmiş, 1960-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1969-cu ildə kimya elmləri doktoru elmi dərəcələrini, 1971-ci ildə professor elmi adını almışdır. 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir.

 

Alim 1961-1962-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Elmi-tədqiqat işləri şöbəsində Kimya sektorunun rəhbəri, 1962-1970-ci illərdə Fiziki kimya kafedrasının dosenti, 1970-1998-ci illərdə həmin kafedranın müdiri, 1970-1978-ci illərdə isə ADNA-da elmi işlər üzrə prorektor vəzifələrində çalışmışdır.

 

T.Alxazovun elmi tədqiqatlarının əsas istiqaməti oksidləşdirici heterogen katalizi sahəsi olmuşdur. Onun rəhbərliyi ilə ilk dəfə keçmiş SSRİ məkanında tərkibində molibden saxlayan oksid katalizatorlarından istifadə edilərək bir sıra qiymətli üzvi maddələrin alınmasının üsulları işlənib hazırlanmış və sənaye miqyasında tətbiq edilmişdir.

 

Kimyaçı alimin rəhbərliyi ilə yaradılan Ekoloji kataliz problem laboratoriyasında təbii qazın və sənaye qazlarının kükürd tərkibli birləşmələrdən təmizlənməsi, zərərsizləşdirilməsi və elementar kükürdün alınması, daxili yanma karbüratoru və dizel mühərriklərinin tullantı qazlarının toksik birləşmələrdən təmizlənməsi, zərərsizləşdirilməsi, hidrogensulfidin havanın oksigeninin iştirakı ilə bir mərhələdə sulfat turşusuna oksidləşməsi, sənaye tullantı qazlarının tərkibində karbohidrogen qalıqlarının və dəm qazının tam oksidləşmələri prosesləri işlənib hazırlanmışdır. Onun rəhbərliyi ilə aparılan elmi tədqiqatların nəticələri respublikanın Yeni Bakı Neftayırma və Sumqayıt Sintetik Kauçuk zavodlarında, həmçinin Rusiyanın Nijni Novqorod, Almetyevskiy, Redkino və Saratov şəhərlərinin zavodlarında sənaye qurğularında həyata keçirilmişdir.

 

AMEA-nın müxbir üzvü T.Alxazov 400-dən artıq elmi əsərin, o cümlədən 131 müəlliflik şəhadətnaməsi və 4 monoqrafiyanın müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 40 fəlsəfə doktoru, 5 elmlər doktoru hazırlanmışdır.

 

Elmdə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuş, apardığı elmi işlərin nəticələri Ümumittifaq Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisinin qızıl, gümüş və bürünc medallarına layiq görülmüşdür.

 

Uzun müddət ABŞ-ın Kaliforniya ştatında yerləşən Parsons şirkətində elmi məsləhətçi kimi fəaliyyət göstərən alim Azərbaycan elmini ölkəmizin hüdudlarından kənarda layiqincə təmsil etmişdir. O, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konqres, simpozium, konfrans və yığıncaqlarda iştirak etmişdir.

 

Allah rəhmət eləsin!

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər