ÜST uşaqları elektron tullantıların zərərli təsirindən qorumağa çağırır - MƏRUZƏ
16.06.2021 17:42

Dünya üzrə hökumətlər milyonlarla uşağı, yeniyetməni və hamilə qadını elektron tullantıların mənfi təsirindən qorumaq üçün təcili tədbirlər görməlidirlər. Bir çox ölkədə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə, elektron tullantıların böyük bir hissəsi lazımı şəkildə təkrar emal edilmir, bu da ətraf mühitə və insanların, xüsusilə də uşaqların sağlamlığına təhlükə yaradır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni məruzəsində deyilir.

 

"İstehsalın və təkrar emalın artan həcmlərini nəzərə alaraq, dünya son beynəlxalq forumlardan birində artan “elektron tullantıların sunami”si adlandırılan problem ilə üzləşib", - deyə ÜST-nin baş direktoru doktor Tedros Qebreyesus söyləyib.

 

Təşkilatın məlumatına görə, 2019-cu ildə dünyada 55 milyon ton kompüter, noutbuk, mobil telefonu, televizor, soyuducu və digər elektronika və məişət texnikası atılıb.

 

Rusiya, ABŞ və Çin ən çox elektron tullantının olduğu ölkələr arasındadır. Bu ölkələrin hər birində 100 kilotondan çox elektron tullantı atılıb.

 

Məruzə müəllifləri insanların elektron cihazlardan getdikcə daha tez qurtulduqlarını da qeyd edirlər. Məsələn, Avropada, ABŞ-da və Çində yeni mobil telefon alındıqdan təxminən iki il sonra atılır.

 

Eyni zamanda, 2019-cu ildə dünyada elektron tullantılarının yalnız 17 faizdən bir qədər çoxu, rəsmi qaydalara uyğun olaraq insanlar üçün təhlükəsiz bir şəraitdə təkrar emal edilib.

 

Texnikanın əksəriyyəti ya zibilliyə atılır, ya da uyğunsuz şəkildə təkrar emal olunur. ÜST xəbərdarlıq edir ki, elektron tullantıların tərkibində böyük bir təhlükə yaradan zəhərli maddələr var.

 

Məruzədə deyilir ki, elektron tullantıların bir hissəsi zəngin ölkələrdən inkişaf etməkdə olan və yoxsul ölkələrin zibilliklərinə göndərilir, bu da yerli təhlükəli tullantıların idarə olunması infrastrukturuna əlavə yük yaradır. Orada təsdiqlənməmiş, təhlükəli metodlardan istifadə edərək, onlar yığılır, yandırılır və ya onlardan qiymətli metal və digər materialları əldə etməyə çalışırlar. Çox vaxtlar bununla qeyri-rəsmi sektorda çalışan və sosial müdafiəyə malik olmayan insanlar, o cümlədən uşaqlar və yeniyetmələr məşğul olurlar.

 

Məruzənin məlumatlarına görə, hazırda elektron tullantıların qeyri-rəsmi emalı sektorunda 13 milyon qadın çalışır. Elektron tullantı emalı alt sektoru da daxil olmaqla, dünyada 18 milyon uşaq və yeniyetmə qeyri-rəsmi sənaye sektorunda işləyir. Onlar çox miqdarda təhlükəli maddələrlə nəfəs alırlar. Zəhərli maddələr, həmçinin onların orqanizminə su, qida vasitəsilə və ya dəri ilə təmasda olarkən nüfuz edir.

 

Hazırlanmış məruzənin müəllifləri bildirirlər ki, məsələn, batareyalarda, televizorlarda və monitorlarda olan qurğuşun və civənin təsiri uşaqlarda sinir sisteminin inkişafının pozulmasına və psixi pozuntulara gətirib çıxara bilər, həmçinin ananın bətnində dölün inkişafına mənfi təsir göstərir.

 

Xromun və manqanın təsiri öskürək və astma kimi tənəffüs orqanlarının funksiyasının pozuntularına gətirib çıxarır. Qalxanvari vəzinin funksiyasının pozulması bəzi üzvi kimyəvi birləşmələrin, o cümlədən polixlorlaşdırılmış difenillərin (PXD) təsirinə bağlıdır. Bu, elektron tullantıların emalı ilə məşğul olan uşağın orqanizmini zəhərləyə biləcək maddələrin tam siyahısı deyil.

 

"Uşaqlar kiçik olduqları üçün xüsusilə həssasdırlar, daxili orqanları və immun sistemləri daha az inkişaf edib, onlar böyüyür və sürətlə inkişaf edirlər. Uşaqlar hətta daha sürətli nəfəs alırlar və bədən çəkilərinə nisbətən daha çox qida və su istehlak edirlər, beləliklə zəhərli maddələrin böyük həcmlərini udurlar", – deyə məruzənin müəllifləri bildirirlər.

 

"Uşaq orqanizmi, həmçinin böyük orqanizmlə müqayisədə təhlükəli maddələri daha az çıxarır", - deyə onlar əlavə edirlər. Bundan başqa, zəhərli maddələrin təhlükəli dozasını almaq üçün elektron tullantı emalı sektorunda işləmək mütləq deyil, hətta zibilliyin ərazisində yaşamaq belə təhlükə yaradır.

 

ÜST uşaqları elektron tullantıda olan təhlükəli maddələrin təsirindən qorumaq üçün zəruri tədbirlər görməyə və mümkün olan hər şeyi etməyə çağırır.

 

"Bəşəriyyət dənizləri və onların ekosistemlərini plastik və mikroplastiklərlə çirklənmədən qorumaq üçün birləşdiyi kimi, ən qiymətli resurslarımız olan uşaqlarımızın sağlamlığını elektron tullantıların artan təhdidindən qorumaq üçün birləşməlidir", – deyə doktor Tedros Qebreyesus vurğulayıb.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub