Ürək-damar xəstələri koronavirusa yoluxma riskini azaltmaq üçün düzgün qidalanmalıdır - AQTİ
23.08.2021 13:46

Ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin koronavirus (COVID-19) infeksiyasına yoluxma riski yüksəkdir. COVID-19 virusu ürək-damar sisteminə təsir göstərərək xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Çox təəssüf ki, yaşlı və ürək-damar problemləri ilə yanaşı digər xroniki xəstəliyi də olanlarda infeksiyanın gedişatı daha ağır fəsadlar törədir.

 

Aztibb.az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan (AQTİ) bildirilib ki, ürək-damar xəstəliklərinin inkişafına meyvə-tərəvəzlərin az, duz və doymuş turşuların isə həddindən artıq istehlakı, gündəlik qəbul edilən qidaların tərkibində lifin azlığı və ya olmaması, balanslaşdırılmamış qidalanma kimi amillər təsir edir. Artıq çəki və piylənmə, qanda yağların səviyyəsinin yüksəlməsi, yüksək qan təzyiqi xəstəliyin baş vermə ehtimalını artıran risk faktorlarındandır. Ürək-damar xəstəliklərinin inkişafı həyat tərzi, xüsusən tütünçəkmə, mütəmadi alkoqol qəbulu, az fiziki aktivlik, eləcə də emosional gərginlik kimi amillərlə sıx əlaqəlidir. Xəstəliyin yaranma səbəbləri arasında irsi meyillilik, yaş və cins də böyük rol oynayır. Belə ki, xəstəlik daha çox 40 yaşdan yuxarı insanlarda müşahidə edilir. Həmçinin kişilərlə müqayisədə qadınlarda xəstəliyin əmələ gəlməsi riski daha aşağıdır.

 

Koronavirusa qarşı ən yaxşı müdafiə vasitəsi müvafiq qabaqlayıcı tədbir və tövsiyələrə ciddi əməl etməklə yanaşı, güclü immun sistemidir. Havalar soyuduqca virusun daha da aktivləşəcəyini nəzərə alsaq, immun sistemini gücləndirməklə orqanizmin COVID-19 infeksiyasına qarşı müdafiə qabiliyyətini artıra bilərik. İmmun sistemin fəaliyyətində fiziki cəhətdən aktivlik, normal yuxu rejimi və balanslı şəkildə qidalanma mühüm rol oynayır. Ümumiyyətlə, ürək-damar xəstəliklərinin profilaktikasında düzgün və sağlam qidalanma şərtdir:

 

- Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır.

- Gün ərzində istifadə edilən duzun miqdarı azaldılmalıdır. Duz bədəndə artıq mayenin toplanması ilə ödəmin yaranmasına və qan təzyiqinin artmasına səbəb olur.

- Heyvan mənşəli yağların qəbulunu azaltmaq lazımdır. Konservləşdirilmiş ət, yağlı quş əti, kolbasa və s. məhsullar xolesterolla zəngin olduğu üçün qan damarlarına yığılaraq ürəyi qidalandıran damarların funksiyasının pozulmasına səbəb ola bilər.

- Gün ərzində 1,5-2 litr su qəbul edilməlidir.

- Spirtli və şirin içkilərdən imtina olunmalıdır.

- Kaliumla zəngin qidalar (banan, üzüm, kivi, gavalı, ərik və onların şirəsi, quru meyvələr, itburnu, həmçinin kartof, kələm, balqabaq) ürək üçün olduqca faydalıdır.

- Tərkibində maqnezium duzları ilə zəngin olan qidaların (çovdar və buğda kəpəkli çörəklər, yulaf, arpa və qarabaşaq yarması, çuğundur, yerkökü, kahı, cəfəri, qoz, badam, qara qarağat) istehlakına üstünlük verilməlidir.

- Balıq tərkibindəki Omeqa-3 sayəsində sağlamlığa faydalı olan vacib məhsullardandır və qida rasionunda əsas yer tutmalıdır.

- Yatmazdan əvvəl yaranmış aclıq hissini aradan qaldırmaq üçün 1 stəkan kefir içilə və ya 1 ədəd alma yeyilə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev