Ana südü ilə qidalandırma həm körpənin, həm də ananın sağlamlığı üçün vacibdir - MÜSAHİBƏ
26.05.2025 16:42

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Pərvin Adıgözəlova müsahibə verib.

 

Aztibb.az müsahibəni təqdim edir:

– Pərvin xanım, mamalıq fəaliyyətinin əsas prinsipləri nələrdir?

- Mamalıq – hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadın orqanizmində baş verən fizioloji və patoloji dəyişiklikləri öyrənən tibb sahəsidir. Bu sahədə çalışan hər bir həkim mama-ginekoloqun əsas məqsədi qadının və gələcək körpənin sağlamlığının qorunması, ehtiyac yarandıqda isə lazımi tibbi xidmətin göstərilməsidir.


Bu məqsədə çatmaq üçün hamiləlik dövründə düzgün antenatal qulluq vacibdir. Qadınlar dispanser qeydiyyatına alınmalı, risk qrupuna daxil olan hamilələr müəyyənləşdirilib onlara xüsusi nəzarət olunmalıdır. Həmçinin yanaşı xəstəlikləri olan qadınlara profil üzrə ixtisaslaşmış tibbi yardım göstərilməli, bu qadınların doğuşu ümumi profilli xəstəxanalarda təşkil edilməlidir.


Eyni zamanda, təcili və təxirəsalınmaz hallarda tibbi yardımın təşkili, doğuşdan sonrakı dövrdə isə patronaj xidmətlərinin həyata keçirilməsi də mamalıq fəaliyyətinin mühüm hissəsidir.

 

– Ana və uşağın sağlamlığı üçün maksimum təhlükəsizlik necə təmin olunur?

- Sağlamlıq üçün təhlükəsizliyin təmin olunması ilk növbədə qadının mütəmadi və vaxtında tibbi müayinələrə gəlməsi ilə bağlıdır. Həkim tərəfindən təyin edilən dərmanlar düzgün doza və vaxtda qəbul edilməlidir.


Hamiləlik dövründə ultrasəs müayinəsi və karditokoqrafiya kimi təhlükəsiz və qeyri-invaziv metodlarla dölün vəziyyəti izlənilir. Ehtiyac olduqda bu müayinələrin sıxlığı artırıla bilər. Bundan başqa, laborator müayinələr vasitəsilə də patoloji vəziyyətlər vaxtında aşkarlana bilər. Əsas məsələ hamiləliyin diqqətlə, fasiləsiz və nəzarət altında izlənilməsidir.

 

– Doğuşda cərrahi üsul hansı hallarda tətbiq edilir?

- Cərrahi doğuş yalnız göstəriş olduqda, təbii doğuş ananın və ya dölün sağlamlığı üçün təhlükəli sayıldıqda tətbiq olunur. Elə hallar da var ki, müəyyən diaqnozlara əsasən doğuş başlamamışdan əvvəl planlı şəkildə qeysəriyyə əməliyyatına ehtiyac yaranır.

 

 - Ana südü ilə qidalandırma nə vaxt başlamalıdır?


– Ana südü ilə qidalandırma həm körpənin, həm də ananın sağlamlığı üçün çox vacibdir. Doğuşun növündən asılı olmayaraq, adətən doğuşdan dərhal sonra körpə döşə qoyulur. İlk süd – "molozivo" – bəzi qadınlarda doğuşdan dərhal sonra ifraz oluna bilər. Bu proses südvermə texnikası və düzgün qidalandırma üsulları barədə anaya məlumat verilməsi ilə müşayiət olunur.

 

- Doğuş zamanı qida və maye qəbulu ilə bağlı nələrə diqqət edilməlidir?


– Doğuş zamanı qadının gücünü itirməməsi üçün yüngül və az porsiyalarla qidalanmağa icazə verilir. Meyvə, kompot, az miqdarda şirniyyat, çay və ya xəstəxanada verilən xüsusi yeməklərlə qidalanmaq olar.
Hamiləlik boyu isə balanslı və zülallarla zəngin, vitamin və minerallar baxımından dolğun, tərəvəz əsaslı qidalanma tövsiyə olunur. Bu, körpənin sağlam inkişafına, doğuşun isə daha rahat və təhlükəsiz keçməsinə şərait yaradır.

 

- Hamiləliyin sağlam bitməsi üçün vacib olan amillər hansılardır?
– Ən önəmli məsələ hamiləliyin sağlam şəkildə başlanmasıdır. Hamiləliyi planlayan qadın mütləq şəkildə əvvəlcədən tibbi müayinələrdən keçməli, hər hansı xəstəlik və ya defisit (məsələn, dəmir, D vitamini) aşkarlanarsa, onları aradan qaldırmalıdır.
Diş müalicəsi, orqanizmin ümumi sağlamlığı, idman fəaliyyəti (əgər əvvəldən aktiv olubsa) və təmiz havada gəzintilər hamiləliyin sağlam keçməsinə yardım edir. Qidalanma isə xüsusi önəm daşıyır: gündə 5 dəfə az-az yemək, zülal, vitamin və mineral baxımından zəngin menyu, sağlam yuxu rejimi əsas tövsiyələrdəndir.
Sonda qeyd etmək istəyirəm ki, hamiləliyin sağlam və təhlükəsiz keçməsi üçün həkim tövsiyələrinə əməl etmək, müayinələri vaxtında keçmək və həyat tərzində düzgün yanaşmalar göstərmək vacibdir.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb