Breket müalicəsinə başlamazdan öncə ağız boşluğunda olan bütün problemlər həll olunmalıdır
04.08.2021 12:47

Stomatoloji narahatlıq olan dişləm problemini aradan qaldırmağın bir sıra metodları var. Son dövrlər ən çox istifadə edilən metodlardan biri də breketlə müalicədir. Breketlər vasitəsilə üst və alt çənəni düzgün formada otuzdurmaq mümkündür. Ümumiyyətlə, dişləm üst və alt çənənin düzgün düzülüşünə deyilir. Bəzən üst və alt çənənin ölçü anomaliyalarında fərqlər olur. Normalda üst dişlər daha geniş sırada düzülməli və alt dişləri tam örtməlidir. Yəni, üst və alt dişlər kilid kimi bir-birinə oturmalıdır. Belə olmadıqda, distal və yaxud da medial dişləm əmələ gəlir. Bu, üst çənənin lazımından çox inkişaf etməsindən ya da alt çənənin inkişafsız qalmasından yarana bilər.

 

Bu barədə həkim-stomatoloq Aynur Xəlilova məlumat verib.

 

Bildirib ki, breket yerləşdirildikdən sonra xüsusi tellər vasitəsilə güc tətbiq edərək dişləri düzgün formaya salmaq mümkündür. Nəzərə almaq lazımdır ki, dişləmində problem olan pasiyentlərdə təkcə estetik görüntü pozulmur, ağız boşluğunda funksional narahatlıqlar da baş verir. Müalicə nəticəsində pasiyentin dişlərinin həm estetik gözəlliyi, həm də çeynəməsi funksional olaraq bərpa edilir.

 

Həkim-stomatoloq vurğulayıb ki, breketlərdən istifadə əvvəlki illərlə müqayisədə daha rahatdır: “Müasir dövr estetik gözəlliyi çox tələb etdiyi üçün daha estetik görünüşlü breketlər icad edilib. Əvvəllər yalnız klassik formalı metallik breketlərdən istifadə edilirdisə, indi müxtəlif materiallı daha şəffaf vasitələr var. Bunlar safir, keramik və kompozit materiallı breketlərdir. Belə breketlər uzaq məsafədən çox da görünmədiyi üçün kompleksli pasiyentlərə daha çox təklif edilir. Hətta elə növ breketlər var ki, dişin üst səthindən deyil, arxa səthindən düzülür. Belə breketlərin həm müsbət, həm də mənfi cəhətləri var. Mənfi tərəfi odur ki, pasiyentin breketə öyrəşmə dövrü çətin keçir. Danışıq prosesi bir müddət çətinləşir”.

 

A.Xəlilova, həmçinin breketli dişlərə xüsusi qulluq qaydası barədə də məlumat verib: “Breketlər dişlərdə heç bir ləkə əmələ gətirmir. Ləkəni əmələ gətirən breket taxıldıqda diş ətrafında toplanan ərpdir. Pasiyentlər dişlərin ya gigiyenasına əməl etmir, ya da fırçalamaq üçün yanlış texnikadan istifadə edirlər. Nəticədə, tərkibində çoxlu bakteriyalar olan ərplər əmələ gəlir və bakteriyaların ifrazatı turş mühit yaradır. Ona görə də, dişlər zədələnir və ləkələnir. Ümumiyyətlə, breketli dişlərin xüsusi qulluq qaydası var. Müalicəyə başlayan pasiyentlər mütləq qaydada təlimatlandırılırlar. Gigiyenaya riayət etmək müalicənin önəmli hissələrindən biridir. Çünki breket ətrafı toplaşmış ərplər və daşlar pasiyentə diskonfort yaratmaqla bərabər, sağalma prosesini də ləngidir. Təlimatlara fırçalama texnikası, düzgün vasitələrin seçilməsi daxildir.

 

Breket müalicəsinə başlamazdan öncə ağız boşluğunda olan bütün problemlər həll olunmalıdır. Xüsusi diaqnostika aparılmalıdır. Diaqnostikaya rentgenoloji müayinə və ümumi baxış daxildir. Nəticədə, kariyesləri və çəkiləsi dişləri müəyyən etmək lazımdır. Yəni, breket müalicəsinə ağız boşluğundakı problemləri aradan qaldırdıqdan sonra başlamaq məsləhətlidir. Çünki breket müalicəsi uzunmüddətlidir. Əks halda, müalicə müddətində dişlərdə baş verən problemi aradan qaldırmaq bir az çətin olur”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev