Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayı və “Özbəkistan–Azərbaycan” Tibbi Forumu keçirilib.
Tədbirdə Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən tanınmış kardioloqlar, alimlər və səhiyyə nümayəndələri iştirak ediblər.
Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanı Səhiyyə Nazirliyinin akademik C.M. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova, Orqan Donorluğu və Transplantasiya Mərkəzinin direktoru Yeganə Abbasova, akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin və Azərbaycan Tibb Universitetinin nümayəndələri, həmçinin Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşından ibarət nümayəndə heyəti təmsil edib.
Qurultay çərçivəsində ikitərəfli görüşlər keçirilib, iştirakçılar tərəfindən kardiologiya sahəsində aktual məsələlərə, müasir diaqnostika və müalicə üsullarına, eləcə də innovativ texnologiyaların tətbiqinə dair məruzə və təqdimatlar edilib. Görüşlər zamanı səhiyyə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
Tədbirdə müasir diaqnostika və müalicə metodları, süni intellektin kardiologiyada tətbiqi, intervensional kardiologiya və ürək cərrahiyyəsi kimi aktual mövzulara xüsusi diqqət yetirilib.

