Səhiyyə naziri Teymur Musayev Naxçıvanda səfərdə olub
23.05.2024 10:20

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 və Naxçıvan səhiyyəsinin 100 illiyi münasibətilə “Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.

 

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev tədbirdə iştirak etmək üçün Naxçıvana səfər edib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

 

Ardınca Heydər Əliyev Muzeyi ziyarət edilib, Ümummilli Liderin mənalı ömür yolunu, çoxşaxəli fəaliyyətini əks etdirən dəyərli eksponatlarla tanışlıq olub.

 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Uşaq Xəstəxanasının fəaliyyəti ilə maraqlanıb, xəstəxanada yeni yaradılan Təcili Tibbi Yardım Bölməsinə baxıblar. Bildirilib ki, bölmə funksional çarpayılar, xəstəbaşı monitorlar, infuzomatlar, perfuziya aparatı ilə təmin edilib. Burada xəstələrin yaşıl, sarı və qırmızı sahələr üzrə triaj sistemi tətbiq edilir.

 

Sonra Naxçıvanda yeni yaradılan Təcili Tibbi Yardım Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub. Mərkəzdə qurulan müasir sistemlə bağlı məlumat verilib ki, muxtar respublika üzrə fəaliyyət göstərən təcili tibbi yardım avtomobilləri daxili və xarici müşahidə kamerası və GPS sistemi ilə təchiz edilib. Modern texniki və tibbi avadanlıqlarla tam təchiz olunmuş reanimobillər təcili tibbi yardım işinin təşkilində xidmətin keyfiyyətini artıracaq. Mərkəzdə fəaliyyət göstərən “103 Çağrı Mərkəzi”ndə quraşdırılan proqram təminatı vahid koordinasiya mərkəzindən idarəolunmanı təmin edib. Yeni sistem vasitəsilə real vaxt rejimində təcili tibbi yardım avtomobillərinin hərəkətinə onlayn xəritə və canlı video vasitəsilə nəzarət etməyə imkan yaradır.

 

Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının tam avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərən beynəlxalq akkreditasiyalı laboratoriyası ilə tanışlıq zamanı qeyd edilib ki, burada klinik laborator diaqnostikasının bütün sahələri üzrə keyfiyyətli və dəqiq xidmət göstərilir.

 

Sonra xəstəxananın konfrans zalında “Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans öz işinə başlayıb.

 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təqdim etdiyi videoçarxa baxış olub.

 

Konfransın Azərbaycanın müstəqillik və dövlətçilik tarixində müstəsna yeri olan 28 May – Müstəqillik Günü ərəfəsində keçirildiyini deyən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli əlamətdar gün münasibətilə hər kəsi təbrik edib. Qeyd edib ki, Ümummilli Liderimiz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən milli istiqlalımız uğrunda aparılan mübarizəni yüksək qiymətləndirib, müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi uğrunda misilsiz xidmətlər göstərib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub, regionda yeni reallıqlar yaranıb. Azərbaycan Xalq Cümhuriyyətinin mirası olan üçrəngli bayrağımızın Şuşada və işğaldan azad olunmuş digər ərzilərdə dalğalanmasının qürurunu yaşayırıq. Qarabağda geniş quruculuq işləri gedir.

 

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq görülən işlər barədə məlumat verən səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, icrası davam etdirilən 11 prioritet istiqamətdən biri də səhiyyənin müasir inkişafının təmin olunmasıdır. Hazırda Naxçıvan səhiyyəsinin maddi-texniki bazasının və kadr potensialının təkmilləşdirilməsi ilə bağlı mühüm layihələr icra olunur, innovativ yeniliklərə əsaslanan rəqəmsal səhiyyə sistemi qurulur. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Naxçıvanın səhiyyə sistemində özünəməxsus rol oynadığını bildirən Fuad Nəcəfli vurğulayıb ki, sözügedən Dövlət Proqramına uyğun olaraq fakültə üçün əlavə kampus inşa olunacaq.

 

Səlahiyyətli nümayəndə ötən qısa dövrdə muxtar respublikada aparılan səhiyyə islahatları barədə məlumat verib, bu işlərin təşkilində dəstəyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, eləcə də əməyi olan hər kəsə təşəkkür edib, konfransın işinə uğurlar arzulayıb.

 

Xəstəxananın Təcili Tibbi Yardım Şöbəsində aparılan yenidənqurma işləri barədə məlumat verilib ki, xidmət xəstələrin vəziyyətinə görə təcili yardımın müvafiq 3 sahəsinə uyğun təşkil edilib və uyğun tibbi avadanlıqlarla təchiz olunub. Həmçinin xəstəxanada müxtəlif tibbi profilli təlimlərin keçirilməsi məqsədilə 60 və 15 nəfərlik olmaqlamüasir təchizatlı 11 təlim-treninq otağı yaradılıb. Treninq otaqlarına şəhid olmuş tibb işçilərinin adları verilib.

 

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev konfrans iştirakçılarını müstəqil və suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadə edib. Nazir diqqətə çatdırıb ki, son illər muxtar respublikada institusional və qanunvericilik baxımından mühüm islahatlar həyata keçirilir. Bu islahatlar səhiyyə sistemində də özünü effektiv şəkildə göstərir, yeni tibb müəssisələri istifadəyə verilir, mövcud tibbi resurslar yenilənir, müasir texnologiyalar tətbiq edilir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində göstərilən xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin artırılması, ixtisaslı kadrların yetişdirilməsi, özəl səhiyyə müəssisələrinin yaradılması kimi mühüm məsələlərin yer alması bu sahədə fəaliyyətin daha təkmil, müasir və etibarlı təşkilinə zəmin yaradacaq. Nazir qeyd edib ki, Azərbaycanda tibbi islahatlar 3 əsas istiqamət üzrə – səhiyyədə çalışan insan kapitalının formalaşması, səhiyyənin rəqəmsallaşması və yeni səhiyyə iqtisadiyyatı, yəni səhiyyənin maliyyələşməsində yeni mexanizmlər yönündə aparılır. Sevindirici haldır ki, son illər Naxçıvan Muxtar Respublikasında bu istiqamətlərdə əsaslı işlər görülüb. Xüsusilə tibbi təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır. Bütün bunlar Naxçıvanın yaxın gələcəkdə regional tibbi təhsil və tədqiqat mərkəzi kimi formalaşmasına xidmət edəcək.

 

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov Naxçıvanda fəaliyyət göstərən tibbi personal adından bu sahədə həyata keçirilən islahatları dəstəklədiklərinə görə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə və Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevə təşəkkür edib.

 

Samiq Sadıxov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq son illər muxtar respublikada kompleks səhiyyə islahatları aparılır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilmiş tibb müəssisələrinin siyahısında Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən 11 tibb müəssisəsi də yer alır. Muxtar respublikada əhali pulsuz tibbi prosedurlarla və müvafiq dərman vasitələri ilə təmin edilib. Həkim və tibb bacılarının peşəkarlığının artırılması üçün Türkiyənin Hacettepe və Qazi Universitetlərinin xəstəxanaları ilə əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Razılaşmaya əsasən 80-ə yaxın tibb işçisi sözügedən universitetlərdə təlim və təcrübələrdə iştirak edib. Bu proses mərhələli şəkildə davam etdiriləcək. Bundan başqa, tibbi personalın əməkhaqqı əhəmiyyətli şəkildə artıb, həkimlər üçün əlavə stimullar tətbiq olunur. Bütün bunların nəticəsidir ki, ölkəmizin digər bölgələrindən də rezidentlər Naxçıvanın tibb müəssisələrini seçirlər.

 

Konfransda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təqdim etdiyi “Ümid əllərdə” videoçarxına baxış olub.

 

“Naxçıvan Muxtar Respublikası Həkimlər Assosiasiyası” İctimai Birliyinin sədri İsa Abdullayev klinik tibbi bazaların Naxçıvan Muxtar Respublikası üzrə fəaliyyəti barədə məlumat verib, ona Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin diplomu təqdim olunub.

 

Sonda Səhiyyə sisteminin elektron idarəediməsi və “103 Çağrı Mərkəzi”nin proqram təminatları, Təcili Tibbi Yardım xidmətində videotelematik sistemin tətbiqi və e-səhiyyə sisteminin təqdimatları olub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim briqadası tərəfindən Laçında kardioloji müayinələr keçirilib
Lənkəranda bir qrup tibb işçisi peşə bayramları münasibətilə təltif edilib
Tibb işçilərinin dayanıqlı və “yaşıl” səhiyyə naminə həmrəy peşə bayramı
17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Süni intellekt və tibbi transhumanizm: Diaqnoz, müalicə və proqnozlaşdırma sahəsində irəliləyişlər
 Azərbaycan tibb elminə ağır itki üz verib   
“Həkimlərimizi tanıyaq!” rubrikası peşəkar təbiblərimizi tanıtmaqda davam edir!
Suraxani Tibb Mərkəzinin otorinolarinqoloqu Zərifə Məmmədova - Həkimlərimizi tanıyaq!
Gənc həkim Göyçay Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb
Uşaqların sağlamlığının keşiyində duran mehriban və diqqətcil pediatr - Nigar Mirzəyeva
Qan vermək insanlarda ürək-damar sisteminin fəaliyyətini normallaşdırır - MÜSAHİBƏ
Vətən müharibəsi şəhidinin yenidoğulan qardaşı sağalaraq evə buraxılıb
Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə bir qrup tibb işçisi təltif edilib
Xətai Tibb Mərkəzinin mama-ginekoloqu Şərifə Musayeva - Həkimlərimizi tanıyaq!
 Tibb Universitetində təhsil alan türkman tələbələr Multikulturalizm Mərkəzində olublar