Zoonoz xəstəliklərin təhlükəsi
19.06.2021 15:00

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir.

 

Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma haqqında tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır.

 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, budəfəki maarifləndirici mövzu isə zoonoz xəstəliklər haqqındadır.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən heyvanlardan insanlara və ya insanlardan heyvanlara keçə bilən, insan və heyvanlar üçün ümumi olan yoluxucu xəstəliklər zoonoz xəstəliklər (zoonozlar) kimi adlandırılıb. Hazırda insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60 faizdən çoxu zoonoz xəstəliklərin (infeksion, parazitar və s.) payına düşür. Geniş yayılmış bu xəstəliklər son dövrlər, demək olar ki, bütün bioloji sferada, o cümlədən baytarlıq və səhiyyə sahəsində qlobal problemə çevrilib. Dünyada, eləcə də respublikamızda heyvan və insan sağlamlığı üçün potensial risk mənbəyi olan zoonoz xəstəliklər, eyni zamanda böyük iqtisadi itkilərə səbəb olur. Zoonoz xəstəliklərlə mübarizə məqsədilə, ilk növbədə, xəstəliyin mənbəyi və yayılma yolları müəyyən edilməli və bunun əsasında qabaqlayıcı zəruri tədbirlər həyata keçirilməlidir.

 

Etiologiyasından asılı olaraq zoonozlar bakteriya, virus, helmint, göbələk və ibtidai mənşəli olaraq qruplaşdırılır:

 

Bakteriya mənşəli zoonoz xəstəliklər (bakteriozlar) – bakteriyalar tərəfindən törədilən qarayara, bruselyoz, tuberkulyoz, salmonelyoz, kampilobakterioz, listerioz, leptospiroz, tetanus, tulyaremiya və s. xəstəliklər bu qrupa daxildir.

 

Virus mənşəli zoonoz xəstəliklər (virozlar) – viruslar tərəfindən törədilən COVID-19, quş qripi, quduzluq, çiçək, dabaq, Qərbi Nil qızdırması və digər xəstəliklər bu qrupa daxil olmaqla, epidemiya və pandemiyaların baş verməsinə səbəb ola bilər.

 

Parazit mənşəli zoonoz xəstəliklər (helmintozlar) – bu qrupa helmintlər tərəfindən törədilən sistiserkoz, exinokokkoz, fassiolyoz, trixenellyoz, dioktofimoz, anizakidoz və b. xəstəliklər daxildir.

 

Göbələk (fungal) mənşəli zoonoz xəstəliklər (mikozlar) – törədicisi göbələklər olan dermatomikoz, kandidoz və b. xəstəliklər bu qrupa aid edilir.

 

İbtidai (protozoal) mənşəli zoonoz xəstəliklər (protozoozlar) – toksoplazmoz, sarkosistoz, leyşmanioz, lyamblioz və digər xəstəliklər ibtidailər tərəfindən törədilir.

 

Zoonoz xəstəliklər sırasına, həmçinin rikketsiozlar (rikketsiya mənşəli) və mikoplazmozları da (mikoplazma mənşəli) daxil etmək olar.

 

İnsanların zoonoz xəstəliklərə yoluxması xəstəlik törədicisinin mənşəyindən asılı olaraq müxtəlif yollarla - kontakt yolu ilə (xəstə heyvan və ya insanla birbaşa təmas), alimentar (qidalanma), aerogen (respirator), dişləmə və ya sancmalar, travmalar nəticəsində, eləcə də vertikal olaraq (anadan balaya) baş verir. Zoonoz xəstəliklərin insanlara yoluxmasında, həmçinin aralıq sahiblər (həşəratlar, gəmiricilər və b.) böyük rol oynayır. Həmin xəstəliklər vektor (transmissiv) xəstəliklər kimi də tanınır.

 

Müasir ədəbiyyatlarda “qida mənşəli zoonoz xəstəliklər” ifadəsinə də tez-tez rast gəlinir. Bu xəstəliklər adətən mikroorqanizmlərlə çirklənmiş qida məhsullarının insanlar tərəfindən istehlakı zamanı baş verir. Avropa İttifaqı ölkələrində hər il 100 minlərlə insanın qida mənşəli zoonoz xəstəliklərə yoluxması qeydə alınır. Qida mənşəli zoonoz infeksiyalara Salmonella spp, E.coli, Shigella spp, Campylobacter spp, Listeria spp və digərlərini şamil etmək olar.

 

Nəzərə almaq lazımdır ki, zoonoz infeksiyalar heyvan mənşəli qida məhsullarına qida zəncirinin aşağıdakı mərhələlərində sirayət edə bilər:

 

1. Heyvanların yetişdirilməsi dövründə - heyvan yemlərinin patogen mikroorqanizmlərlə çirklənməsi birbaşa olaraq heyvanların, dolayısı ilə isə insanların yoluxmasına gətirib çıxarır. Eləcə də, helmintlərin və ya onların sürfələrinin qida məqsədilə yetişdirilən heyvanların əzələ toxuması və daxili orqanlarında lokalizasiya etməsi qida zəncirinin istehlak mərhələsində insanların yoluxmasına səbəb ola bilər. Qida məqsədilə yetişdirilən heyvanların (iri və xırdabuynuzlu heyvanlar, quşlar, balıqlar və s.) yemləndirilməsində və müalicə praktikasında antibakterial preparatların qeyri-rasional və kortəbii istifadəsi zoonoz mikroorqanizmlərdə antibiotiklərə qarşı rezistentliyin əmələ gəlməsinə və yayılmasına səbəb olur ki, bu da yeni rezistent mikroorqanizm ştamlarının yaranması ilə nəticələnir. Bu isə zoonoz xəstəliklərə qarşı həyata keçirilən mübarizə tədbirlərini, o cümlədən müalicə və profilaktika işlərini çətinləşdirir.

2. Kəsim zamanı – sanitar-gigiyenik tələblər gözlənilmədiyi təqdirdə kəsim prosesində ət və ət məhsullarının mədə-bağırsaq möhtəviyyatı, dəri və s. ilə təması mikrobioloji çirklənməyə səbəb ola bilər.

3. Emal prosesi dövründə - çirklənmiş səthlər və ya xəstə insanlar vasitəsilə (tüpürcək, burun axıntısı və s.) qida məhsullarının çirklənməsi baş verə bilər.

4. İstehlak zamanı - hazır qida məhsulu müvafiq temperatur rejimində saxlanmadığı və ya termiki emal edilmədiyi (yaxşı qızdırılmadığı) halda patogenlərlə çirklənmə baş verə bilər.

 

Beləliklə, heyvan mənşəli məhsulların istehsalı zamanı qida zəncirinin "fermadan süfrəyə qədər" hər bir mərhələsində zoonoz infeksiyalardan qorunmaq məqsədilə qida təhlükəsizliyi tələbləri gözlənilməklə, dezinfeksiya, dezinseksiya və deratizasiya işləri tənzimlənməlidir. Həmçinin sanitar-gigiyenik qaydalar beynəlxalq tələblər çərçivəsində təkmilləşdirilməli və paralel olaraq zoonoz xəstəliklərə qarşı heyvanlar arasında müvafiq profilaktik tədbirlər (peyvəndləmə, dehelmintizasiya, ektoparazitlərə qarşı çimizdirmə və s.) həyata keçirilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev