Kökəlməkdən qorxan insanlarda rast gəlinən - ANOREKSİYA xəstəliyi 
05.10.2021 15:39

Anoreksiya nervosa xüsusilə gənc qadınlarda rast gəlinən, yeməkdən imtina, yuxuya ehtiyacın azalması, buna baxmayaraq patoloji hiperaktivlik kimi əlamətlərlə xarakterizə olunan psixonevrogen bir pozulmadır.

 

Aztibb.az xəbər verir ki, xəstəlik əsasən yeniyetməlik dövründə, çox nadir hallarda isə orta yaşlarda başlayır. Belə xəstələr öz bədən quruluşlarından məmnun olmur, kökəlməkdən çox qorxur və əslində belə olmasa da çox kök olduqlarını düşünürlər. Başlanğıcda arıqlamaq üçün müxtəlif pəhrizlər tutur, sonralar iştahları itir və həzmi pozulur, həddən artıq arıqlamağa başlayırlar.

 

Hazırda anoreksiyaya artıq təkcə qadınlarda deyil, kişilərdə də rast gəlinir. Belə ki, xəstəlik əhalinin 0.5 - 1%-ndə görünür və xəstələrin 95%-i 12-20 yaş arası qızlar olur.

 

Anoreksiyaya səbəb olan amillər arasında sosial faktorlar əsas yer tutur. İnsanların beyninə oturan "Arıqsansa yaxşı görünürsən" fikri xəstəliyin son illərdə bu qədər geniş yayılmağına səbəb olub. Bundan başqa, bəzi ailədaxili problemlər və psixoloji sıxıntılar da səbəb olaraq göstərilir. Anoreksiya nervosa diaqnozunu qoymaq üçün xəstədə aşağıda sadalanan əlamətlər olmalıdır:

 

- Bədən çəkisinin yaş normasından 15% və daha çox aşağı olması;

- Arıq olmasına baxmayaraq kökəlməkdən həddən ziyadə qorxması;

- Özünü düzgün qiymətləndirməməsi;

- Qadınlarda amenoreya (ən azı 3 ay müddətində menstruasiyanın olmaması);

- Kişilərdə libidonun zəifləməsi.

 

Qeyd edək ki, belə xəstələr mükəmməlliyi sevir və işlərində çox nailiyyətlər əldə edirlər.

 

Anoreksiya iki formada özünü büruzə verir:

 

- Birinci tipdə xəstələr yeməyin miqdarını azaldır və ya ondan imtina edir;

- İkinci tipdə isə yeməyi çox sürətlə və çox miqdarda qəbul edir, sonra isə qusur.

 

Xəstəliyin gedişi üç mərhələyə ayrılır:

Disformanik mərhələdə xəstələr öz bədən çəkisi və xarici görünüşü ilə əlaqədar depressiyaya düşür. Arıqlamaq üçün ideal pəhriz axtarışında olurlar.

 

Anorektik mərhələyə keçid dayanıqlı aclıq nəticəsində baş verir. Xəstələrin bədən çəkisi 20-30 faiz azalır və bu onları çox xoşbəxt edir. Əslində isə dövr edən qanın miqdarı azalır, hipotoniya və bradikardiya yaranır, üşümə, tez-tez xəstələnmə, dərinin quruması və alopesiya (keçəlləşmə) əlamətləri meydana çıxır. Daha bir əlamət - qadınlarda menstrual dövrün pozulması, kişilərdə isə spermatogenezin və cinsi fəaliyyətin zəifləməsidir. Endokrin sistemində getdikcə pozulmalar inkişaf edir, sümüklərdə osteoporoz inkişaf edir.

 

Toxumaların sürətli parçalanması səbəbindən iştaha tamamilə kəsilir.

 

Kaxektik mərhələ 1,5 - 2 ildən sonra inkişaf edir, daxili orqanlarda geriyə dönməyən distrofik dəyişikliklər baş verir. Bu mərhələdə bədən çəkisinin 50%-dən artığı itirilə bilir. Bu səbəbdən su-duz mübadiləsi pozulur, zülalsız ödemlər yaranır, orqanizmdə kaliumun miqdarı kəskin surətdə azalır, bu da ürək ritmində ağır pozulmalara səbəb olur. Kaxektik mərhələdə baş verən distrofik dəyişikliklər adətən geriyə dönmür və proses ölümlə nəticələnir.

 

Xəstələrin 30%-i sağalır, 30%-də yaxşılaşma, 30%-də xronikləşmə qeyd olunur. Təəssüf ki, 10% hallarda anoreksiya ölümlə nəticələnir.

 

Xəstəliyin müalicəsi pozulmanın erkən mərhələsində başladıqda daha yaxşı nəticə əldə olunur. Müalicə əsasən psixoterapiyadan, alimentar reabilitasiyadan və müalicəvi qidalanmadan ibarətdir.

 

Müalicənin ilkin mərhələsində xəstə gündə 6-7 dəfə kiçik porsiyalarla yemək yeməlidir. Pəhrizdə yetərli miqdarda təzə meyvə, tərəvəz, meyvə quruları, göyərti, qoz, süd və qatıq, pendir, yumurta, balıq kimi ərzaqlar olmalıdır.

 

Əgər xəstə müalicə başlandıqdan bir ay sonra 2-3 kg və daha çox çəki artırıbsa, bu terapiyanın effektli olduğuna dəlalət edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev