Balın tərkibini və keyfiyyətini necə müəyyənləşdirmək olar?
19.10.2021 08:21

Bal tərkibi çoxsaylı mineral və vitaminlərlə zəngin olan təam, saysız-hesabsız müalicəvi xüsusiyyətləri özündə daşıyan qiymətli nemətdir. Balın 40-dək növü var. Rəngi və dadı isə tərkibindəki çiçək və otlardan asılı olaraq dəyişir. Tərkibində 13-20 % su, 80 %-dən çox karbohidrat, 0,4 % zülal, 0,3 % kül var. Həmçinin üzvi turşular, fermentlər, mineral və vitaminlərlə olduqca zəngindir.


AQTA-dan bildirilib ki, mütəxəssislərin fikrincə, balın sağlamlığa olan əsas faydası onun antioksidant tərkibindən qaynaqlanır. Belə ki, təbii bal fitokimyəvi maddələr, flavonoidlər və askorbin turşusu da daxil olmaqla antioksidant rolunu oynayan bir sıra birləşmələri ehtiva edir. Sağlamlığa olan faydaları ilə yanaşı, dadlandırıcı və qoruyucu kimi qənnadı sənayesində də geniş istifadə olunur. Bal alarkən diqqətli olmaq lazımdır.

 

Satışda “bal” adı ilə geniş çeşiddə, zövqlə etiketlənmiş məhsullar görmək olur. Saxta bal xoşagəlməz yan təsirlərə, müxtəlif xəstəliklərin meydana gəlməsinə səbəb ola bilər. Saxta bal hazırlanarkən şəkərli məhsul (yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru), təbii (dazı otu, çay dəmləməsi, zəfəran), yaxud süni rəngləndiricilərdən istifadə olunur. Hətta belə məhsullara dadının təbii bala uyğunlaşdırılması üçün az miqdarda xalis bal da qatılır. Araşdırmalar nəticəsində müəyyən olunub ki, təbii bal və şəkəri ayıran çox mühüm fərqlər vardır. Belə ki, şəkər həzm sistemində parçalanaraq qana keçir, təbii bal isə parçalanmadan sürətli şəkildə qana qarışa bilir.

 

Saxta balı həqiqi baldan ayırmaq üçün el arasında bir çox sınaqlar mövcuddur. Mütəxəssislərin fikrincə, istehlakçıların məhsulun qoxusuna, rənginə və dadına baxaraq keyfiyyətli olub-olmamasını ayırd edə bilməsi mümkün deyil. Təbii məhsulu laborator müayinə nəticəsində mütəxəssislər ayırd edə bilərlər. Balın keyfiyyətini müəyyən etmək üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyasında bir sıra keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələr aparılır. Laboratoriyada balın analizi orqanoleptik göstəricilər, reduksiyaedici şəkər, suyun kütlə payı, diastaza ədədi, qlükoza, fruktoza, saxaroza miqdarı, elektrik keçiriciliyinin səviyyəsi, hidroksimetilfurfurolun miqdarı (HMF), hidroksimetilfurfurolun keyfiyyət analizi, mexaniki qarışıqlar, qıcqırma əlaməti, sərbəst turşuluq, eyni zamanda ağır metallar, radionüklotiodlər, pestisid qalıqları, antibiotik qalıqları və s. sınaqlar üzrə həyata keçirilir. Milli Referens Laboratoriyası mütəxəssislərin peşəkarlığının artırılması, müayinələrin beynəlxalq tələblərə uyğun həyata keçirilməsi məqsədilə laboratoriyalararası səriştəlilik sınaqlarında mütəmadi iştirak edir. Dünyanın əksər ölkələrinin də təmsil olunduğu beynəlxalq səriştəlilik sınaqlarında yüksək nəticələr əldə edir.


Qeyd edək ki, 20 oktyabr – 7 noyabr tarixlərində arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcəkdir. Yarmarkada satışa çıxarılacaq bal məhsulları AQTİ-nin nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyasında yoxlanılmışdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev