Baş ağrılarından şikayət edənlərin yalnız 20-25 faizində miqren aşkarlanır
30.06.2021 16:11

Kəskin baş ağrılarından şikayət edən xəstələrlə son dövrlər tez-tez rastlaşırıq. Baş ağrıları, əslində, hər kəsin gündəlik həyatında rastlaşdığı problemdir. Məsələn, yuxusuzluqdan, gecə növbələrindən sonra, əsəbləşdikdə və s. stres fonunda başda ağrılar yaranır. Belə olan halda, bir neçə saat istirahət edərək və yaxud da hansısa qidanı qəbul edib, o cümlədən musiqi dinləyib ağrılardan azad olmaq mümkündür. Miqren baş ağrıları isə istirahətlə keçən ağrılar deyil. Xəstələr adətən düşünürlər ki, miqren mənim qismətimdir və ağrılarla yaşamağa öyrəşməliyəm. Lakin belə deyil. Əlbəttə ki, miqren ağrılarının da müalicəsi var və ağrı mərkəzlərində xüsusi prosedurlar icra edərək xəstəni ağrılardan azad etmək olur.

 

Aztibb.az xəbər verir ki, bunu həkim-alqoloq Vüsal Eyvazov deyib.

 

Həkim bildirib ki, miqren ağrıları tutma şəklində olur, yəni, həftədə, ayda, hətta ildə yalnız bir neçə dəfə təkrarlana bilər: “Ağrılar təktərəfli və ikitərəfli ola bilər. Belə xəstələr adətən ağrı tutan zaman səsdən və işıqdan uzaqlaşaraq qaranlıq otağa keçmək istəyirlər. Ağrılar başlamazdan əvvəl isə xəstənin gözlərində və burnunda tutulma başlayır. Beləcə, xəstə miqren ağrılarının başlayacağına dair xəbərdarlıq alır. Həmçinin xəstələrdə yanaşı olaraq ürəkbulanma və qusma halları da müşahidə edilir. Onu da qeyd etmək lazımdır ki, baş ağrısı olmadan yalnız ürəkbulanma və qusma ilə təzahür edən aura kimi gələn miqren ağrılarına da rast gəlinir”.

 

V.Eyvazovun dediyinə görə, miqrendən əziyyət çəkənlər müəyyən qidaları qəbul etdikdən sonra ağrıları baş qaldırır: “Məsələn, bəzi xəstələr spirtli içkilərdən, bəziləri isə şokolad və yaxud da süd məhsulları yedikdən sonra ağrıların yarandığını, o cümlədən şiddətləndiyini qeyd edirlər. Belə xəstələrə məsləhətim odur ki, miqren hansı qidalardan sonra kəskinləşirsə, həmin qidalardan mümkün qədər az istifadə etsinlər.

 

Gənc xanımlara isə məsləhət görürəm ki, kritik günlərdə rastlaşdıqları baş ağrılarının səbəbini hər zaman miqrenlə əlaqələndirməsinlər. Ginekoloji problemlər araşdırılmalıdır. Çünki hormonal disbalans baş ağrılarına səbəb olan amillərdəndir”.

 

Alqoloq qeyd edib ki, baş ağrılarından şikayət edənlərin yalnız 20-25 faizində miqren aşkarlanır: “Statistikaya əsasən, baş ağrıları çox zaman boyundan qaynaqlanır. Boyun osteoxondrozu, lordozun düzləşməsi, disk yırtıqları, servikal daralma və s. xəstəliklər baş ağrılarına səbəb olur. Belə xəstələr xüsusən boyundan başlayaraq gözə doğru yayılan ağrılardan şikayət edirlər. Qısacası, keçməyən baş ağrılarını hər zaman miqren adlandırmaq olmaz. Ağrılar mütəmadi hal alıbsa, mütləq həkimə müraciət edərək müayinədən keçmək lazımdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev