Ana südü ilə qidalandırma zamanı vacib MƏQAMLAR - Pediatr Nazilə Hüseynova
02.08.2021 10:43
Mərkəzi Gömrük Hospitalının pediatrı Nazilə Hüseynova 1-7 avqust “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” çərçivəsində “Həkimlə görüş” rubrikasında iştirak edib və iştirakçılara ana südü ilə qidalanmanın faydası və əhəmiyyəti barədə ətraflı məlumat verib.
 
Aztibb.az xəbər verir ki, Nazilə Hüseynova mövzu ilə bağlı sualları cavablandırıb.
 
- Ana südünün faydaları nədir?
 
Ana südü uşaq üçün nadir və ideal qidadır. Ana südünün nadir tərkibinə görə alimlər onu təbiət fenomeni kimi qeyd edirlər. Ən müasir və bahalı süni qida ana südünün tərkibinə hətta yaxınlaşa bilməz. Ana südünün tərkibi olduqca mürəkkəbdir və bu günümüzə kimi alimlər tərəfindən tam öyrənilməyib. Ana südünün tərkibi daim dəyişir – əmizdirmənin əvvəlində süd daha suludur, sonunda isə daha yağlı olur. Günorta saatları ilə müqayisədə gecə saatlarında süd daha yağlı olur. Uşaq böyüdükcə südün mineral tərkibi dəyişir.
 
Yeni doğulmuş körpənin mədə-bağırsaq sistemi qidanı mükəmməl şəkildə həzm edə bilmir. Ana südünün tərkibində qidalı maddələrdən əlavə, bu maddələri mənimsəməyə kömək edən xüsusi fermentlər var. Məhz bu fermentlər uşaq orqanizmində yağları, karbohidratları və s. maddələri həzm etməyə kömək edir. Südün əsas tərkib hissəsini su təşkil edir (80%-dən artıq). Lakin bu adi su deyil, bioloji aktiv sudur. Ana südündəki su uşağın orqanizmi tərəfindən tam mənimsənilir. Bu su hətta isti yay günlərində körpənin suya olan ehtiyacını tam ödəyir və körpə susuzluqdan əziyyət çəkmir. Məhz bu səbəbdən həkimlər yalnız ana südü ilə qidalandırılan körpəyə su, çay və s. mayelər verməyi tövsiyə etmir.
 
Ana südünün növbəti komponenti karbohidratlardır. Ana südündə karbohidratların əsas hissəsini laktoza təşkil edir. Məhz laktoza kalsiumun və dəmirin mənimsənilməsinə kömək edir. Laktoza uşağın mərkəzi sinir sisteminin inkişafı üçün vacibdir. Bundan əlavə, laktoza uşağın bağırsağında lakto və bifidobakteriyaların inkişafını stimullaşdırır. Lakto və bifidobakteriyalar isə bağırsağa düşən zərərli mikrobların inkişafına mane olur ki, nəticədə uşaq bağırsaq infeksiyalarından qorunmuş olur.
 
Ana südünün tərkibində xüsusi əvəzsiz yağ turşuları da var ki, onlar uşağın inkişafı üçün (xüsusən beynin və bağırsağın inkişafı üçün) olduqca vacibdir. Ana südünün tərkibində olan zülallar uşaq böyüdükcə tədricən azalır. Məsələ burasındadır ki, zülalların orqanizmə qida ilə artıq miqdarda daxil olması böyrəklər üçün ziyanlıdır və nəticədə insan orqanizmində metabolik stresə səbəb ola bilər. Metabolik stres isə öz növbəsində müxtəlif xəstəliklərə (şəkərli diabet, piylənmə) yol açır.
 
Qida maddələrindən əlavə, ana südünün tərkibində uşaq orqanizmi üçün vacib olan bütün vitamin və mikroelementlər var. Ana südü tək qida deyil. Ana südünün qoruyucu funksiyası var. O, uşağın orqanizmini zərərli mikrob və infeksiyalardan qoruyur, onun immun sisteminin inkişafına kömək edir. Ana südü müxtəlif immun faktorlarla zəngindir: lizosim – təbii antibiotik, makrofaqlar – mikrobları məhv edən xüsusi hüceyrələr. Beləliklə, ana südü ilə qidalandırılan körpə müxtəlif xəstəliklərə qarşı etibarlı müdafiə olunur. Ana südü ilə qidalanan uşaqlar süni qida alan uşqalarla müqayisədə daha gec-gec bağırsaq pozulmaları, respirator xəstəliklər, allergiyalarla üzləşir. Vaxtından əvvəl doğulmuş, az çəkili, zəif körpələr üçün ana südü ilə qidalanma vacibdir.
 
- Süddən ayırmaq üçün ən uyğun zaman nə vaxtdır?
 
Həkimlər süddən ayırmağın ən optimal zamanının 2 yaş olduğunu qeyd edirlər, cünki bu yaşda uşağın bədəni artıq möhkəmlənir. Psixoloqlar deyir ki, 1 yaşlı uşağın ana südünə tələbatı psixoloji deyil, fizioloji olur. Uşaq ananın döşünü tez-tez anaya yaxın olmaq məqsədilə istəyir. Buna görə də bu yaşda ana südü ilə qidalanma əldə yelləməklə, nağıl oxumaqla, oyunlarla əvəz edə bilər. Körpə üçün ana ilə six əlaqə vacibdir. Hər bir ana uşağının süddən ayırma vaxtını özü həll etməlidir.
 
Ən vacibi odur ki, həm ana, həm də uşaq buna psixoloji və fizioloji hazır olsun. Mütəxəssislər süddən tərgitməni laktasiyanın involyusiya dövründə aparmağı məsləhət edirlər. Bu dövrdə süd istehsalı azalır, onun əvəzinə çox az bulama gəlir. Bir qayda olaraq, involyusiya dövrü uşağın 1 yaşından sonra başlayır. Bundan əlavə, uşağın özünün döşdən imtinasını gözləmək olar. Amma adətən uşaq süddən 2, hətta 3 yaşında imtina edir. Hər iki halda döşlə əmizdirmə uzun zaman davam etdirilə bilər. Uzun müddətli qidalanma qadınlarda narahatlıq doğurur. Bundan başqa, qadınlarda işə və səyahətə çıxmaq məhduduyyəti yaradır.
 
- Ana südü neçə yaşına qədər verilə bilər?
 
Uşağa ilk alti ay ərzində, su da daxil olmaqla, ana südündən başqa bir qida vermək tövsiyə edilmir. 1 yaşına kimi əlavə qidalanma ilə birlikdə su da verilə bilər. Əgər ana və uşaq istəklidirsə, süd vermə müddətini 2 yaşına qədər artırmaq olar. 1 yaşından tez ana südünü kəsmək məsləhət deyil. Uşağı ana südündən ayırmaq nə zaman məsləhət görülmür:
 
- Diş çıxarma dövründə;
- Virus və infeksiyaların epidemiyası dövründə. Bu dövrdə uşağın immun sistemini ana südü tənzimləyir. Bu ərəfədə ana südündən imtina, bu xəstəliklərin riskini artıra bilər;
- Stresli vəziyyət zamanı (məsələn, bağçaya gedən dövrdə);
- Əgər uşaq xəstədirsə (xəstəlikdən ən azı 1 ay sonra süddən kəsilməsi məsləhət görülür).
 
- Ana südünü necə artırmaq olar? 
 
Övladına ana südü verən xanım gün ərzində 3-4 litr su, maye qəbul etməlidir. Bunun ən azı 2.5 litrini su, qalan hissəsini isə şəkərsiz süd gətirici bitki cayları təşkil edə bilər. Ana ilk olaraq stresdən uzaq durmalı, gündəlik yuxu rejiminə riayət etməli, həyəcan keçirməməlidir, uşağı tez-tez döşə qoymalıdır. Süd ifrazının artırılmasına şərait yaradan qida məhsulları bunlardır:
 
- yulaf – son illərdə aparılan çalışmalara əsasən yulaf dəmir qaynağı olmaqla yanaşı, süd ifrazını da artırmaq xüsusiyyətlərinə malikdir;
- yerkökü – tərkibində estrogen təsirli fitoestrogen vardır ki, bu da süd kanallarında süd ifrazını artıra bilir;
- razyana – süd artırmaqdan əlavə, körpələrdə infantil bağırsaq sancılarına də yardımçı olur;
- düyü və arpa – tərkibində saxaritin olduğuna görə prolaktin hormonunu yüksəldərək süd ifrazını artırır;
- yaşıl yarpaqlı göyərti və tərəvəzlər –ispanaq, kahı, gül kələmi, brokoli, keşniş, şüyüd və s;
- paxlalı bitkilər – bir qədər ehtiyatla istifadə olunur, çünki infantil bağırsaq sancılarına səbəb ola bilər;
- qoz, fındıq, badam – gün ərzində 10-15 ədəd istifadə edilə bilər;
- çörəkotu, küncüt;
- quru halda xurma, tut, əncir.
 
Döşü daha çox stimulyasiya etmək südün artmasına səbəb olur. 24 saat ərzində uşağı ən azı 8-12 dəfə əmizdirin. Uşaq əmziklərindən istifadə etməyin. Hər əmizdirmə zamanı hər iki döşünüzü verin. Uşağı müxtəlif vəziyyətlərdə əmizdirin. Hər əmizdirmədə körpənizin döşlərinizi tamamilə boşaltdığına əmin olun. Kürəyi sürtmək, döşləri masaj etmək döşləri təmin edən sinirləri stimullaşdırır. Bu da südün çoxalmasına səbəb ola bilər. Körpənizlə bədən-bədənə təmasda olma vaxtlarını artırın, onunla birlikdə istirahət edin. İsti vanna qəbul edin, çoxlu oxuyun.
 
- Ana südünü sağıb saxlamaq qaydaları necədir?
 
Ana südü 3 saat otaq temperaturunda, 3 gün soyuducuda 2-8 dərəcə temperaturda, 3 ay soyuducuda dondurulmuş vəziyyətdə, -20 dərəcə temperaturda və 6 ay dərin dondurucuda saxlanıla bilər.
 
 
- Döş əmmə nə qədər vaxt çəkir, ana uşağın tox olduğunu necə müəyyən edə bilər?
 
Döşlə əmizdirmə üzrə mütəxəssislər körpəni hər 3-4 saatda bir deyil, uşaq acandan-acana yedizdirməyi məsləhət görürlər. İlk 1-2 ay ərzində körpə sistemsiz şəkildə qidalana bilər. Bəzən analara elə gəlir ki, uşaq sutka boyu ancaq döş əmir (əslində isə sutkada cəmi 10-12 dəfə olur). Lakin böyüdükcə dəqiq qidalanma rejimi meydana gələcək və əmizdirmənin tezliyi azalacaq. Əmizdirmə vaxtını və müddətini ayrıca gündəliyə yazmaq olar. Çalışın körpəni sakit bir şəraitdə yedizdirin ki, onun fikri dağılmasın və heç bir səs onu qıcıqlandırmasın.
Özünüzə rahat vəziyyət seçin ki, qollarınız keyiməsin, axı körpə həm 20 dəqiqəyə doya bilər, həm də düz 1 saat döşdən asılı ola bilər. Bəzi uşaqlara tam doymaq üçün 5-7 dəq kifayət edir. Lakin bəzi tənbəl körpələr süd sormaqdan daha çox döş ağzında yatmağı sevirlər. Belə olduqda döşü körpənin ağzından çıxarmaq lazımdır ki, onu döşü sormağa aktivləşdirəsiniz. Körpəni uzun müddət sinədə saxlamaq, ona yatmaq imkanı vermək düzgün deyil. Bu döş gilələrində ağrı verici çatların və qıcıqlanmaların yaranmasına gətirib çıxara bilər.
ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Həyat yoldaşına böyrəyini bağışladı
Azərbaycan-Türkiyə Pediatriya Günləri - Azərbaycan-Türkiyə səhiyyə əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Musa Abbasov: “Yenidən transplantasiya əməliyyatlarına başlayacağıq”  
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları