Həkim-narkoloq: "Narkotik istifadə edənlərdə orqanizmin maddələr mübadiləsi pozulur"
30.08.2021 18:21

Bir sıra maddələr məhz asılılıq yaratdığı üçün onlar narkotik maddə adlandırılırlar. Həmin maddələrin istifadəsi təhlükəlidir. Narkotik istifadə edənlərdə orqanizmin maddələr mübadiləsi pozulur və belə xəstələrdə şəxsiyyət pozuntusu müşahidə edilir. Narkotik maddədən istifadə zamanı həm fiziki, həm psixoloji asılılıq yaranır. Aqressiya, yuxusuzluq, iştahsızlıq, dəhşətli bədən ağrıları və həzm sistemi problemləri fiziki asılılığın başlıca əlamətləridir. Həmin simptomları olan xəstələr yenidən narkotika istifadə edərək sakitləşmək istəyirlər. Həmçinin narkotik maddədən bir dəfə istifadə etdikdə xəstədə növbəti dəfə narkotikdən istifadə üçün güclü meyil yaranır. Sağalmaq istəyi güclü olan xəstələr bu cür psixoloji asılılığa qalib gələ bilirlər. Xəstələr müalicə prosesində psixoloq nəzarətində olur, həmçinin xüsusi reabilitasiyalardan keçirlər.

 

Bu fikirləri Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Zamin Əliyev deyib.

 

Z.Əliyev bildirib ki, narkoloji xəstələri sağaltmaq mümkün olsa da, çətin prosesdir: “Sağalandan sonra da bizimlə daimi kontaktda olan, lazım gəldikdə müalicəyə cəlb edilən xəstələr var. Statistik olaraq bu göstərici yüksək olmasa da, iradəsi güclü olanlar arasında sağalma halı müşahidə edilir. Sağalmaq üçün psixoloq seanslarını yubatmamaq və özünütərbiyə vacibdir”.

 

Onun dediyinə görə, müalicəsi başa çatan, fiziki asılılıqdan xilas olan hər kəs yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd vurdura bilər: “Belə xəstələrdə yalnız psixoloji narahatlıq qalır, yəni onlarda heç bir fiziki simptom olmadığı halda narkotik qəbul etmək istəkləri güclü olur. Hesab edirəm ki, belələri koronavirusa qarşı vaksinasiya oluna bilərlər. İstənilən halda, infeksionistlə məsləhətləşmək lazımdır. Ümumiyyətlə COVID-19 virusu narkoloji xəstələrin müalicəsi prosesində bəzi çətinliklər yaradır”.

 

Z.Əliyev vətəndaşları, xüsusilə gəncləri narkotik maddələrdən uzaq durmağa çağırıb: “Gənclərlə elə narkotik asılılıqdan əziyyət çəkənlərin dili ilə danışmaq istəyirəm. Narkoloji xəstələrin tək istəyi digərləri kimi normal həyatdan həzz ala bilməkdi. Yəni, onlar böyük bir şey istəmirlər. Sadəcə ətrafındakılarla söhbətdən, iş fəaliyyətindən və yaxud da müəyyən əyləncələrdən zövq almağı arzulayırlar. Narkotikdən asılı olanlar daim depressiyadadırlar, həyat onları sıxır. Həyatda azad olmaq, heç nədən asılı olmamaq ən gözəl nemətdir. Məsləhətim budur ki, gözəl həyatınızı depressiya, stress, narahatlıq dolu həyata çevirməyin. Əks halda, ömür boyu normal həyata qayıtmaq üçün mübarizə aparmaq məcburiyyətində qalacaqsız. Sağlam həyata davam etmək üçün narkotik maddələrə "yox" deməliyik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev