Azərbaycanda psixi pozuntusu olan şəxs əvvəlcə baxıcıya müraciət edir – Şəkidə fəaliyyət göstərən psixiatrla MÜSAHİBƏ
29.08.2020 15:38

Dünyada milyonlarla insan psixi və davranış pozuntularından əziyyət çəkir. Müşahidələr və aparılan sorğular nəticəsində məlum olur ki, insanların psixi sağlamlığı daha çox sosial, psixoloji və bioloji amillərdən asılıdır. Hər bir şəxsin irsindən, filogenezdə inkişafından, xarakter aksentuasiyasından, psixi xüsusiyyətlərindən asılı olaraq, hər hansı bir qüsurun mövcudluğu danılmazdır. Bu qüsurlar şəxsin ünsiyyət və fəaliyyətində özünü biruzə verməyə də bilər. Yəni şəxs cəmiyyət üçün çox da təhlükəli olmaya bilər. Lakin mövcud problemlər davamlı sosial, iqtisadi təzyiq, yoxsulluq, o cümlədən təlim, təhsil, tərbiyə səviyyəsinin çox aşağı olması psixikadakı mövcud qüsurların inkişafını aktivləşdirir.

 

Bu barədə Aztibb.az-a müsahibəsində Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Akif Əsədullayev məlumat verib.

 

- Psixi xəstəliklərin yaranmasının əsas səbəbləri nələrdir? Stress bu prosesdə nə kimi rol oynayır?

- Psixi pozuntuların əmələ gəlməsində stress və erkən uşaq yaşlarında alınan travmalar əsas rol oynayır. Ümumiyyətlə, elə bir somatik xəstəlik yoxdur ki, onun əmələ gəlməsində stressin rolu olmasın. Stress mövzusu ilə uzun illər məşğul olan Baltikyanı ölkə alimi Luule Viilma hesab edir ki, bütün xəstəliklərin əmələ gəlməsinin əsas səbəbi stresslərin düzgün idarə olunmamasıdır.

 

- Ölkəmizdə psixiatra adətən hansı sıxıntılar ilə daha çox müraciət olunur? Sizə olunan müraciətlər üzrə statistik göstəricilər necədir?

- Etiraf edim ki, Azərbaycanda müqəddəs hesab olunan yerləri ziyarət etdikdən, baxıcıya, nevropatoloqa üz tutduqdan sonra bir fayda görmədikdə əlacsız qalıb psixiatra getməli olurlar. Əlbəttə ki, son mərhələdə müraciət olunduqda xəstələrin əksəriyyətində müalicənin müsbət nəticə verəcəyinə ümid azalır, xəstəlik isə sistemləşmiş xarakter alır. Olunan müraciətlərin statistikasına gəldikdə isə bu, heç vaxt real nəticəyə gəlməyə imkan vermir. Şəxsi təcrübəmə gəldikdə isə, mənə demək olar ki, hər növ psixi pozuntu ilə müraciət olunur.

 

- Koronavirus pandemiyası səbəbindən cəmiyyətdə qorxu və panika da geniş yayılıb. Bu, bəzi insanlarda, psixoloji narahatlıqlara, hətta təşviş (həyəcan) pozuntusuna səbəb olur. Koronavirusla mübarizə fonunda bu pozuntudan qurtulmağın yolları hansılardır?

- Koronavirusun təhlükəli bir xəstəlik olduğunu hər kəs qəbul etməli və ondan qorunmaq üçün çalışmalıdır. Unutmaq olmaz ki, stress immun sistemini zəiflədir, onun müxtəlif viruslara qarşı davamlılığını aşağı salır. Bu səbəbdən stressdən uzaq olmağa səy göstərilməlidir. İnsanlarda bu xəstəliklə bağlı qorxu yarandıqda daha çox fobiya, həyəcan, depressiya hallarına rast gəlinir.

 

- Məlumdur ki, ölkəmizdə psixiatra müraciətlərin sayı digər ölkələrə nisbətən aşağıdır. Müraciətlərin sayının az olması hansı səbəblərdən qaynaqlanır?

- Azərbaycanda da psixi xəstəliklərin müxtəlif növlərindən əziyyət çəkənlər çoxdur. Amma əsas problem bu insanların aidiyyəti üzrə psixoloqa və yaxud psixiatra müraciət etməkdən çəkinmələridir. Psixiatrlara müraciətlərin az olmasının başlıca səbəblərindən biri psixi xəstəliklərə dair cəmiyyətimizdə dolaşan damğalar - stiqmalardır. Psixiatra müraciətin birmənalı qarşılanmamasına bütün dünyada rast gəlinir. Lakin etiraf etməliyik ki, bu barədə ölkəmiz liderlik edir.

 

- Bipolyar pozuntu nədir, daha çox kimlərdə bu xəstəliyə rast gəlinir? Xəstəliyin dərman preparatları ilə nəzarətdə saxlanılması mümkündürmü?

- Bipolyar affektiv pozuntu affektiv pozuntuların növbələşməsi ilə müşayiət olunur. Xəstəliyin gedişində maniakal faza əhval-ruhiyyənin yüksəlməsi, intellektin və hərəkətlərin artması, depressiv faza onların əksi olan əlamətlərlə əvəz olunması ilə müşayiət olunur. Xəstəlik ən çox gənc və ahıl yaşlarda başlayır. Onun xarakterik xüsusiyyətlərindən biri odur ki, yaxşılaşma-intermissiya dövründə xəstənin şəxsiyyətində heç bir dəyişiklik hiss olunmur. Xəstəliyin əlamətlərinə uyğun aparılan müalicə ilə onu nəzarətdə saxlamaq və yaxşılaşmasına nail olmaq mümkündür.

 

- Hansı hallarda psixi pozuntuları olan şəxslərə stasionar xidmət göstərilməsinə ehtiyac yaranır?

- Psixi pozuntusu olan xəstələrin böyük əksəriyyəti ambulator şəraitdə müalicə olunur. Öz vəziyyətinə tənqidi münasibət bəsləməyən xəstələr ambulator şəraitdə dərman qəbulundan imtina edir. Xəstələrin bir qisminin isə mövcud psixoloji durumu onun həm özü, həm də ətrafındakılar üçün təhlükə törədir. Belə xəstələri stasionar müalicəyə cəlb etmək məcburiyyətində qalırıq.

 

- Bildiyimiz kimi, bu yaxınlarda Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının yeni inzibati binası inşa olunub. Yeni bina nə kimi üstünlüklərə malikdir? Binada hansı xidmətlər nəzərdə tutulub?

- 200 çarpayılıq Şəki Rayonlararası Psixiatriya Xəstəxanası üçün inşa olunmuş geniş bina müasir tələblərə cavab verir. Xəstəxanada pasiyentlərin müalicəsi və onlara qulluq edilməsi üçün bütün şərait yaradılıb. Eyni zamanda xəstələrin müayinəsi üçün müasir laboratoriya, rentgen, ultrasəs müayinəsi, EEQ, EKQ avadanlıqları yerləşdirilib. Xəstələrin gəzintisi və asudə vaxtlarını keçirməsi üçün lazımi mühit yaradılıb.