Tibbi seqmentdə kadr təminatı ilə bağlı vəziyyət analiz olunub - DOKTORLUQ dissertasiyası
25.06.2021 19:08

23 iyun 2021-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda ED 1.35 Dissertasiya şurasının onlayn iclası keçirildi.

 

Aztibb.az xəbər verir ki, dissertasiya şurasının sədr müavini, texnika elmləri doktoru, professor Ələkbər Əliyev iclasın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə  texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün Zərifə Cəbrayılovanın  “İnformasiya cəmiyyəti şəraitində insan resurslarının intellektual idarə olunmasının elmi-metodoloji əsaslarının işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunduğunu söylədi.

 

Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov iddiaçı Z.Cəbrayılovanın şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.

 

Sonra texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova dissertasiya işini təqdim edərək işin giriş, 5 fəsil, nəticə, 321 adda ədəbiyyat siyahısı və əlavələrdən ibarət olduğunu, dissertasiyanın əsas məzmununun 50 şəkil və 96 cədvəl daxil olmaqla 404 səhifədə şərh edildiyini söylədi.

 

İddiaçı mövzunun aktuallığı, qarşıya qoyulmuş məsələlər və onların həlli yolları haqqında məlumat verdi.

 

Alim dissertasiya işinin məqsədinin elektron dövlətin insan resurslarının idarə olunması infrastrukturunda qərarların qəbulunun intellektual dəstəklənməsi üçün model, metod və instrumental vasitələrin işlənilməsindən ibarət olduğunu dedi.

 

O bildirdi ki, işin aktuallığı informasiya cəmiyyətinin formalaşması, ölkə əhalisinin rifahına və firavanlığına xidmət edən milli elektron-dövlətin insan resurslarının idarə olunması (İRİO) infrastrukturunun yaranması, İRİO-nun çoxsəviyyəli modelinin meydana gəlməsi və Sənaye 4.0 şəraitində süni intellekt model və metodlarının tətbiqinə diqqətin artması ilə bağlıdır. Buna görə də ölkənin sosial-iqtisadi, kadr və demoqrafik siyasətini formalaşdıran qərarların dəstəklənməsi üçün demoqrafik faktorların rolu, analizi, proqnozlaşdırılması və intellektual demoqrafik proqnoz sisteminin işlənməsi, əmək bazarının (ƏB) proqnozlaşdırılması və planlaşdırılması, effektivliyinin qiymətləndirilməsi, yoxsulluğun azaldılması sistemində aztəminatlı ailələrin gəlirlərinin qiymətləndirilməsi metodikalarının işlənməsi; tibbi seqmentdə kadr təminatı ilə bağlı vəziyyətin analizi, insan resurslarının inkişafına təsir tendensiyalarının təyini və bu seqmentdə tələb və təklifin uyğunlaşdırılmasının mümkün ssenarilər üzrə qərar qəbulu metodlarının işlənməsi, təşkilatda personalın idarə olunması ilə bağlı qərarların qəbulunun intellektual dəstəklənməsi üçün qeyri-səlis riyazi aparata istinad etməklə model və metodların, instrumental vasitələrin işlənilməsinin aktual məsələlər olduğunu bildirdi.

 

Əldə edilmiş elmi yeniliklər və onların elmi-praktiki əhəmiyyətindən söz açan iddiaçı, dissertasiya işi çərçivəsində informasiya cəmiyyəti şəraitində iyerarxik idarəetmə səviyyələri üzrə İRİO qərarlarının qəbulunun dəstəklənməsi məsələlərinin müəyyənləşdirildiyini və onların modelləşdirilməsi üçün qeyri-səlis riyazi aparatın istifadəsinin zəruriliyinin əsaslandırıldığını, zəif strukturlu, çətin formalizə olunan məsələlərin həlli üçün qərarların qəbul olunmasının riyazi əsaslarının inkişaf etdirildiyini, nəticələrin konkret obyektdə və empirik eksperimentlərdə tətbiq edilməklə sınaqdan keçirildiyini, əsas nəticələrin Azərbaycan Milli Elmlər Akademiyasının fundamental tədqiqatları çərçivəsində“İnformasiya texnologiyalarının nəzəri və texniki problemləri”mövzusunda elmi-tədqiqat işlərinin yerinə yetirilməsində əldə olunduğunu və AMEA-nın Rəyasət Heyəti və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərəfindən mühüm nəticə kimi tanındığını  diqqətə çatdırdı.

 

Alimin sözlərinə görə, dissertasiya işində alınmış nəticələr İRİO qərarlarının qəbulunun intellektual dəstəklənməsi sistemlərinin yaradılması və tətbiqinə yönəldilmişdir: “Təklif olunan metod və alqoritmlər müvafiq hesablamalara və fərdi kompüter bazasında reallaşan İRİO qərarlarının qəbulunun intellektual dəstəklənməsi sistemlərinin sintezi prosedurları səviyyəsinə, ölkə miqyasında insan resurslarının iyerarxik səviyyələr üzrə idarə olunması üçün instrumental vasitələrin, tətbiqi proqram dəstlərinin işlənilməsi və tətbiqinə gətirilmişdir”.

 

Sonra Z.Cəbrayılova dissertasiya işi üzrə nəşr olunmuş elmi əsərlərin siyahısını diqqətə çatdırdı. Dissertasiyanın nəticələri üzrə 38 elmi iş, o cümlədən 3 kitab, nüfuzlu elmi-praktiki jurnallarda 23 məqalə, beynəlxalq və respublika səviyyəli konfranslarda 12 məruzənin çap olunduğunu bildirdi.

 

Rəsmi opponentlər öz çıxışlarında dissertasiya işinin əhəmiyyətini önə çəkdilər. Əldə olunan elmi yeniliklərin tamamilə orijinal olduğunu, kompleks məsələlərin uğurla həll  edildiyini vurğulayaraq iddiaçının “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsini almağa layiq olduğunu söylədilər, eləcə də irad və tövsiyələrini nəzərə çatdırdılar.

 

İddiaçı irad, rəy və təkliflərə öz münasibətini bildirdi.

 

Daha sonra F.Yusifov dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi, qeyd olunan iradları diqqətə çatdırdı.

 

Müzakirələr zamanı qeyd olundu ki, informasiya texnologiyaları sahəsində mühüm yenilik olan bu dissertasiya işində infomasiya cəmiyyətində insan resurslarının idarə olunması modelləri təklif olunmuş, Lütfi Zadənin qeyri-səlis nəzəriyyəsi, riyazi aparatlar və məntiqi modelləşdirmədən uğurla istifadə edilmişdir. İRİO-nun iyerarxik idarəetmə səviyyələri: makro-, mezo və mikrosəviyyələr üzrə qarşıya qoyulmuş bütün məsələlər öz həllini tapmışdır.

 

Bildirildi ki, informasiya cəmiyyəti şəraitində insan resurslarının intellektual idarə olunmasının elmi-metodoloji əsaslarının işlənməsi mövzusunda dissertasiya işi sistemli analiz, idarəetmə və avtomatika sahəsində böyük aktuallığa və əhəmiyyətə malikdir.

 

Dissertasiya işinə dair elmi məsləhətçi – AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova çıxış edərək, dissertasiya işində qarşıya qoyulan aktual məsələlərin praktiki əhəmiyyətə malik olduğunu bildirdi. Demoqrafik proseslərin qeyri-müəyyən xarakter daşıdığını və ölkədə baş verən sosial-siyasi hadisələrdən asılı olduğunu qeyd edən alim bununla əlaqədar olaraq, rəhbərlik etdiyi 15 saylı şöbədə hələ illər öncə müvafiq istiqamətdə yeni metodların işlənilməsinə başlanıldığını söylədi. Beləliklə, institutun elmi istiqamətləri sırasına sosioinformasiya texnologiyaları problemlərinin əlavə edildiyini və bu illər ərzində sosial sahədə bir sıra praktiki əhəmiyyətli problemlərin həllinə nail olunduğunu vurğuladı.

