Kron xəstəliyinin müalicəsi onun əsas simptomlarının aradan qaldırılmasına istiqamətlənir
19.07.2021 12:03

Kron xəstəliyi xroniki residivləşən xəstəlik olub, həzm traktının müxtəlif şöbələrinin seqmentar, transmural qranulematoz zədələnməsi və xəstəliyin bağırsaqdankənar təzahürləri ilə səciyyələnir.

 

Xəstəlik ilk dəfə 1932-ci ildə B.B.Kron, L.Ginsberq və G.D. Oppenheymer tərəfindən şərh edilib. Xəstəliyin həzm traktının ağız boşluğundan tutmuş anal dəliyə qədər bütün hissələrini zədələyə bilməsinə baxmayaraq, daha çox qalça bağırsağın terminal şöbəsində lokallaşır. İltihab seqmentar xarakter daşıyır və bağırsaq divarının bütün təbəqələrini zədələyir.

 

Aztibb.az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Avtandil Verdiyev məlumat verib.

 

Həkim-terapevtin sözlərinə görə, Kron xəstəliyinin rastgəlmə tezliyi hər 100 min əhaliyə görə 10-70 nəfər arasında tərəddüd edir: “İnkişaf etmiş ölkələrdə, xüsusilə Şimali Amerika və Avropa ölkələrində xəstəliyin rastgəlmə tezliyi şəhər əhalisi arasında daha çox üstünlük təşkil edir. Xəstəlik 20-40 yaşarasında olan insanları daha çox zədələyir.
Kron xəstəliyinin etiologiyası məlum deyil. Bağırsaq divarında qranulematoz iltihabın yaranmasında genetik meyilliliyin rol oynaması güman olunur. Patogenetik dəyişikliklər immun mexanizm əsasında baş verir. Naməlum agentin təsiri altında nazik və yoğun bağırsağın divar quruluşuna qarşı immunoqlobulin G sinfindən olan antitellər hasil olunur. Nəticədə immun hüceyrələr aktivləşir və onların ifraz etdiyi sitokinlər bağırsaq divarında limfositar və digər hüceyrə elementli infiltrasiyaya səbəb olur.

 

İltihabi proses ilk öncə selikaltı qatda yaranır, sonra isə selikli, əzələ və seroz qişaya yayılır. Nəticədə bağırsaq divarı qalınlaşır, mənfəzi daralır ki, bu da bağırsaq keçməzliyinə gətirib çıxarır. Selikli qişa səthində çoxsaylı eroziyalar, dərin, dar xoralar əmələ gəlir. Selikli qişada yaranan limfoid infiltratlar, yəni qranulemlər selik relyefinə "daş döşənmiş körpü" görkəmi verir”.

 

Mütəxəssis bildirib ki, Kron xəstəliyinin klinik təzahürləri olduqca müxtəlifdir. Onlar iltihabi prosesin lokalizasiyasından və kəskinliyindən asılı olur. Kron xəstəliyinin daha çox rast gəlinən klinik əlamətlərinə ishal, qarında ağrı, hərarət, bədən çəkisinin itməsi və xəstəliyin bağırsaqdankənar təzahürləri aiddir.

 

Kron xəstəliyinin nazik bağırsaq lokalizasiyası üçün daha səciyyəvi əlamətləri aşağıdakılardır:
- Qarında tutmaşəkili ağrıların olması (əsasən də sağ qalça nahiyəsində);
- Qanlı ifrazat ilə müşayiət oluna bilən ishal;
- Ağırlaşmaların (qarın boşluğunun infiltratları, absesi) yaranması hallarında febril rəqəmlərə çatan hərarət;
- Bədən çəkisinin nəzərəçarpan azalması, hipalbuminemiya, hipoproteinemik ödem;
- Mikro yaxud makrositar anemiyanın yaranması;
- Oynaqların, dərinin və selikli qişaların, gözlərin autoimmun zədələnməsi. Bu əlamətlər abdominal ağrı və ishalı qabaqlaya da bilər.
Kron xəstəliyinin yoğun bağırsaq lokalizasiyası üçün isə aşağıdakılar səciyyəvidir:
- Qarında ağrılar əsasən qarının sağ və sol cinahlarında, yaxud aşağı hissəsində lokallaşır, adətən defakasiya aktından bilavasitə öncə yaranır və ondan sonra yox olub gedir;
- Hərəkət və gövdənin əyilməsi zamanı güclənən daimi xarakterli küt sızıldayıcı ağrıların olması. Bu, qarın boşluğundakı çapıq prosesləri ilə əlaqədardır.
- Çox vaxt tenozmlərlə müşayiət olunan (düz bağırsaq patoloji prosesə qoşulduqda) və gün ərzində 6-10 dəfəyə qədər təkrarlanan ishal;
- Subfebril və febril hərarət;
- Makrositar B12 defisitli anemiya;
- Bədən çəkisinin itməsi, hipoalbuminemiya, hipoproteinemik ödem;
- Göz, selikli qişa, dəri və oynaqların autoimmun zədələnməsi.

 

Kron xəstəliyinin diaqnostikasında rentgenoloji, endoskopik və histoloji, həmçinin qanın biokimyəvi və immunoloji müayinələrindən istifadə olunur.

 

Müalicə xəstəliyin əsas simptomlarının aradan qaldırılmasına və həyat keyfiyyətlərinin lazımi səviyyədə saxlanılmasına istiqamətlənir. Bu məqsədlə bazis, simptomatik terapiya, əlavə və cərrahi metodlardan istifadə olunur. Bazis terapiya qismində 5-aminosalisil turşu preparatlarında (5-AST) qlikokortikosteroidlərdən, antibakterial preparatlardan, immunosupressorlardan istifadə olunur.

 

A.Verdiyev qeyd edib ki, Kron xəstəliyi dövri olaraq residivləşən xroniki gedişə malik olduğuna görə, hətta adekvat dərman müalicəsindən sonra belə tam sağalma baş vermir. Xəstəliyin ağır gedişi zamanı isə proqnoz həmişə ciddi olaraq qalır.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Gözlərə nur bəxş edən fədakar həkim
Yaşasın Haqverdiyev - Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının nevroloqu
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır