Cərrah stolunda əvvəldən sona kimi yanınızda olan həkim /MÜSAHİBƏ
11.10.2021 17:38

Müasir cərrahiyyə elminin inkişafı və təkmilləşməsində anesteziya mühüm rola malikdir. Bilirik ki, əməliyyata xas olan dözülməz ağrı mövcud anesteziya tətbiqləri ilə aradan qaldırılır. Lakin bu gün anesteziya yalnız ağrı üzərində deyil, perioperativ müalicədə də müvəffəqiyyətli üsul hesab edilir. Anestezioloqlar ürək-ağciyər reanimasiyası, ağrının idarə edilməsi, intensiv qulluq və digər sahələrdə mühüm vəzifələri həyata keçirirlər.

 

Aztibb.az Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsinin rəisi, anestezioloq-reanimatoloq Tural Sadıqovla anesteziologiya və onun əhəmiyyəti mövzusunda müsahibəni təqdim edir.

 

Tural həkim, tibb aləmində anestezioloqa bəzən “gizli qəhrəman” deyilir. Bir anestezioloq-reanimatoloqun əsas vəzifəsi nədən ibarətdir?

 

Öncə onu bildirim ki, anestezioloq-reanimatoloq iki böyük ixtisasın birləşməsidir. Bu, böyük bir məsuliyyət olmaqla yanaşı, iki sahəni dərin bilmək, ağır xəstələrin müayinəsində iştirak etmək öhdəliyini də üzərimizə qoyur. Bir anestezioloqun əsas vəzifələrinə xəstələrin hər hansı bir cərrahi əməliyyata hazırlanması, yatızdırılması, ağrısızlaşdırılması, əməliyyat zamanı və əməliyyatdan sonrakı dövrdə baş verə biləcək ağırlaşmaların qarşısının alınması, profilaktikasının aparılması, müəyyən hallarda tədbirlərin görülməsi və xəstənin həyata qaytarılması daxildir.

 

Bir reanimatoloq kimi demək istərdim ki, kritik ağır, həyatla ölüm arasında olan xəstələrin reanimasiya şöbəsində müayinəsi, müalicəsi və nəzarət olunması, müalicəsinin davam etdirilməsi bizim vəzifələrimizə daxildir. Onu da bildirmək istəyirəm ki, həqiqətən bu peşə çox ağır və ciddi məsuliyyət tələb edən peşədir və bu sahəni seçən hər bir həkim öz ixtisasını sevməli, işinə məsuliyyətlə yanaşmalıdır.

 

Həqiqətən, anestezioloqa “gizli qəhrəman” deyilir. Çünki əksər hallarda cərrahi əməliyyatı həyata keçirən cərrah göz önündə olur. Xəstənin həyatını qurtarması faktı ortada olur. Buna baxmayaraq, əməliyyat üçün şəraiti yaradan, xəstənin həyatında ola biləcək ağırlaşmaların qarşısını alan, xəstəni ağır vəziyyətdən çıxaran, onun sağlamlığına cavabdeh olan həkim məhz anestezioloqdur. Bu da bizim işimizin olduqca məsuliyyətli, böyük tibbi və klinik təcrübə tələb edən ixtisas olduğunu göstərir.

 

Anesteziyanın əks təsirlərindən çox bəhs olunur. Bu sahənin həkimləri özləri cərrahiyyə əməliyyatları zamanı yaranan fəsadların çoxunun anesteziya ilə əlaqədar olduğunu bildirilər. Nə kimi risklər göz önünə alınır və bu mövzu ilə bağlı tövsiyəniz nədir?

 

Anesteziyanın əks təsirlərinə çox az hallarda rast gəlinir. Xüsusən də sağlam insanların əməliyyatları nəzərdə tutulursa, həmin xəstələrin anesteziya zamanı ağırlaşma  riski çox aşağıdır. Lakin heç bir xəstə, hətta tam sağlam olsa belə, baş verə biləcək ağırlaşmadan sığortalanmır. Həkim vəziyyətin pis yöndə dəyişib-dəyişməməsinə dair heç bir təminat verə bilməz. Çünki anesteziyada istifadə olunan hər hansı dərmana qarşı anafilaktik şokların olmasından, tromboembalik ağırlaşmalardan, əməliyyat zamanı ola biləcək qanamalardan və s. sığortalana bilməz və bunlar istənilən əməliyyatlar zamanı yaşana biləcək hallardır.

 

 

 

Ümumilikdə bunların baş vermə faizi aşağıdır, lakin tək-tək hallarda olsa belə, rast gəlinməkdədir. Əgər ağır xəstələrdən söhbət gedirsə, yanaşı olaraq digər orqan sistemlərinin xəstəliyi hallarında, deyək ki, ürək-damar çatışmazlığı, ürəyin işemik xəstəlikləri, ağır qaraciyər, böyrək çatışmazlığı zamanı da bu risk faizi dəfələrlə artır və həyatı təhdid edəcək dərəcədə yüksələ bilir. Odur ki, xəstələrin anesteziyadan əvvəl öyrənilməsi, araşdırılması, ehtiyac yarandığı təqdirdə digər ixtisas mütəxəssislərinə müraciət olunaraq müalicənin aparılması, orqan sistemlərinin optimal səviyyəyə gətirilməsi, anesteziya vaxtı və sonrakı dövrdə də vəziyyətin nəzarətdə saxlanılması labüddür.

 

Əməliyyat öncəsi xəstənin ümumi sağlamlıq vəziyyəti qiymətləndirilərkən hansı xəstəliklər olduğu halda anesteziya məsləhət görülmür?

 

İstənilən halda risklər mütləq göz önünə alınmalıdır. Xəstə ancaq ehtiyac yarandıqda, hər hansı cərrahi əməliyyata göstəriş varsa, anesteziya almalıdır. Xüsusən də müsir dövrdə estetik və plastik əməliyyatlar üçün müaricətlərin daha çox olduğunu nəzərə alsaq, bu məqsədlə əməliyyat olunmaq istəyən insanlar riskləri, ehtimal olunan ağırlaşmaları göz önünə almalıdırlar.

 

Müasir dövrdə əsasən 3 anesteziya növündən istifadə olunur. Hansı daha fəsadsızdır? Və ya bu növ anesteziyalara göstərişlər nələrdir?

 

Anesteziyanın növləri əsasən əməliyyatın növündən asılı olaraq seçilir. Anesteziyanın növü eyni vaxtda anestezioloqla xəstə arasında müzakirə olunaraq, razılıq alınaraq seçilir. Seçim əməliyyata uyğun olmalı və cərrahi əməliyyatı fəsadız, keyfiyyətli şəkildə həyata keçirməyə imkan verməlidir. Xəstənin tam rahatlığını, həyati təhlükədən qorunmasını təmin etməlidir. Bütün bunlar nəzərə alındıqdan sonra anesteziyanın növü seçilir. Fəsadlarına gəldikdə isə, anesteziyanın özünəməxsus ağırlaşmaları ola bilər və anesteziya növlərinin heç biri digərindən üstün deyil.

 

Müsair dövrdə, xüsusən də ağır əməliyyatlarda bir neçə anesteziya növünün kombinə olunması, kombinə olunmuş ümümi anesteziyanın aparılması daha geniş yayılıb.

 

Məhz COVID-19 şübhəsi olan və ya diaqnozu qoyulan xəstələrdə anesteziyanın tətbiqi necə aparılır?

 

COVID-19 şübhəsi və ya diaqnozu olan xəstələrdə anesteziyanın aparılması yalnız təcili əməliyyatlar zamanı həyata keçirilir. Əgər planlı əməliyyat nəzərdə tutulursa, xəstə ancaq koronavirusdan sağaldıqdan sonrakı dövrdə əməliyyat aparılır. Təcili əməliyyatlar isə Səhiyyə Nazirliyinin təsdiqlədiyi COVID-19 xəstələrinin müalicəsi aparılan tibbi mərkəzlərdə həyata keçirilir. Bu zaman da anesteziya proseduru digər xəstəliklərdə olduğu kimi baş verəcək ağırlaşmalar, xüsusən də ağciyər və damar xəstəlikləri zamanı ağırlaşmalar nəzərə alınaraq, profilaktikası aparılaraq həyata keçirilir.

 

Perioperativ müalicə nədir və əməliyyatdan əvvəl xəstə hansı mühüm məqamları diqqətdə saxlamalıdır?

 

Perioperativ müalicə zamanı əməliyyat öncəsi xəstənin vəziyyəti ilə bağlı tək qərar qəbul edilmir. Digər ixtisas mütəxəssislərinin də iştirakı vacibdir. Həm anestezioloq, həm də digər ixtisas mütəxəssislərinin nəzarəti ilə orqanların funksiyası optimal vəziyyətə gətirildikdən, təhlükə minimuma endirildikdən sonra xəstə planlı şəkildə əməliyyata götürülməlidir.

 

"Florence Nightingale" Xəstəxanalar Qrupunda çətin cərrahi əməliyyatlarda anestezioloq kimi çalışmısınız. Azərbaycanda anesteziologiya sahəsində tibbi xidmətin səviyyəsini qənaətbəxş hesab etmək olarmı?

 

Əlbəttə, Azərbaycanda anesteziologiyanın vəziyyətini qənaətbəxş hesab etmək olar. Həqiqətən də ölkəmizdə bu sahə son 10 ildə inkişaf edib. Belə bir inkişafın arxasında isə ölkə anestezioloqlarının öz nəzəri biliklərini, klinik təcrübələrini artırması dayanır. Bu da Azərbaycanda anesteziologiyanın səviyyəsini dünyanın ən öndə gələn tibb mərkəzlərindəki anesteziologiyanın səviyyəsi ilə yaxınlaşdırıb.

 

 

 

Müsair anesteziologiya cərrahiyyə əməliyyatları üçün hansı imkanları yaradır?

 

Müsir anesteziologiyanın inkişafı, yeni imkanların yaranması, əvəllər mümkün olmayan əməliyyatların daha ağır xəstələrdə aparılmasına, daha böyük əməliyyatların keçirilməsinə şərait yaradır. Buna misal olaraq, ağır ürək əməliyyatları, bir çox orqanların transplantasiyası zamanı əməliyyatın uğurla nəticələnməsini və xəstənin həyatının qurtarılmasını göstərmək olar. Bundan sonra da anesteziologiyanın inkişaf etməsi, yeni metodların tətbiqi və müasir cihazların istifadəyə verilməsi ilə keçmişdə mümkün olmayan, yüksək riskli əməliyyatların keçirilməsinə, xəstənin həyatını qoruyaraq, daha təhlükəsiz aparılmasına zəmanət verir.

 

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Peşəkar həkimlərimizi tanıyaq! -  Tibb üzrə fəlsəfə foktoru Sədi Allahverdiyev
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Rəşad Nəsirli - Pasiyhentləri ağır vəziyyətdən maksimum dərəcədə ağrısız çıxarmağı bacaran anestezioloq-reanimatoloq