Qənnadı məmulatlarının keyfiyyətini formalaşdıran AMİLLƏR
04.09.2021 11:29

Yüksək qidalılıq dəyərinə malik qənnadı məmulatları qida rasionumuzda geniş istifadə olunur. Həmin məhsullar unlu və şəkərli qənnadı məmulatlar olmaqla iki qrupa bölünür. Hər biri də tərkibi, qidalılıq dəyəri və hazırlanma texnologiyasına görə digərindən fərqlənir. Unlu qənnadı məmulatların peçenye, pryanik, vafli, tort, piroq, keks və s. kimi növləri var. Şəkərli qənnadı məmulatlarına isə marmelad, karamel, şokolad, mürəbbə, cem, povidlo və s. aiddir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi və İnstitutunun mütəxəssislərinin hazırladığı maarifləndirici materialda bəhs olunur.

 

Şəkərli qənnadı məmulatları tərkibinə və qidalılıq dəyərinə görə digər yeyinti məhsullarından fərqlənir. Bu isə həmin məmulatların istehsalında yüksək enerji dəyərinə malik olan xammaldan - şəkər, bal, nişasta və nişasta məhsulları, yeyinti yağları, yumurta, süd və süd məhsulları, meyvə-giləmeyvə, xüsusilə də qərzəkli meyvələrin (qoz, fındıq, badam, püstə və s.) istifadə olunmasına əsaslanır. Şəkərli qənnadı məmulatların istehsalında əsasən karbohidratlarla zəngin olan xammaldan istifadə edildiyindən həmin məhsulların enerji dəyəri də nisbətən yüksəkdir. Lakin bu enerji dəyəri bioloji dəyərə malik deyil.

 

Qənnadı məmulatlarının keyfiyyət göstəricilərinə təhlükəsizlik və bakterioloji amillər aiddir. İstehsal zamanı xammal keyfiyyətsiz olduqda, eləcə də daşınma və saxlanma rejiminə düzgün əməl edilmədikdə məhsul insan sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Onların tərkibinə xaricdən bir çox zərərli kimyəvi maddələrin, o cümlədən ağır metal duzların, toksiki elementlərin, həmçinin mezofil və anaerob mikroorqanizmlərin, kif və maya göbələklərinin düşməsi nəticəsində məhsulların keyfiyyəti itir. Əgər həmin maddələrin miqdarı tibbi-bioloji tələblərin normalarından artıq olarsa, bu zaman insan orqanizmində bir sıra ciddi xəstəliklər yarana bilər.

 

Xarici təsirlərdən kifayət qədər etibarlı qorumaq üçün qənnadı məmulatlarının düzgün qablaşdırılması şərtdir. Qənnadı məhsullarının qablaşdırılması məhsulun konkret çeşidi, eləcə də normativ texniki sənədlərin tələbinə uyğun olmalıdır. Həmin məmulatlar əsasən içərisinə perqament kağızı sərilmiş taxta, yaxud karton yeşiklərə, çəki ilə satılanları isə karton qutulara və sellofan paketlərə qablaşdırılır. Mürəbbə, cem, povidlo kimi şəkərli qənnadı məmulatlar isə şüşə və ya tənəkə bankalara qablaşdırılaraq satışa çıxarılır. Qablaşdırılmayan məhsullar haqqında informasiya isə ticarət obyektində məlumat vərəqində aydın şəkildə göstərilməlidir. Hər bir istehlakçı bu tip məhsulları alarkən onun saxlanma şəraitinə, qablaşdırmanın üzərindəki markalanmada qeyd edilən məlumatlara diqqət yetirməlidir. Dadı və formasına görə şübhə yaradan, etiket məlumatları aydın olmayan, markalanmayan məhsulları almaqdan çəkinmək lazımdır.

 

Qənnadı məhsullarının daşınması zamanı sanitar-gigiyenik qaydaların gözlənılməsi onların keyfiyyətli şəkildə saxlanılmasını da təmin edir. Daşınma zamanı qaydalara ciddi əməl edilmədikdə məhsul bir sıra amillərin təsirinə məruz qalır. Ona görə də tez xarab olan qənnadı məhsullarının daşınması 6 dərəcə C-dək temperaturda və xüsusi nəqliyyat vasitələrində həyata keçirilməlidir. Həmin məmulatların spesifik iyi olan məhsullarla bir yerdə daşınması və saxlanılması qadağandır. Məhsulların saxlanma rejimini xarakterizə edən əsas göstəricilər havanın temperaturu və havanın nisbi rütubəti, sanitar-gigiyenik şərtlər, işıqlandırma, otaqların havalandırılmasıdır. Məhsulların düzgün yerləşdirilməsi və düzülməsi, eləcə də mal qonşuluğu prinsipinə riayət edilməsi zəruridir.