 

M.Məmmədova işçi qüvvəsinin idarə olunmasının əvvəllər kadrların idarə olunması konsepsiyası, daha sonra isə personalın idarə olunması ilə məhdudlaşdığını diqqətə çatdırdı. Qeyd etdi ki, informasiya texnologiyaları inkişaf etdikcə informasiya cəmiyyəti şəraitində artıq insanın fiziki deyil, intellektual əməyinə xüsusi diqqət yetirilməsinə başlanılmışdır. Məhz 1970-ci illərin ortalarından etibarən, “insan resursları” termini ortaya çıxmışdır. Artıq insanın həm intellektual potensialı, həm də şəxsi və “yumşaq” keyfiyyətləri (komandada işləmək, öyrənmək və öyrətmək bacarığı və s.) kadr seçimində mühüm rol oynamağa başlamışdır.

 

“Biz şahidi oluruq ki, əmək bazarında insanların bilik və bacarıqlarına olan tələblər hər bir texnoloji mühitdə dəyişməyə başlamışdır. Bu o deməkdir ki, insan resurslarının qiymətləndirilməsində yeni metodlar işlənilməlidir”, – deyə bildirən alim, tədqiqat işinin yüksək səviyyədə yerinə yetirildiyini qeyd etdi, onun gələcəkdə də davam etdirilməsi zərurəti ilə bağlı tövsiyələrini səsləndirdi.

 

Sonra çıxış edən İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev sivilizasiyanın inkişafında insan resurslarının ən qiymətli resurs olduğunu bildirdi. Qeyd etdi ki, bu gün inkişaf etmiş ölkələrin iqtisadi və intellektual potensialı təbii resurslarla deyil, məhz keyfiyyətli insan resurslarının formalaşması ilə müəyyənləşir. Cəmiyyətdə innovativ mühitin formalaşması, qabaqcıl texnologiyaların tətbiqi, iqtisadiyyatın inkişafı, sosial rifahın yüksəldilməsi və s. kimi məsələlərlə yanaşı, yüksək keyfiyyətli insan resurslarının formalaşdırılması dövlət siyasətinin ən mühüm prioritetlərindəndir. Bu səbəbdən institutda da bu kimi problemlərlə bağlı müxtəlif istiqamətlər üzrə əsaslı tədqiqatlar aparılır.

 

Alim, iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu və elmi yeniliyə malik olduğunu bildirdi. Dissertasiya işində elmtutumlu araşdırmaların aparıldığını, beynəlxalq təcrübənin öyrənildiyini, mühüm elmi nəticələrin əldə olunduğunu, problemin həlli üçün yeni yanaşmaların ortaya qoyulduğunu nəzərə çatdırdı. Alim gərgin əməyin nəticəsi olan tədqiqat işini yüksək qiymətləndirərək, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq dissertasiyalarının  tələblərinə tam cavab verdiyini söylədi.

 

Akademik R.Əliquliyev Zərifə Cəbrayılovanın nəcib insani keyfiyyətlərə sahib olduğunu, Azərbaycan xanımları sırasında belə yüksək intellektə malik bir alimin yetişməsindən məmnunluğunu dilə gətirdi. Alim onun yalnız elmi tədqiqatçı deyil, həm də institutun Qadınlar Şurasının sədri, AR Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının elmi katibi vəzifələrini də layiqincə yerinə yetirdiyini nəzərə çatdırdı. Zərifə Cəbrayılovaya möhkəm can sağlığı, gələcək fəaliyyətində uğurlar arzuladı.

 

İddiaçının yekun sözləri dinlənildikdən sonra AAK-ın rəsmi saytında “Şəxsi kabinet”ə daxil olmaqla gizli elektron səsvermə keçirildi.

 

Səsvermənin nəticələrinə əsasən, Z.Cəbrayılovaya texnika elmləri doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Ordubad Rayon Uşaq Xəstəxanasında məktəb şagirdləri üçün tibbi aksiya təşkil olunub
Yuxunun kifayət qədər olmaması orqanizmi infeksiyalara qarşı həssas edir - MÜSAHİBƏ