"Doğru diaqnoz qoyulmadığı üçün insanlar illərlə səhv müalicə alırlar" - Uzman uroloq Elnur Allahverdiyevlə MÜSAHİBƏ
23.08.2021 12:54

Uzman uroloq Elnur Allahverdiyev sağlamlığımız üçün çox vacib tövsiyələr verib, ölkəmizdə böyrək xəstəlikləri və müalicəsi ilə bağlı öz təcrübəsini bölüşüb.


Böyrəklərimiz orqanizmdə tarazlığı qoruyan önəmli orqanlardan biridir. Böyrəyin zəifləməsi orqanizmin zəifləməsinə, eləcə də digər orqanların fəaliyyətinin pisləşməsinə gətirib çıxarır. Böyrək və sidik yollarının xəstəlikləri insanların həyat rahatlığını ən çox pozan və ömrünü qısaldan xəstəliklərdəndir.

 

Aztibb.az böyrəklərin ən çox yayılmış xəstəlikləri, onların yaranma səbəbləri, xəstədə eyni əlamətlərlə rast gəlinən fərqli xəstəliklər və müalicə effektsizliyinin səbəbləri mövzularında uzman-həkim, uroloq Elnur Allahverdiyevlə müsahibəni təqdim edir:

- Bildiyimiz kimi, böyrək xəstəlikləri Azərbaycan üçün endemik xəstəliklərdən biri hesab olunur. Bu gün sizə hansı uroloji problemlərlə bağlı daha çox müraciət olunur?

 

- Doğrudur. Uroloq kimi fəliyyət göstərdiyim müddətdə həm Azərbaycanda, həm də Türkiyədə böyrək daşı problemi ilə üzləşən xəstələrin çox olduğunu müşahidə etdim. Bütün dünyada sidik turşusu daşları 5-8% nisbətində görülür, 70% isə kalsium oksalat daşıdır. Müqayisə etsək, Azərbaycanda isə xəstəliklə bağlı müraciət edənlərdə sidik turşusu daşlarına daha çox rast gəlinir.

 

Türkiyə ilə müqayisədə Azərbaycanda xəstələrdə rast gəlinən daşların sərtliyi çox aşağıdır. Odur ki, hətta başqa uroloqların əməliyyat tövsiyə etdiyi xəstələrdə belə, hansı ki, daşların ölçüsünün 2-3 sm olduğunu müşahidə edirdik, sidik turşusu daşının əridilməsi üçün təyin etdiyim müalicə nəticəsində xəstələr daşlardan əməliyyatsız xilas oldular.

 

Ona görə xəstələrin və həkimlərin bu əsasda mütləq diqqətdə saxlamaları məqam ondan ibarətdir ki, sidik turşusu daşları əriyə bilən daşlar olduğundan əməliyyat etmədən də bu daşlardan xilas olmaq mümkündür. O ki qaldı, digər daşlar, eləcə də kalsium oksalat daşlarına təcrübədən də bilinir ki, bu daşların əriməsi çətindir ya da mümkün deyildir.

 

Onu da qeyd etmək istərdim ki, Azərbaycanda pasiyentlərimizin xəstəlik və həkim yanaşmasında da bir səhlənkarlıq var. Xəstələr adətən həkimə gec mərhələdə müraciət edirlər. Tutaq ki, böyrək daşı, ya şişi olan zaman xəstə artıq böyrəyinin funksiyasını itirməyə başladığı mərhələdə həkimə baş çəkir. Yaxud əksinə, xəstə vaxtında həkimə müraciət edir. Lakin çox təəssüf ki, səriştəsiz mütəxəssisin yanlış müalicə aparması, sonradan xəstənin düzgün ixtisaslı mütəxəssisə müraciətinə qədər artıq gecikmiş olması mənfi nəticələr doğurur.

 

Belə hallar bir həkim kimi məni çox narahat edir. Əlimdən gəldiyi qədər bu mövzularda insanları bilgiləndirirəm. Eyni zamanda, sizin vasitənizlə də bu məlumatları paylaşmaq öhdəliyini duyuram. Tövsiyə edirəm ki, sağlamlığını düşünərək hər kəs ildə bir dəfə ulturasəs müayinəsindən, ümumi yoxlamadan mütləq keçsin.

 

 

 

- Sistit günümüzdə bir çox insanın üzləşdiyi xəstəlikdir. Bu xəstəliklə hansı halda üzləşirik? Qarşısını almaq üçün nə kimi vərdişlərə yiyələnməliyik?

 

- Adətən tez-tez sidiyə getmə, sidiyə gedən zaman göynəmə, sanki sidik kisəsi boşalmayırmış kimi sidik qalması hissiyatı olan bütün xəstələrə yanlış olaraq sistit xəstəsi kimi baxılır. Bu halda təkcə xəstələr deyil, bəzən məsləkdaşlarımız da aldanırlar. Onlar bu xəstələri sistit kimi müalicə edirlər, sağalmadığı təqdirdə isə hətta sağalmayan xroniki sistit diaqnozu qoyurlar.

 

Bilməliyik ki, sidik kisəsinin bütün xəstəlikləri, sidik kisəsinə qonşu orqanların iltihabı xəstəlikləri sistit şikayətləri verirlər. Misal üçün, apendiksin iltihabı, bağırsaq divertikulunun iltihabı, yəni sidik kisəsiylə təmasda olan hər hansı bir iltihabı proses, yaxud sidik kisəsinin daşı, şişi, hiperaktiv sidik kisəsi, bunların hamısı sistit kimi yozulur. Hələ intersistial sistit dediyimiz sidik kisəsinin xroniki xəstəliyi var ki, bu kimi halda da xəstənin şikayəti yenə də normal bakterial sistit zamanı edilən şikayətlərə bənzəyir. Eynilə də neyrogen sidik kisəsi və sidik kanalı darlığı problemlərini yaşayanlar oxşar şikayətlər edirlər.

 

Təcrübədə belə hallarla çox rastlaşmışam ki, xəstələrə doğru diaqnoz qoyulmadığı üçün illərlə səhv müalicə alırlar.

 

Xatırlayıram, pasiyentlərimdən biri xəstəliyi başqa olduğu halda 20 il sistit diaqnozu ilə müalicə olunmuşdu və əlbəttə, faydasını görməmişdi. Xəstə mənə müraciət etdi və müayinələrdən sonra hiperaktiv sidik kisəsi xəstəliyi olduğu məyyən edildi, müalicəsini apardım və ilk ayda da müsbət nəticələr verdi, xəstəlik aradan qaldırıldı. Həmin pasiyent hər dəfə müayinəyə gələndə səmimi təşəkkürünü bildirirdi və bir həkim olaraq xəstəni sağlamlığına qovuşdurmağım mənə aşırı xoş hisslər bəxş edirdi.

 

Təəssüf ki, bənzər problemləri olan xəstələr çoxdur. Mürəciət edənlər arasında hiperaktiv sidik kisəsi xəstəliyi olan kişilər vardı ki, prostat əməliyyat olunmuşdu. Bunu xüsusilə vurğulayım ki, qadınlarda tez-tez sidiyə getmələr sistit kimi qəbul olunursa, bu hal bəzən kişilərdə səhvən prostat kimi qəbul edilir. Məhz belə hallar baş verməsin deyə xəstə də məlumatlı olmalıdır. Ən yaxşı həkim-xəstə ünsiyyəti bilgili xəstə ilə alınır. Təbii ki, əsas məsuliyyət həkimin boynundadır. Bu mənada mən müntəzəm olaraq, sosial ortamlarda tibbi maarifləndirmə məqsədilə məlumatlar paylaşıram. Ümidvaram ki, Aztibb.az portalının vasitəsilə də bu məlumatları bir daha geniş ictimaiyyətə çatdırmaq uğurlu nəticə verəcək.

 

Bir daha qeyd edim ki, sadaladığım hallarda bənzər şikayətlərinə görə xəstənin sistit yaxud prostat xəstəsi olması həkimin doğru qərar verməsinə bağlıdır. Hər şey doğru diaqnozdan başlayır.

 

Hər kəsə bol su içməyi, sidiyi saxlamamağı məsləhət görürəm. Ancaq, bədəndə mayenin toplanmasına səbəb olan xəstəlik varsa, çox su içmək xəstəyə ziyan verə bilər. Ona görə ürək, böyrək yetməzliyi, ciddi damar genişlənməsi olmayanlara çox su içməyi və sidiyi tutmamağı məsləhət görürük. Çünki 4-5 saatdan bir sidiyə gedilməlidir ki, sidik yolları müntəzəm olaraq yuyulsun.

 

Ümumiyyətlə, sidiyi ertələmək orqanizm üçün zərərlidir. Çünki sidik kisəsi uzun müddət dolu qaldığı və gərildiyi zaman onun qan dövranı, qidalanması pozulur, nəticədə sidik kisəsi xəstəlikləri yaranmağa başlayır. Odur ki, vaxtında sidiyə getmək şərtdir.

 

Xüsusilə, hiperaktiv sidik kisəsi xəstəliyi olanlar çay, qəhvə, qazlı və sodalı içkilərdən, qızardılmış, istiotlu və bol ədviyyatlı xörəklərdən uzaq durmalıdırlar. Siqaret mütləq tərgidilməlidir. Çünki sidik kisəsi şişləri üçün riski 6 dəfə artırır.

 

- Böyrək problemlərindən əziyyət çəkənlər koronavirusu ağır keçirənlərin risk qrupuna daxil edilə bilərmi?

 

- Böyrəyində daş ya şiş olan xəstə koronavirusla bağlı o dərəcədə də qayğılı olmaya bilər. Diqqətdə saxlanılması vacib məqam odur ki, infeksiyaya yoluxanın xroniki böyrək çatışmazlığı xəstəliyi olmasın. Çünki bu hal immunitetə ciddi təsir edir. Ağır dializ xəstələri, yaxud hər hansı xəstəlikdən dolayı kimyaterapiya alan xəstələr bu mənada daha həssas olmalı və müalicəni aparan həkimlərlə sıx təmas saxlamalıdırlar. Ümumi hallarda böyrəyində narahatlığı olmayanlar xüsusi həyəcan keçirməməlidir.

 

- Uroloji xəstəliklərin hansı dövründə vaksinasiya tövsiyə olunur? Ümumiyyətlə,  belə xəstələr vaksin olunmalıdırmı?

 

- Bəli, bütün xəstələrə peyvənd məsləhət görülür.

 

- Böyrək xəstəliyi orqanizmdə digər hansı problemlərə yol açır?

 

- Böyrək xəstəliyi çox geniş bir qavramdır, böyrəyin həm uroloji həm nefroloji xəstəlikləri var. Hər hansı bir uroloji xəstəliyə vaxtında müdaxilə olunmazsa, bu xroniki böyrək yetməzliyinə gətirib çıxara bilər. Məhz  uroloji xəstəliyi olanlar uroloq tərəfindən düzgün təqib edilməlidir ki, ağır dərəcəli böyrək zədələnməsi ehtimalı yaranmasın.

 

 

 

- Elnur bəy, Türkiyənin Anadolu Sağlık Mərkəzində robot vasitəsilə əməliyyat həyata keçirərək xəstələrin sağalmasına müvəffəq olursunuz. Tibbdə tətbiqi yayılmaqda olan robotik əməliyyatlar hansı üstünlükləri ilə seçilir? Bu istiqamətdə fəaliyyətinizdən danışardınız.

 

- Bizə çox sual edirlər. Niyə məhz robot? Hətta irad olunur ki, texnikanın əməliyyatı həyata keçirməsi yüksək xərc bahasına başa gəlir. Buna dəyərmi?

 

Ümumiyyətlə, qeyd edim ki, Anadolu Sağlık Mərkəzinə Avropa, Asiya və Afrika ölkələrindən çoxlu sayda ağır xərçəng xəstələri şəfa tapmaq üçün gəlirlər. Həmin xəstələrin də əksəriyyəti əməliyyatları üçün yüksək tibbi imkanlar tələb olunan və öz ölkələrində əməliyyat oluna bilməyən ağır xəstələrdir.

 

Biz bu xəstələr üzərində multidissiplinar yanaşmalar tətbiq edərək əməliyyatlar icra edirik. Məhz robotla əməliyyatların icrası ona görə asan olur ki, iri yaxud çətin şişlər böyük kəsiklər açmadan, daha kiçik dəliklər açmaqla götürülür. Həm də robotla əməliyyatdan sonrakı dövr xəstə üçün daha komfortlu, ağrısız keçir və xəstə tez sağalır.

 

Müəyyən əməliyyatların robotla, laparoskopik və açıq üsulla icrası mümkündür. Lakin texnologiyanın imkanlarından istifadə edərək, xəstələr üçün avantajlardan yararlanmaq daha məntiqlidir. Bu kimi və digər üstünlüklərinə görə robot tövsiyə olunur.

 

- Və son olaraq, böyrək xəstəliklərindən maksimum şəkildə uzaq olmaq üçün oxucularımıza nələri tövsiyə edərdiniz?

 

- Sidik yolu xəstəliklərindən qorunmaq üçün ən ideal yol siqareti tərgitməkdir. Siqaret insan oğlunun ən gərəksiz icadıdır. Bir də kifayət qədər maye qəbul etmək. Hər kəsin bədən çəkisinə görə maye tələbatı var. Bu tələbatı düzgün qarşılamaq lazımdır ki, sidik yolları müntəzəm olaraq yuyula bilsin. Bundan əlavə, sidiyi tutmamaq, vaxtı-vaxtında sidiyə getmək lazımdır ki, sidik kisəsində xəstəliklərin yaranma ehtimalı olmasın.

 

Qeyd edim ki, kişilər sünnətli olduğu üçün sidik yolu infeksiyası baxımından riskli sayılmırlar. Qadınlara gəldikdə isə onların bəzi məqamlara, xüsusilə gigiyenaya ciddi diqqət etmələri vacibdir.

 

Həmçinin duzlu yemək, tünd çay, çox miqdarda qəhvə tövsiyə edilmir. Çünki bunlar sidik kisəsi ilə əlaqəli xəstəlikləri olan insanlarda, deyək ki, hiperaktiv sidik kisəsi xəstələrində narahatlığa səbəb olar. Eləcə də ayaqlara soyuq olduğu təqdirdə narahatlıq arta bilər.

 

Sadaladıqlarım ümumi olaraq qoruyucu tədbirlərdir. Amma xəstəliyi olan insanlar mütləq müəyyən aralıqlarla həkim baxışından keçməlidirlər.

 

Sonda onu da vurğulayım ki, sizinlə müsahibəmdən çox məmnun qaldım. Ümid edirəm ki, bu bilgilər insanlarımız üçün faydalı olacaq. Aztibb.az olaraq sizə insanları məlumatlandırmaq və maarifləndirmək məqsədilə göstərdiyiniz təşəbbüs üçün minnətdarlığımı bildirirəm.