 

Konfetlər çəki ilə satılan şəkildə istehsal edilir və ya qutuya, dəstəyə düzülür. Konfetlərin markalanması qənnadı məmulatları üçün adidir. Orada istehsal tarixi və saxlanma müddəti göstərilir. Drajelər bədii tərtibatlı dəstələrə, paketlərə və qutulara qablaşdırılır. Drajenin saxlanma şəraiti konfetlərdə olduğu kimidir. Drajeni birbaşa günəş işığı şüasının təsirindən qorumaq lazımdır. Uzun müddət saxlanan zaman draje köhnəldiyindən xarici görünüşü də korlanır. Karamel yüksək hiqroskopikliyi və kövrəkliyi ilə xarakterizə edilir. Buna görə də onu xarici təsirlərdən kifayət qədər etibarlı şəkildə qorumaq zəruridir. Karamel, halva 18 dərəcə C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 faizdən çox olmamaqla saxlanılmalıdır. Belə şəraitdə küncüt və şokoladla minalanmış halvanın zəmanətli saxlanma müddəti 2 ay, qozlu, yerfındıqlı, günəbaxan və kombinə edilmiş halvanın saxlanma müddəti 1,5 aydır. Saxlanma rejimi pozulduqda halvadan yağ axır, acılaşır, xoşagəlməz dad və qoxu duyulur. Yüksək nisbi rütubət zamanı halvanın səthi nəmlənir və xlorogen turşusunun oksidləşməsi və melanoidin yaranması nəticəsində qaralır. Havanın nisbi rütubətinin artması da yağın axmasına səbəb olur. Şokoladı isə 18 dərəcə C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 faizdən çox olmamaqla quru, təmiz, yaxşı havalandırılan, anbar zərərvericiləri ilə yoluxmayan, birbaşa günəş işığı düşməyən yerdə saxlamaq lazımdır. Şokolad kağıza bükülmüş vəziyyətdə, çəkilib qutulara qablaşdırılmış şəkildə və bükülməmiş, çəki ilə satılan formada istehsal olunur. Kağız şokoladı işığın, rütubətin, çirklənmənin təsirindən qoruyur və ona cəlbedici xarici görünüş verir. 50 qram və daha çox kütləsi olan şokoladın markalanmasında isə əsas komponentlərin tərkibi mütləq göstərilməlidir.

 

Unlu qənnadı məmulatlarının forması düzgün və zədəsiz, dadı və iyi isə çeşidinə müvafiq olmalı, kənar iy və dad verməməlidir. Unlu qənnadı məmulatlar soyuducuda əsasən 18 dərəcə C-dən aşağı temperaturda və 65-75 faiz nisbi rütubətdə saxlanılmalıdır. Həmin rejimə əməl edilməklə növ və çeşidindən asılı olaraq tort və piroqlar 3 saatdan 1 ayadək, pryaniklər 10-45 gün, kekslər 2-12 gün, ruletlər 5 gün, vaflilər 1-3 ay saxlana bilər. Açıq şəkildə satılan qənnadı məmulatları, xüsusilə də unlu qənnadı məhsulları xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməlidir. Belə məhsullar yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin olunmuş işçi heyət tərəfindən istehlakçılara təqdim olunmalıdır.

 

Mürəbbə və cemlər isə pasterizə edilmiş halda 6 ay, hermetik qabda olanlar 12 ay, şokoladlar 2-6 ay, konfetlər 1-4 ayadək, irislər 2-6 ay, karamel məmulatı 15 gündən 6 ayadək saxlanıla bilər. Şüşə bankalarda qablaşdırılmış mürəbbə, cem və povidlolar qapağı açıldıqdan sonra içərisindəki maddələr hava ilə təmas zamanı oksidləşir və nəticədə məhsul yararsız vəziyyətə düşür. Ona görə də qapağı açılandan sonra həmin məhsullar 2-4 həftə ərzində mütləq istehlak edilməlidir.

 

Düzgün şəraitdə saxlanılmayan və ya istifadə müddəti ötmüş qənnadı məmulatları insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Əsasən də kifli qənnadı məhsulları orqanizmə mənfi təsir göstərir, bir sıra xəstəliklərə səbəb olur. Qeyd edək ki, kiflənmə müхtəlif növ kif göbələklərinin inkişafı ilə əlaqədar olaraq yaranır və məhsulun səthində хovlu ləkələr, müхtəlif rəngli təbəqə əmələ gəlir. Kif göbələkləri zülalları, yağları və karbohidratları parçalayır. Qənnadı məmulatları yüksək nisbi nəmlik və temperatur şəraitində saхlanıldıqda onlarda kif göbələkləri (mukor, penisilium və s.) inkişaf edir.

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Xroniki xəstəlik nədir?
Yuxunun kifayət qədər olmaması orqanizmi infeksiyalara qarşı həssas edir - MÜSAHİBƏ
Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən Astarada tibbi aksiya keçirilib